Məhkəmə qərarları › İş №2-1(112)-675/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-675/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-675/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi “tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş və hal-hazırda sökülmüş vəziyyətdə olan 12 kv.m sahəsini təşkil edən təsərrüfat tikilinin dəyərini, yəni 18696 (on səkkiz min altı yüz doxsan altı) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 18726 (on səkkiz min yeddi yüz iyirmi altı) manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzilin yanında 2000-ci ildə Xətai rayon Bələdiyyəsi tərəfindən 2 sot torpaq sahəsinin sənədləşdirilməsinə Çernobıl əlilliyi əsasında icazə həyat yoldaşı X1 verilmişdir. Qeyd olunan torpaq sahəsində Xətai rayon İcra Hakimiyyəti Başçısı tərəfindən uzun müddət istifadəsində olan 12 kv.m təsərrüfat otağın onun adına sənədləşdirilməsinə dair 476 saylı 28.12.2011-ci il tarixli sərəncam verilmişdir. O, texniki pasportu əldə edəndən sonra çıxarışı almaq məqsədilə uzun müddət ərzində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə dəfələrlə bu haqda müraciət etsə də, müxtəlif maneələr səbəbindən həmin təsərrüfat otağına dair çıxarış ala bilməmişdir. Sözügedən tikili 28.07.2009-cu ildə "xxxx" MMC tərəfindən Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid tikililərin qiymətləndirilməsi və istifadəsində olan torpaq sahələrinin inventarizasiyası aparılmış və həmin obyektin dəyəri 18696 (on səkkiz min altı yüz doxsan altı) manat müəyyən olunmuşdur. Xətai MKTB-nin 75 saylı Mənzil İstismar Kontoru tərəfindən 2016-cı ildə isə onun faktiki sahibliyində olan həmin sahə dağıdılmağa başlanmışdır. Dəfələrlə onların bu özbaşınalığının qarşısını almaq üçün 75 saylı Mənzil İstismar Kontorunun məsul şəxslərinə, Xətai rayon İcra Hakimiyyətinə, eləcə də Xətai rayonunun həmin sahə üzrə polis bölmələrinə müraciət etməsinə baxmayaraq, bütün cəhdləri nəticəsiz qalmış və həmin sahədə dağıntı işləri hal-hazırda da aparılmaqda davam edir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 14.08.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2016-ci ildə Q.Nəbi küçəsi 12 saylı yaşayış binasının həyətində abadlıq-quruculuq işləri aparılmış, sakinlər tərəfindən vaxtilə qanunsuz çəpərlənmiş baxımsız bağ sahələrində sanitar təmizlik işləri görülmüş və ərazidə səliqə-səhman yaradılmışdır və yaşayış binasının məhəllədaxili ərazisində iddiaçının istifadəsində olan və metal-torla çəpərlənmiş bağ sahəsində söküntü işləri aparılmamışdır. Dövlət qurumu tərəfindən göndərilən məlumatlar həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən İddiaçı ünvanlanmış 14.08.2019-cu il tarixli məktubun surətində qeyd edilir: Sizin, Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş ərəzəyə baxılmışdır. Müraciətdə, ünvan 5 ünvanında binanın yaxınlığında istifadənizdə olan bağ sahəsinin, təsərrüfat otağının söküldüyünü və əmlakın yararsız vəziyyətə salındığını bildirərək tədbirlərin görülməsini xahiş edirsiniz. Bildiririk ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2016-cı ildə Xətai rayonu 261 saylı orta məktəbin əsaslı təmirindən sonra və yeni tədris ilinin başlanılması ərəfəsində açılışı ilə əlaqədar rayonun Q.Nəbi küçəsi 12 saylı yaşayış binasının həyətində abadlıq-quruculuq işləri aparılmış, sakinlər tərəfindən vaxtilə qanunsuz çəpərlənmiş baxımsız bağ sahələrində sanitartəmizlik işləri görülmüş və ərazidə səliqə-səhman yaradılmışdır. Nəzərinizə çatdırırq ki, yaşayış binasının məhəllədaxili ərazisində istifadənizdə olan və metal-torla çəpərlənmiş bağ sahəsində söküntü işləri aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 19.01.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Cavabdeh başçısının 28.12.2011-ci il tarixli 476 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Qaçaq Nəbi küçəsində, 12 saylı binanın yaxınlığında cizgidə göstərilən ərazidə təqdim etdiyi layihə əsasında tikdiyi mövcud sahəsi 12 kv.m təsərrüfat otağının İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Brliyi tərəfindən məhkəməyə ünvanlanmış 07.04.2021-ci il tarixli 226/d saylı məktubdan görünür ki, Qaçaq Nəbi küçəsi 12 saylı binanın yaxınlığında hər hansı təsərrüfat otağı (avadanlıq və ya əşya) mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçı ünvan 1 ünvanında yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş və sahəsi 12 kv.m olan təsərrüfat tikilisinin söküldüyünü, nəticədə ona 18696 manat məbləğində maddi zərər dəydiyini bildirmiş və hazırda dəymiş zərərin əvəzinin cavabdeh tərəfindən onlara ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin vurulduğunu bildirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 18696 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manatın da cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Lakin iddiaçı 30 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sübutu (qəbz, çek və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda hazırki iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar