Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-677/2024 03.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, iddiaçının fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, iddiaçının təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 3 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1952-ci il təvəllüdlüdür. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək pensiyanın sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanıb ödənilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1229 nömrəli Fərmanına əsasən vətəndaşın elmi müəssisə təşkilatlarda əmək fəaliyyəti 20 il 11 ay təşkil etdiyi üçün və vətəndaşın xx.xx.2019-cu il tarixli aktiv əmək müqaviləsi qüvvədə olduğu üçün təqaüdün təyin edilməsi qanunvericilik baxımından mümkün hesab edilmir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş vəsait (3240.00 manat) müəyyən edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən vətəndaşın elmi müəssisə və təşkilatlarda əmək fəaliyyəti 20 il 11 ay təşkil etdiyi üçün və vətəndaşın xx.xx.2019-cu il tarixli aktiv əmək müqaviləsi qüvvədə olduğu üçün təqaüdün təyin edilməsi qanunvericilik baxımından mümkün hesab edilmir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, “...təqdim etdiyiniz əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajınız (20 il 11 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemində olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixindən adınıza aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" MMC) olduğu üçün sizə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, hüququnuz olmadığı halda sizə xx.xx.2021-ci il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən təqaüdün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək təqaüd üzrə artıq ödəmə müəyyən olunmuşdur”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********9 №-li, xx.xx.2022-ci il tarixli **********7 №-li və xx.xx.2023cü il tarixli 3-17-1/1-Q-25468/2023 №-li Qərarlarının ləğv edilməsi, iddiaçının təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də aktiv əmək müqaviləsi ilə fəaliyyət göstərdiyini əsas gətirərək, təqaüdün təyin edilməsindən imtina edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdən həmin müəssisə fəaliyyət göstərmir və fəaliyyəti dayandırılmış **********891 nömrəli VÖEN altında yerləşir. Beləliklə, görünür ki, o, heç bir gəlir əldə etməmişdir, vergi ödəyicisi deyil. İnzibati orqan tərəfindən qəbul olunmuş bu akt qeyri-qanunidir. Aktın özündə əsaslandırma qeyd olunmamışdır və hüquqlarını kobud şəkildə pozmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10 avqust 1999-cu il tarixli 52 nömrəli əmri ilə təsdiq ediliş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası haqqında Əsasnamə”də elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları öz əksini tapmadığından, həmin təşkilat “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elmi müəssisə və təşkilat anlayışını özündə ehtiva etmir. Bu baxımdan iddiaçının həmin müəssisədə olan sığorta stajı yuxarıda qeyd olunan təqaüdün təyin olunması üçün əsas deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə ona təyin edilmiş pensiya məbləğinin azaldılmasına, onun pensiyasından tutulmaların aparılmasına səbəb olduğundan onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qərarın ləvği ilə yanaşı həmçinin pensiyadan tutulmuş məbləğöin qaytarılması, pensiyadan tutulmaların qadağan edilməsi, həmçinin pensiyanın yenidən hesablanmasını xahiş edir ki, bu tələblər pensiyanın yenidən hesablanması barədə qərarın nəticəsidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı xx.xx.2022-ci il tarixli **********9 №-li, xx.xx.2022-ci il tarixli **********7 №-li və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-25468/2023 №-li Qərarları mübahisələndirir və xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qeyd olunan qərarların iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2015ci il tarixdən xx.xx.2021-ci il tarixədək pensiyanın sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanıb ödənilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının adına xx.xx.2019-cu il tarixindən aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" MMC) olduğu, eyni zamanda iddiaçıın elmi müəssisə təşkilatlarda əmək fəaliyyətinin 20 il 11 ay (25 ildən az) təşkil etməsi əsası ilə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək təqaüd üzrə 3240.00 manat artıq ödəmə hesablanmışdır. Bununla bağlı cavabdeh xx.xx.2022-ci il tarixli **********9 №-li, xx.xx.2022-ci il tarixli **********7 №-li və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q- 25468/2023 №-li Qərarlar qəbul etmişdir. Hazırda iddiaçı cavabdehin qərarlarını əsassız hesab edərək ləğv edilməsi, iddiaçının təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassız olmaqla iddia təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: - Tutmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. - Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyə qədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “inzibati icraat haqqında” Qanunun yuxarıda qeyd oluna tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmiş və həmin aktı bilavasitə icra edilməsinə başlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bundan başqa iddiaçı cavabdeh iddiaçının təqaüd ödənişlərinin dayandırılması barədə qərar qəbul etmişdir ki, inzibati icraat haqqında qanuverilicilikdə inzibati aktın ləğv edilməsi və ya etibarsız hesab edilməsi anlayışları vardır. Cavabdeh tərəfindən iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsində görə təqüdün təyin edilməsinə dair əlverişli inzibati aktı mövcuddur. Həmin akt ləvğ edilənə, dəyişdirilənə, geri çağırılana kimi qüvvədədir. Cavabdeh isə həmin aktı ləğv etmədən, dəyişdirmədən təqaüd ödənişlərini dayandırmışdır. Cavabdehin etirazının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh təqaüdün dayandırılması ilə bağlı iki hala istinad edir: 1) iddiaçının aktiv əmək müqaviləsinin olması; 2) iddiaçının elmi müəssələrdə iş stajının 25 ildən az olması. Birinci halla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı verilmiş sorğuya Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş “Lotar Trading “ MMC-nin 2019-cu ilin İ-İİİ rüblərinə dair məcburi dövlət sosial sığortası üzrə hesabatlarında sığortaolunanlar və məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatlar qeyd edilməmişdir. MEİS-də 2019-cu ilin İV rübündən 2023-cü ilin İV rübünə kimi "xxxx" MMC-yə dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin 21 may 2024-cü il tarixli məktubuna əsasən uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2044-cü il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi və sosial haqqı ödənişləri müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh istinad etdiyi MMC faktiki olaraq fəaliyyət göstərmir, fəaliyyəti dayandırılmış vəziyyətdədədir. MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi və sosial haqqı ödənişləri müəyyən edilməmişdir. Belə olan halda iddiaçının adına formal əmək müqaviləsinin olması, onun işləməyən əmək pensiyaçısı statusunda olması qənaətinə gəlmək üçün əsas sayılmır. Cavabdehin digər dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, cavabdeh iddiaçının elmi müəssisələrdə fəaliyyəti bağlı stajını hesablayarkən alarakən onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsindəki dövrü nəzərə almır. Bu halla bağlı cavabdeh ona istinad edir ki, həmin İdarə elmi müəssisə deyildir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2021-ci il tarixədək qüvvədə olan 19.2-ci maddəsinin tələblərinə uyğun olaraq əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixdən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Fərmanın 2-ci və 2.1 -ci bəndlərinə əsasən 2021-ci ilin yanvar ayının 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranan şəxslərə elmi dərəcəyə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən 2022-ci il yanvarın 1-dən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata, 13 yanvar 2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən 2023-cü il yanvarın 1-dən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1.0.22-ci maddəsinə əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxsdir. Qanunun 10.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatlara aşağıdakılar daxildir; dövlət ali elmi təşkilatı; elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər); ali təhsil müəssisəsinin elmi qurumları; elmi mərkəzlər; təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr; elmi işçilərin ictimai qurumları. Qanunun 10.5.6-cı maddəsinə əsasən elmi müəssisə və təşkilatların nizamnaməsində elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları olmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikasının 271-VQ nömrəli, 14 iyun 2016-cı il tarixli Qanunun 1.0.22-ci maddəsinə əsasən elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs elmi müəssisə və təşkilat hesab olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 10.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Dövlət Gömrük Komitəsi) gömrük işi sahəsində tədqiqatların aparılması, kadrların hazırlanması və ixtisasının artırılması məqsədilə elmi tədqiqat və tədris müəssisələri, gömrük fəaliyyətinin həyata keçirilməsinə yardım edən digər qurumlar yarada bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Strukturunun 2.4-cü bəndinə əsasən X2 İdarəsi Dövlət Gömrük Komitəsinin tabeliyində olan digər qurumlardan biridir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “100/008” nömrəli 10 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsi haqqında Əsasnamə”nin 2-ci hissəsində həmin İdarənin fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: gömrük ekspertizalarını keçirir və təhqiqatlar aparır; elmi-tədqiqat işlərini aparır, yeni metodlar hazırlayır və təkmilləşdirir; gömrük orqanlarının ekspert təminatına köməklik göstərir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Həmin Əsasnamənin 3.1.1-ci yarımbəndində X2 İdarəsinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq hansı məqsədlər üçün gömrük ekspertizasını apardığı müəyyən edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi X2 İdarəsi gömrük işi sahəsində elmi-tədqiqat işləri aparır və gömrük ekspertizalarını keçirir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 768-İQ nömrəli 07 dekabr 1999-cu il tarixli “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanununun 1-ci bəndinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Təqdim edilən sənədlərdən müəyyən edilir ki, X2 İdarəsinin bir sıra fəaliyyətləri ilə yanaşı İdarə həmçinin elmi-tədqiqat işlərini aparır, yeni metodlar hazırlayır və təkmilləşdirir. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər) elmi elmi müəssisə və təşkilat sayılır. Cavabdeh Qanunun 10.5.6-cı maddəsinə istinad edərək bildirir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Nizamnaməsində elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları olmadığından həmin İdarə elmi müəssisə sayılmır. Lakin məhkəmə qeyd edir ki, İdarənin Nizamnaməsində elmi və ya elmi-texniki şura və onun təşkili qaydalarının göstərilməməsi, həmin müəssisənin elmi elmi müəssisə və təşkilat olmaması anlamına gəlmir. Qeyd edilən məsələ X1 qeyd edilən normasının tələbinin nəzərə alınmamasına dəlalət edə bilər. Belə olan halda, cavabdeh iddiaçının həmin müəssədəki iş dövrünü elmi müəssisə hesab etməməklə düzgün nəticəyə gəlməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 №-li, xx.xx.2022-ci il tarixli **********7 №-li və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-25468/2023 №-li qərarları ləğv edilsin. İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd ödənişinin dayandırılması qanunsuz hesab edilsin. İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd ödənişinin bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-677/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-677/2024
03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver