Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6762/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «cavabdehdən dəymiş maddi və mənəvi ziyana görə pul vəsaitinin tutulması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «cavabdehdən dəymiş maddi və mənəvi ziyana görə pul vəsaitinin tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, doğulduğu vaxtdan (1973-cü ildən) ünvan 1 ünvanında yaşamışdır. Sözügedən ünvan onun ata evi olmuşdur. Valideynləri vəfat etdikdən sonra iki qardaş həmin ünvanda yaşamışlar. Sonralar qardaşı ailə qurandan sonra o, həmin yaşayış sahəsinin birinci mərtbəsindəki sahəsi 7 kv.m-dən ibarət yaşayış sahəsinə köçüb yaşamışdır. Belə ki, yaşadıqları ünvan “Sovetski” adlanan ərazidə yerləşdiyinə görə söküntü ərazisinə düşmüşdür. 2018-ci ildə sözügedən ünvan Bakı şəhəri Yasamal RİH tərəfindən sökülmüşdür. Söküntü vaxtı onun yaşadığı sahəni yarızirzəmi kimi qiymətləndirərək bir kv.m sahəsinə görə 700 manat pul hesablayaraq, ümumilikdə 4.900 manat pulu onun qardaşına verilmişdir. O, baş verən hadisələrdən gec xəbər tutmuşdur. Hətta məsələ ilə əlaqədar məhkəmələrə də müraciət etmişdir. Çox təəsüflər olsun ki, məhkəmələrdə işə qeyri-obyektiv yanaşılaraq onun pozulmuş hüquqları bərpa olunmamışdır. Ali Məhkəmədə prossesdən altı ay keçməsinə baxmayaraq, hələ məhkəmə qərarını ala bilməmişdir. Buradan da məlum olur ki, onun hüquqları kobud şəkildə pozulmuşdur. O, 4.900 manata özünə ev ala bilməmişdir və üç uşaqla hazırda qaynatasıgildə yaşayır. Söküntü zamanı onun evdə köhnə ev əşyaları da məhv olmuşdur. Bundan başqa, mənəvi sarsıntı keçirtdiyindən səhhətində ciddi problemlər yaranmışdır. Əsəb və stresdən onurğa sümüyü əyilmişdir. Demək olar ki, onurğa sümüyü 82 dərəcə əyilmişdir. Saglamlıq imkanı məhdudlaşdığına görə heç yerdə işləyə bilmir. Bir neçə dəfə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya xəstəxanasında müalicə və müayinə olmuşdur. Hesab olunur ki, cavabdeh tərəfindən ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Bu baxımdan da, məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1118-ci maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Yasamal RİH-dən dəymiş maddi ziyana görə 50.000 manat, mənəvi ziyana görə 40.000 manat məbləğində pul vəsaitinin birdəfəlik tutulub ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - Hesab olunur ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə (3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar Sahəsi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən məhrum olduğuna görə Cavabdehndən 30.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən aparılan araşdırılmalar əsasında müəyyən edilmişdir: 1) AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, dalan 1 ünvanında yerləşən 2 saylı evin ¼ hissədə payı xx xxxx 2011-ci il tarixdə X3 (iddiaçının qardaşının) adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır; 2) Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, dalan 1 ünvanında yerləşən 2 saylı ev AR Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür; 3) İddiaçı mübahisə predmeti olan evdə qeydiyyatda olduğu üçün onun razılıq ərizəsi əsasında ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə paylı mülkiyyətçi olan X6 ilə Bakı şəhəri Yasamal RİH arasında xx xxxxxx 2018-ci il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və X4 50.786 manat məbləğinə kompensasiya ödənilmışdır; 4) Qiymətləndirmə hesabatının surətindən görünür k, iddiaçının iddia etdiyi zirzəmi sahəsi də qiymətləndirilərək, zirzəmiyə görə də kompensasiya məbləği paylı mülkiyyətçi X4 ödənilmişdir. Qeyd olunanlara əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3204/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2781/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, AR Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(102)-946/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2781/2019 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanmışdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarkən iddiaçı zirzəmiyə görə Bakı şəhəri Yasamal RİH-ə qarşı təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən AR Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı ona mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” AR Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsasən verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə ki, AR Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı “Məhkəmə qətnaməsi haqqında” Qərarına əsasən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. AR Mülki Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, eyni tərəflər arasında mübahisə predmeti olan daşınmaz əmlaka dair kompensasiya tələbi üzrə qanuni qüvvəyə minmiş məhkmə qərarı olduğu, həmin qərarla müəyyən edilmiş və hazırki iş üçün preyudisial əhəmiyyətə malik olan faktların mövcud olduğu üçün iddiaçının Cavabdehnə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığına görə iddia mümkün sayılmamalıdır. İPM-in 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini, iddianın mümkün olduğunu bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarının 1-ci bəndinə görə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın 2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bakı şəhəri Cavabdehnə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi tapşırılsın. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, dalan 1, ev 2 ünvanında yerləşən daşınmaz əmlakın hazırkı cavabdeh Bakı şəhəri Yasamaal RİH tərəfindən AR Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarının icrası ilə əlaqədar sökülməsi və bu söküntü işləri çərçivəsində həmin daşınmaz əmlakla bağlı orada yaşayaan hazırkı iddiaçının da razılığı ilə əmlakın mülkiyyətçisi X4 evin zirzəmisi də nəzərə alınmaqla müvafiq məbləğdə pul vəsaiti ödənilməsi işin mübahisə olunmayan hallarına aiddir. Çünki, bu hallar müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və hazırkı icraatda iddiaçı bu halları birbaşa təkzib etmir. Həmçinin nəzərə alınmalıdır ki, söküntü ilə bağlı X4 müvafiq məbləğdə pul vəsaiti ödənilərkən, sonuncu ilə Rİh arasında əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. Məhkəmənin qənaətinə görə evin mülkiyyətçisi ilə söküntü işlərini aparan qurum arasında müvafiq müqavilə bağlandığından və həmin müqavilə üzrə ödənişin həcmində evin zirzəmisi də nəzərə alındığından, habelə hazırkı İddiaçı həmin əmlakın hər hansı hissəsinə dair hüquqmüəyyən edici sənəd təqdim etmədiyindən, iddiaçı evin zirzəmisinin sökülməsi nəticəsində dəymiş maddi, eləcə də mənəvi ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6762/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6762/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver