Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6757/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, cvabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «yaşayış yeri üzrə mənzil növbəsinə götürülmə» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «yaşayış yeri üzrə mənzil növbəsinə götürülmə» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının mərhum qardaşı X10 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üzrə döyüşlər zamanı (Fizuli rayonunda) şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müharibə əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində məlum fərman və sərəncamlar qəbul etmişdir. Bununla əlaqədar iddiaçının ailəsi 1998-ci ildən dəfələrlə müraciət etsə də, nəhayət 27 iyun 2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti onun mərhum anası X4 şəhid ailəsi kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürmüşdür. Tamilla İsmayılova 22 noyabr 2019-cu il tarixdə vəfat ermişdir. Bundan sonra iddiaçı şəhid ailəsinin üzvü kimi digər ailə üzvlərinin razılığı əsasında mənzil növbəsinin öz adına dəyişdirilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə və İPMin 14.3, 68, 69, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 27 iyun 2019-cu il tarixli 117 saylı sərəncamın iddiaçının adına keçirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin özünün üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış 14 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, mənzil məsələsi barədə ərizənizə baxılmışdır. X2 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 27 iyun 2019-cu il tarixli 117 saylı sərəncamına əsasən şəhid ailəsi kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmışdır. X1 vəfatı ilə əlaqədar adında olan mənzil növbəsinin Sizin adınıza keçirilməsi nəzərdə tutulmadığından, məsələnin həlli imkan xaricindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: (2.1.1) arvadı (əri), (2.1.2) valideynləri, (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar, (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa, (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Məhkəmə qeyd edir ki, mövcud qanunvercilik normaları inzibati orqanlar tərəfindən inzibati icraatın tam və hərtərəfli aparılmasını, habelə icraatda maraqlı şəxslərin xeyrinə olan halların araşdırılıb nəzərə alınmasından imtina edilməsinin yolverilməzliyini nəzərdə tutur. Bundan başqa, inzibati orqan qanunla onun səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Hazırkı işin hallarına görə İddiaçı Akif oğlunun müraciəti üzrə cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən aparılmış icraatda qaldırılan məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, eləcə də məsələ ilə bağlı inzibati orqan kimi qurumun hansı səlahiyyətlərinin olub-olmadığı nəzərdən keçirilməmiş, habelə marağına toxunulan digər şəxslərin inzibati icraara cəlbi və dinlənilməsi ilə bağlı tədbir görülməmişdir. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçının müraciəti üzrə icraat sadalanan xüsusatıarın araşdırılmaqla və lazımi təbdirlər görülməklə başa çatdırılmalı və yekun qərar qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri Xətai RİH-in 27 iyun 2019-cu il tarixli 117 saylı sərəncamının onun adına keçirilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 73.2, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Xətai RİH-in 27 iyun 2019-cu il tarixli 117 saylı sərəncamının onun adına keçirilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6757/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6757/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver