Məhkəmə qərarları › İş №2-1(112)-6751/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6751/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6751/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) «obyektin bərpa edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) «obyektin bərpa edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yenidən bərpa edilməsi vəzifəsinin, 20000 (iyirmi min) manat kompensaisyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-553/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə daxil olduqdan sonra məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əsl cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi qərara alınmışdır. Həmçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yüngül konstruksiya formasında yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi dövlət reyestrində qeyd edilməklə çıxarışa əsasən mənim xüsusi mülkiyyətimdədir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 79.2 kv.m-dir. Qeyri-yaşayış sahəsinin qabağında hər biri 9 kv.m olmaqla ümumi 18 kv.m əlavə tikili vardır. Həmin tikili texniki pasportda öz əksini tapmışdır. 2020-ci ilin iyun ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin rayon ərazisindəki “Məlhəm" Beynəlxalq Hospitalının açılışına gəlməyini bəhanə edərək qeyriyaşayış sahəsinin giriş hissəsinin 18 kv.m hissəsini sökmüş. Prezidentin gedişindən sonra bərpa edəcəklərini bildirsələr də bu günə qədər müxtəlif bəhanələrlə verilən vədi yerinə yetirməmişlər. Artırılmış hissənin sökülməsi iddiaçıya xeyli ziyan vurmuşdur. Ona görə də, cavabdeh orqana yazılı müraciət olunmuş, tikilinin bərpa edilməsi, kompensasiyanın ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh müraciətini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin 18,0 m2 giriş hissəsinin sökülməsi və dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 2/7775-21 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli VM-01-PA/İ-11/4-2021-00757 nömrəli müraciətlərə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, göstərilən ünvandakı qeyri-yaşayış sahəsinin giriş hissəsində uzun müddət öncə qeyriqanuni inşa edilmiş artırma rayonun aidiyyəti qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində 2020-ci ilin əvvəllərində sökülərək binanın fasadı ilkin vəziyyətinə qaytarılmışdır. Göstərilənlərlə bağlı İddiaçı daxil olmuş müraciətləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli XO-02-04-1-11-2021- 00833 nömrəli və xx.xx.2021-ci il tarixli, XO-02-04-1-11/4-2021-01741 nömrəli məktublarla baxılmaq üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə göndərilmiş və bu barədə müraciət edən şəxsə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixli məktubda hüquqmüəyyənedici və texniki sənədlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edildikdən sonra sözügedən məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən baxıla biləcəyi qeyd edilmişdir. Məlum olduğu kimi, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı yarımbəndinə əsasən respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq vəzifələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəl Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarfnm 1.2-ci yarımbəndinə əsasən dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1960-cı il təvəllüdlü İddiaçı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019cu il qeydiyyat tarixli çıxarışın surəti. - ünvan 2 ünvanda yerlşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixdə tərtib olunmuş Texniki Pasportun surəti. - Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış mübahisəli qeyri-yaşayış sahəsinin eskiz layihəsinə əsasən yenidən qurulması ilə bağlı müraciətlərini aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məktubuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubda mövcud qanunvericiliyin, habelə şəhərsalma və tikintiyə dair normaların tələblərinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 79 saylı yaşayış binasının yarımzirzəmisində qeyriyaşayış sahəsinin yenidən qurulmasının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilmiş, iddia ərizəsinə etirazda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından daxil olmuş sökülmüş tikinti və dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxıldığı, eyni zamanda müraciətlərin baxılması üçün Bakı şəhəri Nizami Rayon İcra Hakmiyyətinə göndərildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən tikilinin bərpa edilməsi ilə bağlı bir sıra orqanlara, o cümlədən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciətləri olmuşdur. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yüngül konstruksiya formasında yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 79.2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilmiş, iddia ərizəsinə etirazda göstərilmişdir: “Müəyyən edilmişdir ki, göstərilən ünvandakı qeyri-yaşayış sahəsinin giriş hissəsində uzun müddət öncə qeyri-qanuni inşa edilmiş artırma rayonun aidiyyəti qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində 2020-ci ilin əvvəllərində sökülərək binanın fasadı ilkin vəziyyətinə qaytarılmışdır.” İddia ərizəsindən və iş materiallarından görünür ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinə bitişik olan hər biri 9 kv.m olmaqla ümumi 18 kv.m əlavə tikili olmuş və həmin əlavə tikili 2020-ci ilin iyun ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sökülmüşdür. Beləliklə, iş materiallarından müəyyən olunur ki, ünvan 2 ünvanda yerlşən qeyriyaşayış sahəsinin iddiaçıya məxsus olması, həmin obyektin cavabdeh tərəfindən sökülməsi işin mübahisəsiz hallarını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29.1 və 29.2-ci maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndinə əsasən Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan obyektin İddiaçı məxsus olması və həmin obyektin cavabdeh tərəfindən sökülməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yüngül konstruksiya formasında yenidən bərpa edilməsi öhdəliyi cavabdeh Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yüngül konstruksiya formasında yenidən bərpa edilməsi öhdəliyi cavabdeh Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar