Məhkəmə qərarları › İş №2-1(112)-6760/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6760/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6760/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmə və mənzil kirayə xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) 2021-ci il tarixdən başlayaraq dəfələrlə, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müracit edərək, mənzil mənzil növbəsinə götürülməsi və mənzil kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və məktubda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 12 sayli Şəki ərazi idarəsi üzrə 7 iyun 2021-ci il tarixli 5068 saylı arayışa əsasən X3 adına olan digər torpaq sahəsinin, yəni ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cıı il tarixli 03 saylı Qərarına əsasən Şəki rayonu, Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə olan 0.1198 ha həyətyanı torpaq sahəsi olduğu göstərilmiş, iddiaçının həyat yoldaşına ümumbirgə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi həyətyanı torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istefada olan hərbi qulluqçu kimi istefaya buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsinin təmin edilməsi və mənzil və ya fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı iki nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay İddiaçı və onun ailə üzvləri X13 və X1 ödənilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddanın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Azərbaycan Ali Hərbi Məktəbinə kursant kimi daxil olaraq xx.xx.2003-cü il tarixdə oranı bitirmiş, həmin tarixdən xx.xx.2004-cü il tarixə kimi DSX rəisi-SQ komandanın sərəncamında olmuş, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə qədər mənəvi psixoloji hazırlıq üzrə müavin işləmiş, xx.xx.2006-cı il tarixə qədər isə tağım komandiri işləmişdir. Xidmət illəri ərzində ciddi bir xəstəliyə tutulmuş və xx.xx.2006-cı il tarixli əmrlə xəstəliklə əlaqədar (İİ qrup əlildir) istefaya buraxılmışdır. Xidmət dövrü ərzində evlə (mənzillə) təmin edilməmişdir və hazırda 3 nəfər ailə üzvü ilə (həyat yoldaşı və 2 nəfər uşaq) birlikdə ünvan 1 ünvanda yerləşən sahəsi 33 kv.m olan 14 nömrəli mənzildə yaşayır. İddiaçının bununla da “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi almaq hüququ yaranmışdır. Lakin bu hüququnun mövcudluğunu yaxın müddətdə öyrəndiyi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin 29 iyul 2021-ci il tarixli məktubla həyat yoldaşı X4 Şəki rayonu Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə 0.1198 ha torpaq sahəsi məxsus olduğu üçün müraciətdən imtina edilmişdir. İddiaçı həyat yoldaşı ilə xx.xx.2015-ci il tarixdə nikah bağlamışdır, torpaq sahəsi nikahdan əvvəl verildiyi üçün birgə mülkiyyətdə deyildir. Digər tərəfdən müvafiq aktla həmin torpaq sahəsi qayınatasına verilmiş və nəticədə onun 7 nəfər ailə üzvünün də torpağa paylı mülkiyyət hüququ yaranmışdır, bununla da həyat yoldaşına 0.1198 ha deyil, onun 1/8 hissəsi məxsus olmuşdur. Lakin İcra Hakimiyyəti daha əvvəlki cavab məktublarında hesab etmişdir ki, iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə 0,01498 ha torpaq sahəsində fərdi yaşayış evi tikib yaşaya bilər. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, İddiaçı həyat yoldaşı X4 ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarına əsasən Şəki rayonu, Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə 0.1198 ha həyətyanı torpaq sahəsi məxsus olduğu müəyyən olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya göndərilən 03/09-11- 11/K-13/2-068/2-t/1 saylı xx.xx.2021-ci il tarixli məktuba cavab olaraq İddiaçı Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Kiçik Dəhnə kəndindəki nümayəndəsinin həyat yoldaşı Nuruyeva (Kərimova) Sevinc Xudaverdi qızının adına olan torpağın mülkiyyət hüququna dair JN:1441 saylı Dövlət Aktına əsasən 0,35 ha pay torpağın kənd təsərrüfatı təyinatlı olmasını bildirən 473 saylı xx.xx.2021-ci il tarixli arayış təqdim etmişdir. Lakin, qeyd olunan məsələnin müsbət həllinin mümkün olmaması səbəbi iddiaçının həyat yoldaşı X3 adına olan digər torpaq sahəsinin, yəni ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarına əsasən, Şəki rayonu, Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə olan 0.1198 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Belə ki, həyat yoldaşı X4 ümumbirgə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi həyətyanı torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının mənzil növbəsinə götürülməsini və yaşayış sahəsilə təmin olunanadək kirayə haqqının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərara qəbul edilməsini xahiş etdi. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, DSXR-SQ Komandanının xx.xx.2006-cı il tarixli 1302 ş/h saylı əmrinə əsasən tərxis olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 636 nömrəli məktubundan görünür ki, 1982-ci il təvəllüdlü istefada olan baş leytenant İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək AR SQ-da kursant, xx.xx.2003-cu il tarixdən xx.xx.2006-cı il tarixədək AR SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR DSX rəisinin SQK-nın xx.xx.2006-cı il tarixli 1302ş/h saylı əmrinə əsasən “HXH” AR Qanununun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) və N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2006-cı il tarixli əmrinə müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilən 572682 nömrəli arayışdan görünür ki, o, ikinci dərəcə əlildir. Əlilliyin səbəbi kimi xəstəliyin hərbi xidmət dövründə alınması göstərilmiş və əlillik müddətsiz olaraq təyin olunmuşdur. Sənəddə şəxsin əmək qabiliyyətinin olmaması göstərilmişdir. İddiaçı hazırda hərbi qulluqçu kimi onun mənzil uçotuna alınması və mənzillə təmin edilənədək kirayə xərci ilə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. Belə ki, 25 dekabr 1991-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin ilkin redaksiyası aşağıdakı kimi olmuşdur: “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətli xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları göstərilən hərbi qulluqçuların mənzil almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil növbədənkənar verilir.” Qanunun həmin maddəsinin ilk variantında yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahısına yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş) və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətli xidmət hərbi qulluqçularının daxil edilməsi nəzərdə tutulmuşdu. Qanunun ilkin redaksiyasında 12-ci maddəsinin 7-ci hissəsində qeyd edilirdi ki, yaşına, səhhətinə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 15 təqvim ili və daha çox xidmət etmiş, bunun da azı 3 təqvim ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş zabitlərin seçdikləri yerdə yaşadıqları və ya onlara verilmiş dövlət mənzilləri onların şəxsi mülkiyyətinə pulsuz verilir. Göründüyü kimi, Qanunun ilkin redaksiyasında zabit olan hərbi qulluqçunun yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığı halda mənzillə təmin edilməsini nəzərdə tutulmuş, bu zaman həmin kateqoriya şəxslərin xidmət müddəti ilə bağlı hər hansı məhdudiyyət müəyyən etməmişdi. Xidmət müddəti Qanunun 12-ci maddəsinin 7-ci hissədə nəzərdə tutulan şəxslərə şamil olunmuş, 15 təqvim ili və daha çox xidmət etmiş yaşına, səhhətinə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil verilərkən həmin mənzilin birbaşa pulsuz olaraq onların mükiyyətinə verilməsi təsbit edilmişdi. “Azərbaycan Respublikasının bəzi hərbi qanunlarında dəyişikliklər edilməsi haqqında” 7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Qanununa əsasən həmin Qanunun 12-ci maddəsinin ikinci bəndinə aşağıdakı redaksiyada birinci və ikinci abzaslar əlavə edildi: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar”. Həmçinin həmin Qanunla 12-ci maddəsinin ikinci hissəsinin birinci abzasında “müddətindən artıq xidmət hərbi qulluqçuları” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” sözləri ilə əvəz edildi. Bu dəyişikliklə qanunvericiliyə daxil edilmiş müddəaya əsasən 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçuların, yəni hələ də həqiqi hərbi xidmətdə olan şəxslərin yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi hüququ təsbit edildi. Daha sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” 6 aprel 2004-cü il tarixli 620-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında "hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)" sözlərindən sonra ", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri əlavə edilmiş, bununla da Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır”. Göründüyü kimi, əgər 7 oktyabr 1997-ci il tarixli qanunla yalnız 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan həqiqi hərbi xidmətdə olan şəxslərin (hərbi qulluqçuların) yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi hüququ müəyyən olunurdusa, 06 aprel 2004-cü il tarixli Qanunla bu hüquq həm də 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara da verildi. Beləliklə, Qanuna edilmiş bu dəyişikliklərə əsasən zabit heyətinə daxil olan aşağıdakı şəxslərin mənzillə təmin edilmək hüququ təsbit edilmişdir:

1. 15 təqvim ili və daha çox xidmət edən və xidmətini davam etdirən hərbi qulluqçuların;

2. 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların;

3. Xidmət müddətindən asılı olmayaraq yaşa, xəstəliyə, ştatların ixtisarına (5 il xidmət etməsi şərtilə) və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qullquçuların. İşin sadalanan hallarından görünür ki, iddiaçının xidmət müddəti 15 il olmasa da, o, xəstəliyə görə hərbi xidmətdən istefaya buraxılmışdır. Deməli, iddiaçı yuxarıda istinad olunan mənzillə təmin edilmək hüququna malik olan şəxslər dairəsinə daxildir. İstər əvvəlki, istərsə də hazırkı qanunvericilik hərbi qullquçunun mənzillə təmin edilməsi üçün onun yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilməsini təsbit edir. Qanuna sonradan edilmiş dəyişiklikdən də görünür ki, o şəxslər mənzillə təmin olunurlar ki, həmin şəxslərin yaşayış sahəsi olmasın. Məhkəmə qeyd edir ki, hərbi qulluqçu kimi kimlərin mənzilə ehtiyacı olan və ya yaşayış sahəsi olmayan hesab olunması məsələsi hərbi qulluq haqqında qanunvericiliklə tənzimlənmir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdə olan sənədlərdən görünür ki, X15 və X14 iddiaçının azyaşlı uşaqlarıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1saylı Bakı Ərazi İdarəsinin 9.04.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı, onun övladları X16 və X9 adlarına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Binəqədi rayonu X5 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına həqiqətən də, X5 ərazi hüdudları daxilində torpaq sahəsi yoxdur. Biləcəri Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, onun adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri bələdiyyəsi tərəfindən hər hansı məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Binəqədi Rayon Xocasən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Xocəsən bələdiyyəsi tərəfindən İddiaçı mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli 51/23 saylı arayışından görünür ki, İddiaçı DSX-də xidmət etdiyi müddət ərzində və hal-hazırki dövrədək torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Göründüyü kimi, nə iddiaçıya, nə də onun uşaqlarına məxsus hər hansı bir daşınmaz əmlak mövcud deyildir. İşdən görünür ki, cavabdehin imtinasının əsasını iddiaçının ailə üzvü olan arvadı X3 adına Şəki rayonu, Kiçik Dəhnə kəndində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qeydə alınması təşkil edir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/8 hissəsi xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 26 saylı notarita ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-647 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, 045008 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X6 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 196 nömrə ilə qeyd aparılmışdır. Arvada “Kərimova” soyadı verilmişdir. İşdə olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin torpaq sahəsi X19 Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə, yəni S.Kərimovanın iddiaçı ilə birgə nikah dövründə olduğu dövrdən əvvəl ayrılmışdır. Digər tərəfdən, həmin torpaq sahəsi yalnız S.Kərimovanın mülkiyyətində olmamış, torpaq sahəsi paylı mülkiyyətdə olmaqla 1/8 hissəsi ona məxsus olmuş, habelə torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi digər bir şəxsə məxsus olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının arvadının birgə nikahdan əvvəl torpaq sahəsinə məxsus olması iddiaçının hərbi qullquçu kimi mənzil uçotun alınması üçün mane yaratmamalıdır. Çünki Mənzil Məcəlləsinin 50-ci maddəsi şəxsin özünü və ya ailə üzvünü ayrılıqda yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qəbul edilməklə uçota alınmasını təsbit etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı iki nəfər ailə üzvü ilə (özü və uşaqları) birlikdə mənzil uçotuna alınmaq hüququna malikdir. İddiaçının mənzillə təmin olunanadək kirayə haqqı əvəzinə kompensasiya ödənilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin dördüncü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Eyni zamanda “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İş materialları ilə iddiaçının zabit heyətinə daxil olması və xəstəliyə görə hərbi xidmətdən ehtiyyata buraxılması tam sübut olunduğundan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddia tələbi mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək həy ay İddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi hissəsində də əsaslıdır və bu hissədə də təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 2 nəfər ailə üzvü (uşaqları X15 və X14) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək həy ay İddiaçı və ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar