Məhkəmə qərarları › İş №2-1(112)-675/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-675/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-675/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "birdəfəlik ödəmənin verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək hazırkı inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X9 1969-cu ildə anadan olmuş, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Füzuli Hərbi Polis Şöbəsində həqiqi xidmət keçmişdir. Xidməti vəzifələrinin icrası zamanı aldığı yaralar səbəbindən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz budun aşağı 1/3-ni deşib keçən, bud sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan güllə yarası olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisinin xx.xx.1995-ci il tarixli 3/5-7273 nömrəli Sərəncamına əsasən Müşviq Yusifov hərbi xidmətə yararsız olduğuna görə Silahlı Qüvvələrdən təxris edilmişdir. 1997-ci ildə mərhum Müşviq Yusifova əlilliyi təsdiq edən vəsiqə verilmişdir. İddiaçının atası xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. 2023cü ilin oktyabr ayında iddiaçı birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, M.Yusifovun əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat aşkar edilməmişdir. X3 aldığı xəsarətlə əlaqədar olaraq əlilliyi müəyyən olunmadığı üçün sözügedən Fərmanın müddəaları ona şamil edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1997-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 290510 nömrəli öüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.1997-ci ildə ölmüşdür. AZ-İ seriyalı, 434300 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən X2 Nurlanə Müşviq qızının atası hesab edilmişdir. Xocavənd rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 300099 nömrəli vəsiqədən görünür ki, X5 Azərbaycan Respublikasının müdafiəsinə görə 2-ci dərəcəli əlillik təyin edilmişdir. X1 təyin edilən əlilliyin səbəbi və dərəcəsi qrafasında “Azərbaycanın müdafiəsi zamanı, İİ dərəcəli əlillik” qeyd edilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli, 815 nömrəli məktubunda göstərilmişdir ki, mərhum X3 xx.xx.1997-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olması və vəfat etməsi barədə X15 saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli, 6029 saylı arayışında göstərilmişdir ki, mərhum X9 xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: budun aşağı 1/3-ni deşib keçən, bud sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan güllə yarası. AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, M.Yusifova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin, əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 19 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona ona birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1513 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur: 1.1.1 dərəcə əlilliyə görə - 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə - 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə - 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1-1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X3 qızıdır. X10 xx.xx.1997-ci ildə ölmüşdür. İddiaçı atasına Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı əlillik təyin edilməsinə əsaslanaraq ona qanunvericiliklə müəyyən edilmiş birdəfəlik ödənişin verilməsini xahiş edir. Cavabdeh isə əlillik alt sistemində X6 əlillik təyin edilməsi ilə bağlı məlumat olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş əlillik vəsiqəsinə əsasən X6 1994cü ildən 1996-cı ilədək ikinci dərəcəli əlillik təyin edildiyi müəyyən edilir. Belə olan halda X6 təyin edilmiş əllik dərəcəsinin şübhə altına alınması üçün hər hansı əsas görünmür. İPM-də göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2.). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Göründüyü kimi cavabdeh iddiaçıya birdəfəlik ödənişin verilməsini istisna edən konkret hallara əsaslanmış, yəni iddiaçıya X6 əllik dərəcəsinin təyin edilməsini şübhə altına almışdır. Lakin, cavabdeh istinad etdiyi həmin halları sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “əlillik” alt sistemi X6 əlillik təyin edildiyi dövrdə mövcud olmadığından, təyin edilmiş əlilliyin sistemə daxil edilməməsinin texniki səhv nəticəsində baş verməsi də inkar edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli iddiaçıya “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halla bağlı birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halla bağlı birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar