Məhkəmə qərarları › İş №2-1(112)-676/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-676/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-676/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X6, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X12 vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “şəhadətnamələrin (şəhadətnamələrin koordinatlarının) ləğv edilməsi və iddiaçıya ayrılmış sahədən çıxarılması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) İcra Hakimiyyəti tərəfindən 25.11.1999-cu il 1112 nömrəli sərəncama əsasən torpaq sahəsində yaranmış nöqsanları, maneələri və JN-3385, JN-28627 saylı şəhadətnamələri elektron katastr məlumatlarına əsasən üst-üstə düşdüyünə görə ləğv edilməsi tələbi ilə Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) İcra Hakimiyyəti tərəfindən 25.11.1999-cu il 1112 nömrəli sərəncama əsasən İddiaçı oğluna 96 saylı sahədə 750 kv.m. torpaq sahəsi ayrılmışdır. Cavabdeh qurum tərəfindən bildirilmişdir ki, həmin torpaq sahəsi JN-3385, JN-28627 saylı şəhadətnamələrlə üstüstə düşür.

3. İddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 96 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı müraciətinə daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi JN-3385, JN-28627 saylı şəhadətnamələrlə üst-üstə düşür və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin bildirilmişdir ki, əlavə 263,0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

4. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999cu il tarixli 1112 saylı sərəncamı ilə İddiaçı adına 96 saylı 750 kv.m. torpaq sahəsi ayrılmışdır.

5. Məhkəmənin sorğusuna cavab olaraq “Azəriqaz” İB tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 96 saylı sahədə İddiaçı məxsus torpaq sahəsindən qaz xətləri və qurğuları mövcud deyil, həmçinin həmin sahə qaz xətlərinin mühafizə zonasında yerləşmir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi aydın olmadığından iddiaya yazılı münasibət bildirmək mümkün deyildir. Eyni zamanda, iddia ərizəsində qeyd olunanlarla bağlı bildirilmişdir ki, iddiaçı 31.10.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., 96 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi JN-3385, JN-28627 saylı şəhadətnamələrlə üst-üstə düşür və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçini ,əlavə 263.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış bu barədə iddiaçıya **********86 və **********73 saylı məktublar ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş JN-28627 saylı şəhadətnamənin baza məlumatlarına əsasən istifadəçi X18, JN-3385 saylı şəhadətnamənin baza məlumatlarına əsasən isə istifadəçi X13 qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır.

7. Məhkəmənin hazırki iş üzrə 18.06.2021-ci il tarixli qərardadı ilə X13 və X18 İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Qeyd edilən üçüncü şəxslərin hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakı zəruri cəlbetmə qaydasında nəzərə alınmalıdır.

8. Məhkəmənin hazırki iş üzrə 27.07.2021-ci il tarixli qərardadı ilə X7 məhkəmə icraatına cəlbetmə barədə vəsatəti təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, X14 tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, sonuncu ona məxsus torpağı X4 16.02.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satın almış, lakin təqdim edilən çıxarış və alqı-satqı müqaviləsində satılan torpaq sahəsinin koordinatlar üzrə JN-3385 saylı şəhadətnaməyə əsasən olduğu, eləcə də Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999-cu il tarixli 1112 saylı sərəncamı ilə İddiaçı adına ayrılmış 96 saylı 750 kv.m. torpaq sahəsi ilə üstüstə düşməsi hazırda müəyyən olunmur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mütəxəssis rəyinə əsasən Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999-cu il tarixli 1112 saylı sərəncamı ilə İddiaçı adına ayrılmış 96 saylı 750 kv.m. torpaq sahəsi koordinatlar üzrə yerləşmə sxemi üzrə hər hansı digər şəxs(lər)ə məxsus hüquqmüəyyenidici sənədlə üst-üstə düşdüyü müəyyən edildiyi təqdirdə, həmin şəxs(lər)in məhkəmənin təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi mümkündür.

9. Məhkəmənin hazırki iş üzrə 18.06.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayon icra hakimiyyəti başçısının 25 noyabr 1999-cu il tarixli 1112 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi 96 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 750 kv.m. torpaq sahəsinin (bunda sonra – torpaq sahəsi) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunsun; - Koordinatlar üzrə yerləşmə sxemi üzrə Torpaq sahəsi JN-3385 və JN-28627 saylı şəhadətnamələrlə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi və ya dəqiqləşdirilməsi mümkündürmü?; - Koordinatlar üzrə yerləşmə sxemi üzrə Torpaq sahəsi hər hansı digər şəxsə məxsus hüquqmüəyyenidici sənədlə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi və ya dəqiqləşdirilməsi mümkündürmü?; - Torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq kateqoriyası barədə (kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları); - Torpaq sahəsi üzərində hüququn forması (dövlət, bələdiyyə və xüsusi mülkiyyət) və Torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmə (məhdudiyyətlər) barədə;

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş 27.10.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi"nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən: -Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999-cu il tarixli 1112 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi 96 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 750 kv.m torpaq sahəsinin sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı (hər hansı istinad nöqtəsindən məsafəsi göstərilən sxem və ya eskiz və sair texniki sənədin) təqdim edilməməsi səbəbindən İddiaçı Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999-cu il tarixli 1112 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin sərəncama əsasən naturada yerini müəyyən etmək mümkün olmamışdır (bunda sonra torpaq sahəsi). -İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ərazinin naturada müəyyən edilmiş koordinarları ilə JN-3385 və JN-28627 saylı şəhadətnamələrin elektron bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür (sxem əlavə edilmişdir). -Mübahisələndirilən ərazinin naturada müəyyən edilmiş koordinarlar üzrə yerləşən torpaq sahəsinin 0,12 hektarı JN-3385 nömrəli şəhadətnaməyə əsasən X8, 0,06 hektarı isə JN-28627 nömrəli şəhadətnaməyə əsasən X12 mülkiyyətlərində olan hüquqmüəyyənedici sənədlərlə üst-üstə düşür (sxem əlavə edilmişdir). Həmin koordinatların dəyişdirilməsi mümkün deyil və əlavə edilmiş sxemdə qeyd edilən koordinarların naturaya köçürülməsi mümkündür. -Mübahisələndirilən ərazinin naturada koordinarları müəyyən edilmiş torpaq sahəsi məqsədli təyinatına götə yaşayış məntəqəsi torpağıdır. -Mübahisələndirilən naturada müəyyən edilmiş koordinarlar üzrə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət olmaqla JN-3385 nömrəli şəhadətnaməyə əsasən X8, JN-28627 nömrəli şəhadətnaməyə əsasən isə X12 adına hüquqmüəyyənedici sənədlərlə yüklüdür.

11. İddiaçı tərəfindən məhkəməyə X18 tərəfindən Xəzər rayon məhkəməsinə ünvanlanmış ərizə təqdim edilmişdir. Həmin ərizədə bildirilir ki, İddiaçı Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən 25 noyabr 1999-cu il tarixli 1112 nömrəli sərəncamına əsasən 750 kv.m. ayrılmış torpaq sahəsi onun evinin sağ tərəfində yerləşir, onun həyəti ilə arasında daş hasar var, ona heç bir aidiyyəti yoxdur. Məhkəməyə təqdim olunmuş ekspertiza rəyində göstərilmiş JN-28627 nömrəli torpağın mülkiyyətə verilmiş şəhadətnamə əsasında qonşu İddiaçı torpaq sahəsinin üstünə düşdüyünə görə həmin ərazidən ləğv olunmasını xahiş edir.

12. Məhkəmənin hazırki iş üzrə 18.02.2022-ci il tarixli qərardadına əsasən iddiaçının ərizəsi əsasında iddia tələbinin Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 25 noyabr 1999-cu il tarixli, 1112 nömrəli sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində 96 saylı sahədə yerləşən İddiaçı ayrılmış 750 kv.m torpaq sahəsinə münasibətdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən səhv işlənmiş JN-3385 və JN-28627 saylı şəhadətnamələrin (həmin şəhadətnamələrin koordinatların) ləğv edilməsi (İddiaçı ayrılmış sahədən çıxarılmasına) öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999-cu il tarixli, 1112 N-li Sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində 96 saylı sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Torpaq sahəsinə dair cizgi və xəritədən çıxarış da rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Lakin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı zamanı məlum olmuşdur ki, JN-3385 saylı (X13) və JN-28627 saylı (X18) şəhadətnamələrdə göstərilən torpaq sahələrinin kordinatları səhv olaraq iddiaçıya ayrılmış və onun istifadəsində olan torpaq sahəsinə işlənmişdir. Bu səbəbdən həmin kordinatlar iddiaçıya münasibətdə ləğv edilməlidir.

14. İddiaçı iddia tələbini Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999-cu il tarixli, 1112 N-li Sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində 96 saylı sahədə yerləşən İddiaçı ayrılmış 750 kv.m torpaq sahəsinə münasibətdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən səhv işlənmiş JN-3385 və JN-28627 saylı şəhadətnamələrin (həmin şəhadətnamələrin koordinatlarının) ləğv edilməsinə (İddiaçı ayrılmış sahədən çıxarılmasına) dair qərar qəbul edilməsi kimi dəqiqləşdirmiş, iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 5.1-ci bəndinə əsasən, xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31.1.4-cü yarımbəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqan qismində nəzərə alınmışdır.

15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

16. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

17. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X12 vəkili X14 iddia tələbinin təmin edilməməsini xahiş etdi. X12 adından məhkəməyə təqdim edilmiş ərizəni müdafiə etmədiyini bildirdi.

II. İddianın növü və mümkünlüyü

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

19. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

22. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

24. Məhkəmə qeyd edir ki, məhz JN-3385 və JN-28627 saylı şəhadətnamələrin (həmin şəhadətnamələrin koordinatların) ləğv edilməsinə dair cavabdeh quruma müraciətin olmaması hazırki situasiyada iddianın mümkünsüzlüyü əsası kimi çıxış edə bilməz. Belə ki, istənilən halda, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməli olduğundan müraciət olduğu təqdirdə həmin şəhadətnamələrin ləğvi cavabdeh qurum tərəfindən həyata keçirilə bilməz.

25. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

26. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X15rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

27. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).

28. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

29. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 25.11.1999-cu il tarixli 1112 saylı sərəncamı ilə İddiaçı adına 96 saylı 750 kv.m. torpaq sahəsi ayrılmışdır.

30. Əzizbəyov (hazırda Xəzər) rayon icra hakimiyyəti başçısının 22.02.1994-cü il tarixli 128 nömrəli sərəncamı ilə M-1211№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi X9 ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin X8 mülkiyyətinə verilməsinə dair JN-3385H KOD-00300016 saylı şəhadətnamə tərtib olunmuşdur.

31. Həmin torpaq sahəsinin 0,06 ha hissəsi X13 və X18 arasında bağlanmış 17.02.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, X2. Qeyd edilən torpaq sahəsinin X12 mülkiyyətinə verilməsinə dair JN-28627H KOD-00300016 saylı şəhadətnamə tərtib olunmuşdur.

32. X13 ilə X14 arasında bağlanmış 16.02.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X1. Həmin torpaq sahəsinin JN-3385H saylı şəhadətnaməyə əsasən X9 məxsus 0,12 ha torpaq sahəsinin qalan 0,06 ha hissəsi olduğu müəyyən edilmir.

33. İş materiallarında olan Xəzər rayon məhkəməsinin 18.03.2019-cu il tarixli qətnaməsinə (iş nömrə 2(003)-101/2019) əsasən, İddiaçı cavabdeh X5 qarşı "torpaq sahəsindən cavabdehin çıxarılması, inşa etdirdiyi hasarın onun hesabına sökülməsi, torpaq sahəsinin qanuni sahibliyinə qaytarması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnaməyə əsasən müəyyən olunur: ... Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 22 fevral 1994-cü il tarixdə verilmiş 128/1 saylı sərəncamın və JN-3386H KOD-00300016 saylı şəhadətnamənin surətindən görünür ki, X11 Mərdəkan qəsəbəsində M-1210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqısatqı Müqaviləsinin surətindən görünür ki, X17 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini X3 mülkiyyətinə vermişdir...

34. İş materiallarından görünür ki, JN-3385H saylı və JN-3386H saylı şəhadətnamələrə əsasən torpaq sahələri bitişik yerləşir.

35. X21 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

36. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

37. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

38. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.

39. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

40. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

41. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.

42. Azərbaycan Respubliaksının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

43. Beləliklə məhkəmə müəyyən edir ki, JN-3385H saylı və JN-28627H saylı şəhadətnaməyə əsasən hüquqlar iddiaçıdan daha əvvəl - Əzizbəyov (hazırda Xəzər) rayon icra hakimiyyəti başçısının 22.02.1994-cü il tarixli sərəncamı ilə yaranmış, hüquqlar müvafiq qaydada qeydə alınmış və həmin koordinatların dəyişdirilməsi mümkün deyildir.

44. Beləliklə, məhkəmə qeyd edir ki, qeyd edilən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi və həqiqi hüquqi vəziyyətə uyğun olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edilmədi.

45. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

46. Bununla belə, iddiaçı ona ayrılmış sahəni dəqiq təsvir edən notarial qaydada təsdiq olunmuş cizgi və xəritədən çıxarışın surətini məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin cizgidə İddiaçı ayrılmış sahənin “Kəndimiz” adlanan restorandan 400 metr məsafədə yerləşən döngənin 42 metrliyində yerləşməsi qeyd olunur. Cizgiyə uyğun xəritədən çıxarışda iddiaçının torpaq sahəsinin yerləşməsi dəqiq təsvir edilir. Torpaq sahəsinin dəqiq ölçüləri də qeyd olunub, küçə tərəfdən eni 21,9 metr, yan tərəfdən uzunluğu 34,4 metr təşkil edir. Lakin həmin cizgi torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması üçün inzibati orqana təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı Mərdəkan qəsəbəsində Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 25.11.1999-cu il tarixli 1112 saylı sərəncamı ilə ona ayrılmış 96 saylı sahənin cizgisi və xəritədən çıxarışını qeydiyyat orqanına təqdim etməklə torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməkdə haqlıdır.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar