Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6752/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı “Məhsul” Kooperativinin nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı “Məhsul” Kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Məhsul” Kooperativi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ünvanında yerləşən torpaq sahəsinin və əmlakın daşınmaz əmlakın dövlət reyesrində ********** saylı qeydiyyatını və xx.xx.2018-ci il tarixli çıxarışını “Məhsul” Kooperativinə məxsus 0,0564 ha torpaq sahəsi hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 591 saylı sərəncamı ilə Yasamal rayonu Zərdabi prospektində 3165 saylı məhəllədə "Məhsul" Kooperativinə 0,0564 ha torpaq sahəsi ayrılmışdır. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2055/2014 saylı qərarı ilə həmin torpaq sahəsinə dair faktiki yerləşmə yeri üzrə ayrıc aktının verilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsi X3 mülkiyyəti kimi qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin çıxarışla Ehtiram Quliyevin adına rəsmiləşdirilmiş 13475 kv. m. sahənin 564 kv. m. hissəsi "Məhsul" Kooperativinə aiddir. DƏDRX-nin bu hərəkəti və verdiyi çıxarış "Məhsul" Kooperativinin mülkiyyət hüququnu, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını və məhkəmənin qərarını pozmaqla həyata keçirilmişdir. Ona görə də DƏDRX-nin apardığı qeydiyyat və çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixdə ərizə ilə idarəyə müraciət etmiş və **********65 saylı, 15.01,2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru ilə təsisçi X7 arasında xx.xx.2018-ci il tarixdə tərtib edilmiş Qalıq Əmlakın təsisçiyə çatdırılması barədə Təhvil-təslim aktı, Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********671600 saylı Bildirişi və "xxxx" MMC-nin təsisçilər yiğıncağının qərarı əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda sonuncunun mülkiyyətindədir. Göründüyü kimi, İdarə tərəfindən qanunamüvafiq qaydada qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. İddiaçı “Məhsul” Kooperativinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında təqdim edilmiş etiraza uyğun izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin müvafiq sorğusu əsasında DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********46 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1389 nömrəli və xx.xx.1998-ci il tarixli 1295 nömrəli sərəncamlarına, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 412 nömrəli xx.xx.2009-cu il tarixli sərəncamına, Tikinti- Quraşdırma İşləri Başa X10 Qəbul edilməsi haqqında xx.xx.2010-cu il tarixli Qəbul Komissiyasının aktına, eskiz layihəyə, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 95 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamına, torpaq sahəsinin Ayrıc Aktına, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №319651 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən ilkin olaraq xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Sözügedən əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 311,1 kv. m, ümumi sahəsi 277,6 kv. m olan Liter-A “Xidmət binası” Bakı şəhərinin notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/1-104 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmiş, qalan hissə "xxxx" MMC-nin adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.7936 ha torpaq sahəsi xx.xx.2012- ci il tarixli 3973 nömrəli fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən vahid daşınmaz əmlak kimi xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Sözügedən əmlak kompleksi kimi müəssisədə inşa edilmiş əlavə sahələr tikinti - quraşdırma işləri başa X10 qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2014-cü il tarixli aktına, razılaşdırılmış eskiz layihəyə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx"MMC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X11 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********671600 nömrəli Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında bildirişə, xx.xx.2018-ci il tarixli Qalıq əmlakının təsisçiyə çatdırılması barədə təhvil-təslim aktına, "xxxx" MMC təsisçilər yığıncağının xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Hazırda iddiaçı X3 adına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ünvanında yerləşən torpaq sahəsinin və əmlakın daşınmaz əmlakın dövlət reyesrində ********** saylı qeydiyyatını və xx.xx.2018-ci il tarixli çıxarışını “Məhsul” Kooperativinə məxsus 0,0564 ha torpaq sahəsi hissəsində ləğv edilməsi tələbini irəli sürmüşdür. İşin araşdırılan hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi ilkin olaraq xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmış, daha sonra isə həmin cəmiyyətə məxsus olan əmlaklar (qalıq əmlak), o cümlədən mübahisələndirilən torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin X5 adına qeydiyyata alınmamışdan əvvəl "xxxx"MMC-nin adına qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1389 nömrəli və xx.xx.1998-ci il tarixli 1295 nömrəli sərəncamı, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 412 nömrəli xx.xx.2009-cu il tarixli sərəncamı, Tikinti- Quraşdırma İşləri Başa X10 Qəbul edilməsi haqqında xx.xx.2010-cu il tarixli Qəbul Komissiyasının aktı, eskiz layihəyə, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 95 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamı, torpaq sahəsinin Ayrıc Aktı, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 319651 nömrəli torpaq sahəsinin planı və ölçüsü) geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə iddianın predmetinin və ya əsasının dəyişdirilməsi nəzərdə tutulduğundan və hazırki işdə qeyd olunan hüququn həyata keçirilməsi mümkün olmadığından, məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım göstərilməklə, müstəqil qaydada müvafiq cavabdehlərə qarşı yeni iddia qaldırmaq hüququ izah olunmuşdur. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı “Məhsul” Kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6752/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6752/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver