Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-677/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinin nümayəndəsi-X1, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılması və rəsmiləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzun müddət istifadəsində olan Bakı şəhəri, Zabrat qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən 0,02 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, uzun müddət faktiki istifadəsində olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən 0,02 ha torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisində 2 sot torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin vaxtdan hazırki vaxtadək qeyd olunan fərdi evdə yaşayır. Evin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar Zabrat bələdiyyəsinə müraciət etmişdir. Lakin Zabrat bələdiyyəsinin 30.09.2019-cu il tarixli məktubu ilə onun ərizəsinin təmin olunmasından imtina edilmiş və əsas kimi də torpaq sahəsinə dair Zabrat bələdiyyəsində dövlət reyestrindən çıxarışın olmaması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı iddia ərizəsində 2005-ci ildə Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisində 0,02 ha torpaq sahəsi alaraq (yaxud zəbt edərək) həmin torpaq sahəsində fərdi yaşayış evi tikdiyini və həmin vaxtdan da qeyd edilən tikilidə yaşadığını əsas kimi göstərməklə həmin səbəbə görə uzun müddət istifadəsində olan torpaq sahəsinə guya hüququnun yarandığını bildirmiş və bu zaman əsassız olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ saylı Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə istinad etmişdir. Bundan əlavə İddiaçı vergi ödəyicisi kimi Zabrat bələdiyyəsində qeydiyyata alınmamışdır. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinin nümayəndəsi-X2 məhkəmə iclasında verdiyi izahatında, iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrnin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 350 №li 14.10.2019-cu il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Zabrat qəsəbəsi, X7 küçəsində yerləşən heç bir hüquqi sənədi olmayan fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsi tərəfindən verilmiş 47 №li 04.11.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Şirvani küçəsində yaşayan İddiaçı Zabrat bələdiyyəsi tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı qeydiyyat (yaşayış) ünvanı Ağsu rayonu, Ağsu şəhəri, 3-cü məhəllədir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdeh orqan tərəfindən verilmiş 30.09.2019-cu il tarixli 53 №li cavab məktubunda göstərilmişdir ki, 09.12.2009-cu ildə “Bələdiyyə torpaqlarının ayrılması və sənədləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik olunmuşdur. Həmin dəyişikliyə görə bələdiyyə ərazisindəki ona aid torpaq sahəsini hərrac və ya müsabiqəyə çıxarması üçün həmin torpaq barəsində bələdiyyədə “Dövlət Reyestrindən çıxarış” olmalıdır. Zabrat bələdiyyəsinə hər hansı bir torpaq sahəsi ilə əlaqədar heç bir “Dövlət Reyestrindən çıxarış” və ya “Dövlət Aktı” verilmədiyi üçün, bələdiyyə tərəfindən heç bir torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi (hərrac və ya müsabiqəyə çıxarılması) aparılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı istifadəsində olan torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə istifadəsində olan torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 144.1.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll olunan məsələlərə aid olunmuşdur. Konstitusiyanın 145.1 və 145.2-ci maddələrinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinin tələbinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 15.03.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin; - 5-ci bəndinin tələbinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. - 22-ci bəndinin tələblərinə əsasən Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi sadalanan normalara əsasən müvafiq bələdiyyə tərəfindən hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi ilə bağlı Zabrat bələdiyyəsinin mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, sonuncu tərəfindən həmin torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinin (hərrac və ya müsabiqəyə çıxarılması) aparılmasından imtina olunmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-677/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-677/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver