Məhkəmə qərarları › İş №2-1(112)-6769/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6769/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6769/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Əsgərova (Şərifova) Səadət Rafiq qızı, X14, X10, X9, X15, X16, X11, X12, X7, X5, X17 və X8) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər X13, X14, X10, X9, X15, X16, X11, X12, X2 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə ona məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, qeyd etdiyim ünvanda ailə üzvlərilə birlikdə yaşayır. ünvan 1 onun mülkiyyətindədir. Mənzili 13.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 alıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan da göründüyü kimi mənzilə hüquqları ********** nörmə ilə 04.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bir neçə müddət əvvəl iş ilə əlaqədar ünvanda qeydiyyatda olan şəxslərin siyahısını öyrənmək məqsədilə arayış alarkən xəbəri olub ki, ona məxsus mənzildə tanımadığı bir neçə nəfər şəxs onun xəbəri olmadan hələ də pasport qeydiyyatındadır. Bir müddət əvvəl ərizə ilə Bakı şəhər Nizami Rayon Polis İdarəsinə müraciət edib, onun ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyata olan şəxsləri qeydiyyatdan çıxarmağı xahiş edib. 06 may 2021ci il tarixdə onun müraciəti əsasında Bakı şəhər Nizami rayon Polis İdarəsindən ona rəsmi cavab veriblər. Bakı şəhəri Nizami rayon Polis İdarəsinən təqdim edilmiş cavab məktubu qanunsuz və əsassız tətbiq olunmuş və qeyd etdiyi səbəblərə görə onun hüquqları pozulmuşdur.

3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı üçüncü şəxsləri tanımır, onlarla hər hansı qohumluq əlaqəsi yoxdur, həmin evdə yaşamırlar, hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır.

4. İddiaçı iddia tələbini dəqiqləşdirərək digər üçüncü şəxslərlə yanaşı yetkinlik yaşına çatmayan X5, X17 və X3 da ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. X1 ata adının “Bəhram” olaraq göstərilməsi formal xəta hesab olunmalıdır.

5. Cavabdeh Nizami rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 08.06.2021ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən qəbul edilən qərar icraya yönəldildikdən sonra icra ediləcəyi bildirilmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

8. Cavabdeh Nizami rayon polis idarəsi tərəfindən iddiaçıya verilmiş 06.05.2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd edilənləri nəzərə alaraq X13, X14, X10, X9, X15, X16, X11, X12, X7, X5, X17 və X3 ünvan 3 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

9. Məhkəmənin hazırki iş üzrə 24.05.2021-ci il tarixli qərardadı ilə X13, X14, X10, X9, X15, X16, X11, X12, X7 üçüncü şəxs qismində cəlb olunmuşdur.

10. Məhkəmənin hazırki iş üzrə 18.06.2021-ci il tarixli qərardadı ilə X5, X17 və X8 üçüncü şəxs qismində cəlb olunmuşdur.

11. CMS-AZEMİS məlumat-axtarış sistemi üzrə məlumata əsasən, Əsgərova (Şərifova) Səadət Rafiq qızı, X14, X10, X9, X15, X16, X11, X12, X7, X5, X17 və X8 ünvan 3 ünvanında qeydiyyatdadırlar.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyi yaşayış yeri üzrə qeydiyyat haqqında 12.02.2021-ci il tarixli arayışına əsasən, X13, X14, X10, X9, X15, X16, X11, X12, X7, X5, X17 və X8 ünvan 3 ünvanında qeydiyyatdadırlar.

13. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanı 11.03.2016-cı il tarixdə X6 adına ilkin qeydiyyata alınmışdır, lakin 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4ə-1140 reyestr nömrəli 13.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 04.12.2020-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Sözügedən mənzil üzərində sorğuda qeyd olunan şəxslərin (sorğuda hazırki iş üzrə üçüncü şəxslərin adı qeyd olunmuşdur) istifadə hüquqlarının qeydiyyata alınması haqqında məlumat (sənəd) aşkar edilməmişdir.

15. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir.

16. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər mənzilkommunal təsərrüfat departamentinin 12 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş arayışa əsasən bildirilmişdir ki, X13, X14, X10, X9, X15, X16, X11, X12, X7, X5, X17 və X8 ünvan 3 ünvanında qeydiyyatdadırlar, lakin yaşamırlar.

IV. Məhkəmənin mövqeyi

17. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, iddiaçının ailə üzvü deyillər, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əsgərova (Şərifova) Səadət Rafiq qızı, X14, X10, X9, X15, X16, X11, X12, X7, X5, X17 və X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Əsgərova (Şərifova) Səadət Rafiq qızı, X14, X10, X9, X15, X16, X11, X12, X7, X5, X17 və X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar