Məhkəmə qərarları › İş №2-1(112)-677/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-677/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-677/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-339 saylı torpaq sahəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 15.04.1999-cu il tarixli, 096 saylı sərəncamı, Buzovna tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4) Həmkarlar Təşkilatının 17.05.2003cü il tarixli, 02 saylı protokoluna əsasən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4nin 21.05.2003-cü il tarixli, 28 saylı əmri ilə Müəssisənin balansında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-339 saylı torpaq sahəsində yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Həmin bağ sahəsi hal-hazırda da İddiaçı istifadəsindədir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciət edilərkən qanunvericiliklə tələb olunan bütün sənədlər təqdim edilməsinə baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, həmin torpaq sahəsi Buzovna Tərəvəz-Südçülük-sovxozunun ayrıc aktından kənarda və torpaq sahəsinin 62.0 kv.m hissəsinin qaz xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirərək müraciətdən imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-339 saylı torpaq sahəsi Buzovna Tərəvəz- Südçülük-sovxozunun ayrıc aktında nəzərdə tutulan sahədə yerləşir və torpaq sahəsinin heç bir hissəsinin qaz xəttinin mühafizə zonasında deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 3-339 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə 14.09.2020-ci il tarixdə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, elektron kadastr məlumatlarına əsasən İddiaçı tərəfindən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından kənarda yerləşir. Həmçinin torpaq sahəsinin 62.0 kv.m hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir. Bu barədə İddiaçı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********05 nömrəli, 14.10.2020-ci il tarixli bildiriş ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 10.09.2020-ci il tarixli, 267 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, ona həqiqətən X4 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,06 ha hesabı ilə 3-339 kodlu torpaq sahəsi ayrılmışdır. 3-339 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 21.05.2003-cü il tarixli, 28 nömrəli vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrindən çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı həyətyanı torpaq sahəsinin ayrılması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş 20.08.1999-cu il tarixli 096 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna qəsəbəsi tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmasının nəzərə alınması, vətəndaş İddiaçı 0.06 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmrinin nəzərə alınması, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.06 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 09.03.2021-ci il tarixli, A-38 nömrəli məktubunda bildirilmişdir ki, Abşeron rayon İHB-nin 096 saylı sərəncamı 20 avqust 1999-cu il tarixdə verilməmişdir. Həmin sərəncam Abşeron rayon İHB-nin 096 saylı sərəncamı 15 aprel 1999-cu il tarixli verilmişdir. Həmin sərəncama adlı siyahı və çizgi daxil edilməmişdir. Həmin məktuba əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15.04.1999cu il tarixli 096 nömrəli sərəncamına əsasən Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin İşlər müdiri A.Muradverdiyevin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubunun nəzərə alınması, bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondunun ayrılması, həmin torpaq Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlik əsasında verilməsi, torpaq sahəsi paylanmamışdan əvvəl sifarişçi tərəfindən sahənin baş planının tərtib etdirilməsi, torpaqların baş plana uyğun verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 17.03.2021-ci il tarixli, 059 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsi tərəfindən vətəndaş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci tarixli fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün arayış təqdim olunmuşdur. Vətəndaş İddiaçı ARPİİ-nin X3 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən adına torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinə dair təqdim olunmuş sənədlərin əsli bir nüsxədən tərtib olunaraq vətəndaşa təqdim olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 05.04.2021-ci il tarixli, H-58 nömrəli məktubunda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamı Abşeron rayon Dövlət arxivində aşkar edilmədi. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 096 saylı sərəncamı 15 aprel 1999-cu il tarixdə verilmişdir. Məlumat üçün bildirilir ki, Abşeron rayon İHB-nın 15.04.1999-cu il tarixli 096 saylı sərəncamı ilə vətəndaşlara 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın təsdiq olunmuş arxiv çıxarışı sizə göndərilir. Məlumat üçün bildirilir ki, həmin sərəncama adlı siyahı, cizgi və Buzovna tərəvəzçilik-südçülük sovxozunun sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.08.2021-ci il tarixli, **********23 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin elektron bazasında araşdırma aparılmış ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, naturada koordinatları müəyyən edilmiş, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun sərhədlərindən kənarda yerləşir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsindən sözügedən qaz xəttinə ən yaxın məsafə 44 metrdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4595/2021 nömrəli, 29.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-339 saylı, 0.06 ha torpaq sahəsi naturada Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktı daxilində yerləşirmi? - İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-339 saylı, 0.06 ha torpaq sahəsi qaz xəttinin mühafizə zonasında yerləşirmi? Yerləşdiyi təqdirdə torpaq sahəsinin mühafizə zonasında olan hissəsi nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2022-ci il tarixli, 10/6807 nömrəli məktubu ilə təqdim edilmiş 12.01.2022-ci il tarixli, 10/6807 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.08.2021-ci il tarixli, **********23 saylı mütəxəssis rəyinə əsasən, naturada koordinatları müəyyən edilmiş, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun sərhədlərindən kənarda yerləşir və həmin torpaq sahəsindən sözügedən qaz xəttinə ən yaxın məsafə 44 metr təşkil edir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdə olan məlumatlara əsasən, torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə sahəsi 692 kv.m təşkil edir. Torpaq sahəsinin şimal-şərq küncündən 6 metr (təqribən 40 kv.m sahə) hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində qeyd olunmuş mühafizə zonasına düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 14.10.2020-ci il tarixli, **********05 nömrəli məktubda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından kənarda yerləşir. Həmçinin torpaq sahəsinin 62.0 kv.m hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-339 saylı torpaq sahəsində yerləşən 0.06 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 15.04.1999-cu il tarixli 096 nömrəli sərəncamı, Buzovna tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4) Həmkarlar Təşkilatının 17.05.2003-cü il tarixli, 02 saylı protokoluna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 21.05.2003-cü il tarixli, 28 nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrıldığını əsas gətirməklə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən torpaq sahəsinin sovxozunun ayrıc aktından kənarda yerləşdiyini, eləcə də torpaq sahəsinin 62.0 kv.m hissəsinin qaz xəttinin mühafizə zonasında yerləşdiyini əsas götürməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X4) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan X4 rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X4nin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı iş üzrə torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 15.04.1999-cu il tarixli 096 nömrəli sərəncamı, Buzovna tərəvəzçilik-südçülük sovxozu Həmkarlar Təşkilatının 17.05.2003-cü il tarixli, 02 saylı protokoluna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 21.05.2003-cü il tarixli, 28 nömrəli əmri ilə iddiaçıya ayrılmış olsa da torpaq sahəsinin Sovxoza ayrıc aktından kənar yerləşməklə, bununla da sovxoza ayrılmış torpaq sahəsinə aid olmadığı müəyyən olunmuşdur. Bundan əlavə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna edilmiş Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri üzrə: 9.9. şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin istismarda olan xarici qaz xətləri (qəsəbələrarası birləşdirici qaz kəmərləri daxil olmaqla), qaz tənzimləyici qurğuları olan məntəqələr və ölçü qovşaqları təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. İddiaçının iddia etdiyi torpaq sahəsindən sözügedən qaz xəttinə ən yaxın məsafə (ekspert rəyinə əsasən) 44 metr olduğu, torpaq sahəsinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində qeyd olunmuş mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Beləliklə, iş üzrə ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçının iddia etdiyi və üzərində fərdi yaşayış evi olan torpaq sahəsi həmin ərazidən keçən qaz xətinin mühafizə zonasında yerləşdiyindən təhlükəsizlik cəhətdən əliverişsizdir. Bu cür ərazilər əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aiddirlər. Belə olan halda yuxarıda sadalanan normalara əsasən mübahisəli torpaq sahəsi qaz xəttinin mühafizə zonasında yerləşdiyindən həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 50 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar