Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6766/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İQ-77/5 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsini; cavabdehin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2024cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 1988-ci ildə Lahor şəhərində Govt High school adlı məktəbdə 10 illik təhsil aldığını, 1988-1990-cı illərdə X4 adlı kollecdə 2 il, 1990-1994-cü illərdə Punjab University adlı universitetinin jurnalistika fakültəsində 4 illik təhsil aldığını, ixtisasca jurnalist olmağına baxmayaraq, bu sahədə heç vaxt işləmədiyini,aviaşirkətdə ixtisas artırma kursları keçdikdən sonra 1995-ci ildən 2021-ci ilədək PİA-da (X5) sərnişin daşıması bölməsində müdir qismində işlədiyini və 2018-ci ildə işdə aldığı xəsarətdən sonra onurğasında yaranan problem səbəbindən əmək fəaliyyətini dayandırdığını qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, arvadı,3 qızı və 2 oğlunun da onunla birlikdə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini və Dölət Miqrasiya Xidmətinə qaçqın statusu əldə etmək üçün müraciət etdiklərini qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən iddiaçı Pakistanda keçmiş baş nazir İmran Khanın rəhbərlik etdiyi PTİ (Pakistan Tehrik-e-İnsaf) partiyasının üzvü olması səbəbindən hazırda Pakistanda iqtidarda olan PML-N (X2-Nawaz) partiyasının və eyni zamanda Milli Assambleyanın üzvü olan Talha Barki adlı bir şəxs tərəfindən aralarında siyasi fikir ayrılığı və eyni zamanda torpaq mülkiyyət üstündə mübahisənin yarandığını və sözügüdən şəxs tərəfindən təqiblərə məruz qaldığı üçün ölkəsini tərk etdiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün pasportunu təqdim edərək adını,yaşını,vətəndaşlığını,doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir.Bundan əlavə iddiaşı mülkiyyətində olan və mübahisə obyekti olan torpağa dair sənədləri,ailə tərkibi haqqında arayışı və nikah şəhadətnaməsini də təqdim etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-77/5 qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki:
1. Şəxs “Pakistan Tehrik -e-İnsaf (PTİ)” partiyasının üzvlüyünü təsdiq edən sənəd təqdim edə bilməmişdir. 2. Şəxsə qarşı cinayət işinin 2024-cü ilin avqust ayında açıldığını bildirsə də, Azərbaycan Respublikasına gəlmək üçün vizaya iyul ayında müraciət etdiyini qeyd etmişdir. 3. Yaşadığı ərazidə yüzlərlə “PTİ” üzvü olmasına baxmayaraq, niyə məhz onunla ədavətin olması sualını cavablandıra bilməmişdir. 4. Cinayət işinin açıldığı halda həmin ölkəni asanlıqla tərk etməsi soruşulduqda, ona qarşı açılmış cinayət işinin saxta olduğunu bildirmişdir. 5. Oğlu ilə özünün verdiyi müsahibələrdə ziddiyyətlər olmuşdur. Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 -ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1 -ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli-ci il tarixli qərarı mübahisələndirir və xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək iddia müddətinə riayət edilmişdir. Məhkəmə tərəfələrin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 dekabr 2024-ci il tarixli, İQ- 77/5 nömrəli qərarının surətindən görünür ki, “Pakistan İslam Respublikasının vətəndaşı, hazırda Xırdalan şəhəri, 28-ci məhəllə, bina 16a, mənzil 76 ünvanında müvəqqəti yaşayan, 12 dekabr 1972-ci il təvəllüdlü İddiaçı (Pasport: № AD1157864) və ailə üzvləri (arvadı - 5 noyabr 1974-cü il təvəllüdlü Kalsoom Mukhtar, oğlu - 15 fevral 2007-ci il təvəllüdlü X6, qızı - 25 mart 2011-ci il təvəllüdlü Tehreem Mukhtar, qızı - 5 aprel 2014-cü il təvəllüdlü Muskan Fatima) 8 oktyabr 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onların 419136/m saylı vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adlarıına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin ksero sürətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyetinə və dini etiqadına görə ciddi şəkildə təqib olunmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azerbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “‘Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası'nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.” İddiaçı hazırda cavabdehin 24 dekabr 2024-cü il tarixli, İQ-77/5 nömrəli qərarını mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdikləri izahatlarından məlum olmuşdur ki, vətəndaşı olduğu və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İddiaçı “Pakistan Tehrik -e-İnsaf (PTİ)” partiyasının üzvlüyünü təsdiq edən sənəd təqdim edə bilməmişdir. Ona qarşı cinayət işinin 2024-cü ilin avqust ayında açıldığını bildirsə də, Azərbaycan Respublikasına gəlmək üçün vizaya iyul ayında müraciət etdiyini qeyd etmişdir. Yaşadığı ərazidə yüzlərlə “PTİ” üzvü olmasına baxmayaraq, niyə məhz onunla ədavətin olması sualını cavablandıra bilməmişdir. Cinayət işinin açıldığı halda həmin ölkəni asanlıqla tərk etməsi soruşulduqda, ona qarşı açılmış cinayət işinin saxta olduğunu bildirmişdir. Oğlu ilə özünün verdiyi müsahibələrdə ziddiyyətlər olmuşdur. İddiaçının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov