Məhkəmə qərarları › İş №2-1(112)-6763/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6763/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6763/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və qaçqın vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və qaçqın vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Pakistan İslam Respublikasının vətəndaşı olan xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli İQ-76/1 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “...Ərizəçi Qucrat şəhərində Abid adlı bir nəfərin yanında şəxsi sürücü olaraq işə düzəldiyini, 6 ay işlədikdən sonra Abidin onun avan tayfasından olduğunu öyrəndiyini, özünün isə daha üstün olan racput tayfasına mənsub olduğu üçün növbəti gün ondan işə gəlməməyi tələb etdiyini söyləmişdir. Ərizəçi pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə və polisə şikayət etdiyini, sonra Lahor şəhərinə gəldiyini, məhkəməyə şikayət etdiyi üçün Abid tərəfindən təqib edildiyini, bu səbəbdən də həyatı üçün təhlükə ola biləcəyini ehtimal edərək ölkəsini tərk etdiyini, 10 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bununla belə ərizəçinin ərizə-anketin qeydiyyatı və müsahibə zamanı bildirdikləri ifadələrdə bəzi ziddiyyətli məqamlar aşkar edilmiş, onun Pakistanda ciddi şəkildə təhdidə məruz qalması ilə bağlı müəyyən şübhələr yaranmışdır. Belə ki, ərizəçi Abid adlı şəxsdən məhkəməyə və polisə şikayət etdiyini bildirərək bunu təsdiq edən sənədləri gətirəcəyini bildirsə də, sonradan heç bir təsdiqedici sənədlər təqdim etməmişdir. Bundan əlavə o, məhkəməyə şikayət etdiyini bildirsə də, məhkəmə tərəfindən onun haqlı olmaması barədə qərar qəbul edildiyini bildirmişdir. Ərizəçinin şəxsi sürücü olaraq işdən azad olunduqdan sonra təqib olunması kimi iddiaları inandırıcılıq baxımından qənaətbəxş hesab edilməmişdir. İddiaçı müsahibə zamanı dediklərindən Abidin onu işdən qovmasından sonra heç bir ciddi təqib və təzyiqə məruz qalmadığı, həmçinin Lahor şəhərində yaşadığı müddət ərzində həyatı üçün təhlükənin yaranmadığı aydın olur. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, dini etiqadına və siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanlar tərəfindən təqibə məruz qalmamışlar...” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh DMX-nin İQ-76/1 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsini, cavabdeh AR DMX-nin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktları iddiaçının ərizə-anketində qeyd edilib və həmin faktları olduğu kimi qəbul edirlər. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucrat şəhərinin Şampur kəndində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Qucrat şəhərində “X2“ school adlı məktəbdə 12 illik orta təhsil aldığını, məktəbi bitirdikdən sonra şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı subay olduğunu, valideyinləri, 3 qardaşının və 1 bacısının hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı Qucrat şəhərində Abid adlı bir nəfərin yanında şəxsi sürücü olaraq işə düzəldiyini, 6 ay işlədikdən sonra Abidin onun avan tayfasından olduğunu öyrəndiyini, özünün isə üstün olan racput tayfasına mənsub olduğu üçün növbəti gün ondan işə gəlməməyi tələb etdiyini söyləmişdir. İddiaçı pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə və polisə şikayət etdiyini sonra Lahor şəhərinə gəldiyini, məhkəməyə şikayət etdiyi üçün Abid tərəfindən təqib edildiyini, bu səbəbdən də həyatı üçün təhlükə ola biləcəyini ehtimal edərək ölkəsini tərk etdiyini, 10 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-76/1 nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının müsahibəsində mövcud olmuş uyğunsuzluqlardan əlavə olaraq görünür ki, əcnəbi sürücü kimi fəaliyyət göstərmiş, işdən azad olunduqdan sonra hər hansı təqibə məruz qalmamışdır. Şəxs həmçinin, polis və məhkəməyə müraciət etdiyini bildirsə də, buna dair sənəd və ya ya mötəbər sübut təqdim edə bilməmişdir. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni Dövlət tərəfindən təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətləri nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1. ... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. ... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. Qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı və real təqib qorxusunun mövcud olub-olmadığını müəyyən etməkdən, eləcə də bununla bağlı real riskləri qiymətləndirməkdən ibarətdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış və siyasi fəaliyyətlə məşğul olmamışdır. Onun irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığına dair də hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir. Bundan başqa, iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Oxşar ilər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-3182/2019 nömrəli, 25 noyabr 2020-ci il tarixli, 2-1(102)- 2143/2020 nömrəli, 24 fevral 2021-ci il tarixli, 2-1(102)-366/2021 nömrəli, 31 mart 2021-ci il tarixli, 2-1(102)-535/2021 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-2567/2024 saylı qərarlarında mövqe eyni olmuşdur. Odur ki, hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar