Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6768/2021 30.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış yeri üzrə mənzil uçotuna götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra –İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması üçün inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 01.05.1987-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1987-ci ilin may ayından 1988-ci ilin noyabr ayınadək əsgər kimi xidmət etmişdir. 1988-ci ilin dekabr ayından 1989-cu ilin may ayınadək praporşiklər (gizirlər) məktəbində oxumuşdur. Həmin məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra 1991-ci ilədək gizir rütbəsində Sovet Ordusunun tərkibində hərbi xidmətini davam etdirmişdir. Daha sonra Sovet Ordusu sıralarından tərxis edilərək 1991-ci ilin may ayından 1992-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində, gizir rütbəsində, 1992-ci ilin dekabr ayından 1995-ci ilin may ayınadək N saylı hərbi hissədə, gizir rütbəsində, stansiya rəisi vəzifəsində xidmətini davam etdirmişdir. Həqiqi hərbi xidmətdə olduğu müddətdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və mənzillə təmin olunmamışdır, hazırda da onun mülkiyyətində torpaq sahəsi və mənzil yoxdur. Qarabağ müharibəsində hərbi xidmət vəzifələrinin icrası dövründə aldığı xəsarətə görə 2-ci qrup əlil olduğuna görə yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması ilə əlaqədar 18.03.2021-ci il tarixdə ərizə ilə yaşayış yeri üzrə Bakı şəhəri Cavabdeh Başçısına müraciət etmiş, ünvanladığı ərizə 29.03.2021-ci il tarixdə Bakı şəhəri Cavabdeh tərəfindən alınsa da, həmin vaxtdan 50 gün keçməsinə baxmayaraq bu günədək onun ərizəsinə cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, onun bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. İddiaçı məhkəməyə müraciət etmədən öncə cavabdehə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı məktubda iddiaçının ərizədə qaldırdığı məsələnin qanunamüvafiq qaydada baxılması üçün müvafiq hüquqi sənədlərin Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbəsinə təqdim edilməsi üçün ona məktubla müraciət olunduğunu, lakin iddiaçı tələb edilən hüquqi sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən məsələnin müsbət həllini tapmadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının tələbi ilə bağlı müvafiq hüquqi sənədlərin təqdim edilməsi üçün iddiaçıya məktub ünvanladığını bildirsə də, bu müraciətlə bağlı müvafiq inzibati icraat materiallarını, o cümlədən sənədlərin tələb olunması barədə iddiaçıya ünvanlanmış həmin məktubu məhkəməyə təqdim etməmiş, eyni zamanda tələb etdiyi sənədlər barədə məlumatı məhkəməyə də verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -maddə 30.5. İnzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. - maddə 32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. - maddə 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. - maddə 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. - maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. - maddə 32.4. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır. Sadalanan normalardan aydın olur ki, inzibati orqan ona müraciət edən şəxsdən zəruri sənədləri tələb etməzdən əvvəl özünün əldə edə bilməsinin mümkünlüyünü yoxlamalı, zəruri sənədləri özü əldə edə bilmədiyi təqdirdə şəxsə bununla bağlı müddət verməlidir. Cavabdeh qanunvericiliyin bu tələblərinə əməl etməsini, iddiaçının müraciəti ilə bağlı ona cavab verməsini, əlavə sənəd tələb edilmişsə, bu sənədlərin nədən ibarət olmasını və həmin sənədlərin özü tərəfindən əldə edilməsinin mümkünsüzlüyünü sübut edə bilmədiyindən məhkəmə onun bu hərəkətini iddiaçının müraciətinə münasibətdə hərəkətsizlik kimi qiymətləndirir və hesab edir ki, bu hərəkətsizlik iddiaçının müraciətinin təmin edilməsindən imtinaya bərabər sayılmalıdır. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnu müəyyən edir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. Qanunverici bununla 15 ildən artıq, yəni kifayət qədər uzun müddət hərbi xidmət keçmiş və sosial müdafiəyə ehtiyacı olan şəxsin layiqli həyat səviyyəsi, onun sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onun həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə 5-ci abzasına əsasən isə hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İstinad olunan normada hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş edilmiş şəxsin növbədənkənar, birbaşa, həm də seçdikləri yaşayış yerində mənzil və ya torpaq sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş, bu zaman onun qulluq illəri ilə bağlı hər hansı tələb müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, bu müddəa qanunvericinin yuxarıda istinad olunan güddüyü məqsədə uyğun olmuşdur. Belə ki, bir halda hərbi qulluqçu uzun müddət xidmətə görə, digər halda isə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət nəticəsində yaranan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları ucbatından müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirak edə bilmədiyinə görə daha yüksək sosial təminat malik olur. Əksi, yəni 15 il müddətin eyni zamanda hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə də tətbiq edilməsi əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədinə, yəni ağlabatan uyğunlaşmaya zidd olar. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin 11.08.2021-ci il tarixli, 1161 nömrəli məktubundan görünür ki, İdarədə hərbi qeydiyyatda olan 1969-cu il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı 02.05.1987-ci il tarixdən 07.01.1991-ci il tarixədək Keçmiş SSR Silahlı Qüvvələrində əsgər vəzifəsində həqiqi hərbi xidmət, 17.04.1991-ci il tarixdən 03.03.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gizir heyətində həqiqi hərbi xidmət keçmişdir. İşdə olan ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 02.05.1987-ci ildə hərbi hissəyə göndərilmiş, 07.01.1991-ci ildə SSRİ MN-nın 247 nömrəli, 07.01.1991-ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. O, 10.07.1993-05.02.1994-cü ilə qədər N saylı hərbi hissənin tərkibində Ağdərə döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 197 saylı 19.03.2018-ci il tarixli qərarından görünür ki, Bakı ş. Nizami RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və 09.03.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, başın arxa ənsə nahiyəsində bir ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar", “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komisiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçının əlilliyi 26.04.2018-ci il tarixdə qiymətləndirilmiş, ona “Baş beynin silkələnməsi. Keçirilmiş qapalı KBT-nın davamlı qalıq əlamətləri. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan qıcolma tutmalarla ( ayda 7-8 dəfə). Fəqərə arteriyasının tıxanması və stenoxu. Vertebrobazilyar sistemdə. Xroniki QDÇ Durğunluq ürək çatmazlığı. QDÇ İİ dərəcə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah qəlpə yaralanmasından sonra başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, başın arxa ənsə nahiyəsində bir ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar. Stenokardiyanın digər formaları. ÜİX Gərginlik stenokardiyası f/s İİİ. [Durğunluq] ürək çatmazlığı ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi]. Hipertoniya xəstəliyi İİİ dərəcə, İV-risk” diaqnozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sadalananlardan görünür ki, iddiaçı 15 ildən az xidmətdə olsa da, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edildiyindən onun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci abzasına əsasən mənzil və ya torpaq sahəsi almaq hüququ yaranmışdır. İddiaçının yaşayış sahəsinin olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olmasını, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman təkçə vətəndaşın yox, onun ailə üzvlərinin də mülkiyyətində olan əmlakın sahəsi nəzərə alınır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 27.08.2009cu il tarixli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bu normanı əsas götürən məhkəmə qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadratmetrdən az ola bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.06.2021-ci il tarixli, **********44 nömrəli və 12.08.2021-ci il tarixli, **********90 nömrəli məktublarında qeyd edilmişdir ki, mövcud arxiv materiallarına əsasən iddiaçının adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213 nömrəli fərdi yaşayış evinin 1 otağı qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, iddiaçının adına ümumi birgə mülkiyyət hüququ ilə Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2,51 ha kənd təsərrüfatı, 0,20 ha həyətyanı torpaq sahələri aşkar edilmişdir. İşdə olan 16.12.1999-cu il tarixli, 093053 nömrəli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 213-də ümumi 1016,4 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 12,5 kv.metr olan bir otaqdan, köməkçi sahəsi 22.2 kv.metr-dən ibarət yaşayış evi satıcı Aleksandra Prokofyevna tərəfindən alıcı İddiaçı satılmışdır. İşdə olan Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil X4 10 saylı Mənzil Kommunal İstismar Sahəsininin 123 nömrəli, 15.03.2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin 69 nömrəli mənzilində İddiaçı ilə birlikdə onun ailə üzvləri həyat yoldaşı X1, X7 və X8 qeydiyyatdadır. Beləliklə, iddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü olduğundan aydın olur ki, onlar üçün uçot norması ən azı 32 kv.metr təşkil edir. İşdən isə müəyyən olunur ki, iddiaçıya məxsus yaşayış evinin yaşayış sahəsi cəmi 12,5 kv.metrdir. Belə olan halda müəyyən olunur ki, MM-in 50.1.2-ci maddəsinə əsasən iddiaçı uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan şəxs olduğundan, onun yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsinə aid edilmək hüququ olmuşdur. İşdə olan Bakı şəhəri Nizami Bələdiyyəsinin 16.06.2021-ci il tarixli, 02/666 nömrəli məktubundan görünür ki, iddiaçının adına Nizami bələdiyyəsi tərəfindən topaq sahəsi ayrılmamışdır. İddiaçının adına ümumi birgə mülkiyyət hüququ ilə qeydə alınmış Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2,51 ha kənd təsərrüfatı, 0,20 ha həyətyanı torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, MM-nin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 2001-ci il yanvarın 1-dək verilmiş torpaq sahələrinə münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, dövlət ehtiyat fondu torpaqlarında çoxmənzilli binaların tikintisinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir) və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Göründüyü kimi, şəxsin uçotdan çıxarılması üçün ona kənd təsərrüfatı təyinatlı deyil, yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilməlidir. İddiaçının paylı mülkiyyətində olan 0,20 ha həyətyanı torpaq sahəsinə gəldikdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-152A Kod 90613018 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhdətnamə üzrə torpaq sahəsi X3 verilmiş, iddiaçının adı isə ailə üzvü kimi qeyd olunmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşayış sahəsinə malik olmayan, yəni yaşayış sahələrinə ehtiyacı olan şəxs hesab olunmalıdır. Həmçinin Bakı şəhər X6 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci hissəsinə əsasən Bakı şəhərində nə qədər yaşamasından və şəhərdə pasport qeydiyyatı olub-olmadığından asılı olmayaraq aşağıdakılar mənzil şəraitinin yaxşılaşdırılması üçün uçota götürülürlər: a) Bakı şəhərində nə qədər yaşamasından və şəhərdə pasport qeydiyyatı olubolmadığından asılı olmayaraq müddətindən artıq qulluq edən hərbi qulluqçular, praporşiklər, miçmanlar və SSRİ Silahlı Qüvvələrinin, SSRİ Daxili işlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsi qoşunlarının zabit heyətindən olan, ehtiyata buraxılan, yaxud səhhətinə, yaşına və ya ştatların ixtisar edilməsinə görə istefaya buraxılıb Bakı şəhərinə gələn və mənzil sahəsi olmayan vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılması üçün uçota götürülürlər. Göstərilənlərə əsasən Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin məqsədi baxımından iddiaçının sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olması qənaətinə gəldiyindən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6768/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6768/2021
30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver