Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6766/2021 12.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, 1991-ci il tarixdən yaşadığı mənzildə 92-ci ilin fevral ayında həmin vaxt mənzilin kirayəçisi olmuş şəxsin yazılığı razılığı ilə qeydiyyata düşmüşdür. Həmin evin keçmiş kirayəçisi 1992-ci il tarixdə mənzili xarici ölkəyə köçdüyündən tərk etmişdir. Bu günə qədər mən faktiki olaraq mənzilin kirayəçisi olsam da bu heç bir sənəddə öz əksini tapmamışdır. Cavabdehə bununla bağlı müraciət edərək kirayə müqaviləsinin bağlanılması xahiş edilsə də heç bir nəticə əldə edilməmişdir. İddiaçı qeyd edir ki, fasiləsiz olaraq mənzildə faktiki 30 ildir yaşasa da bunun heç bir sənəddə əksini tapmaması səbəbindən ailə üzvlərinin ünvana qeydiyyata salınmasına məhdudiyyət yaranmışdır. Qeyd olunan hallar hüquqların pozutunsuna səbəb olur. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan cavabdehin imtina məktubundan görünür ki, cavabdeh hüquqmüəyyənedici sənədin təqdim edilməmə əsası ilə kirayə müqaviləsinin bağlanılmasından imtina edir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Cavabdehin cavab məktubunda təkrarən hüquqmüəyyənedici sənədin mövcud olmadığı bildirilmiş, eyni zamanda iddiaçının keçmiş balanssaxlayıcı təşkilatlarına əmək münasibətlərində olmasının müəyyən edilmədiyi, iddiaçının mənzildə yaşamadığı onun keçmiş həyat yoldaşının 6 nəfər ailə üzvü ilə məcburi köçkün kimi mənzildə məskunlaşdığı qeyd edilmişdir. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının qeydiyyata alınmasına əsas olan sənədlər məhv edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunda iddiaçının mənzilə istifadə huqunun qeydə alınması ilə bağlı hər hansı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından da görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 9, 12 saylı mənzilin hazırkı iş üzrə iddiaçının sahibliyi və istifadəsinə verilməsi dair hər hansı sənəd aşkar edilməmişdir. Belə olan təqdirdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə də rəhbər tutaraq hesab edir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən yaşayış sahəsinə köçmə əsası kimi order olmadığından, iddiaçı “kirayə müqaviləsinin bağlanması” barədə iddiası əsaslı hesab edə bilməz. İddiaçının mənzilin icarədarı kimi əks etdirən 139 saylı MKİS-in mühəndisi tərəfindən təsdiq edilmiş mənzilin planın surətinin, o cümlədən iddiaçının mənzilə qeydiyyatda olduğunu göstərən “Forma A” arayışının mövcudluğu da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin sənədlər hüquqmüəyyənedici sənədlər hesab edilməyib, iddiaçının üçün hər hansı hüquq, həmçinin mənzilə kirayə müqaviləsinin bağlanmasına da əsas yaratmır. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə şəxsin qeydiyyatı ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi nəticə yarada bilməsi nəzərdə tutulmuşdur ki, qanunvericiliklə də qeydiyyatın şəxsə hər hansı mülkiyyət hüquq verməsi nəzərdə tutulmamışdır. Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6766/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6766/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver