Məhkəmə qərarları › İş №2-1(112)-6771/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6771/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6771/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Nəsimi rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır, ona heç bir xəbər edilmədən, bildiriş göndərilmədən həmin polis idarəsindən qeydiyyatını çıxarmışlar. Bununla bağlı, Nəsimi Rayon Polis İdarəsinə yaxınlaşanda Nəsimi rayon Polis İdarəsinin qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməsi bildirilmişdir. O, bununla bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir. Bir müddət sonra Nəsimi rayon Polis İdarəsinin №082-42886X-3222 məktubu ilə heç bir əsas gətirmədən iddiaçını Nəsimi rayon Polis İdarəsinin inzibati binasına yenidən qeydiyyata almaqdan imtina edilmişdir. Cavab məktubunun məzmunu belə göstərilmişdir ki, “Yaşayış yeri olduğu yer üzrə qeydiyyat" 5-ci maddəsini isdinad edərək iddiaçının Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 13V ünvanına qeydiyyatından imtina ediblər, halbuki o, Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşdüyünü bildirmişdir. Hal-hazırda adında fərdi yaşayış evi və heç bir mənzil mülkiyyəti olmadığı üçün qeydiyyata düşə bilmir. Qeydiyyatı olmadığı üçün onun bir çox konstitusion hüquqları pozulmuşdur. Bu səbəbdən də, pensiya almaq üçün müraciət edə bilmir, bəzi arayış və sənədləri əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, bildirdi ki, əvvəllər Yasamal rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuşdur. Sonra isə onu hər hansı əsas gətirmədən qeydiyyatdan çıxarmışlar. Uzun müddətdir ki, Nəsimi rayonu, N.Məlikov küçəsindəki 13 V saylı fərdi yaşayış evində yaşayır. Həmin evə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdrur. Hazırda yaşadığı ərazi üzrə Nəsimi rayon Polis İdarəsinə qeydiyyata alınmaq üçün müraciət etsə də, təmin edilməmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 13V ünvanına qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçməyə əsas verən sənəd təqdim etmədiyi əsas gətirilərək həmin fərdi yaşayış evinə qeydiyyata alınmasından imtina edilmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının Nəsimi RPİ-nin inzibati binası üzrə qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 55s saylı sərəncamına istinad edilərək faktiki yaşayış yeri olan şəxslərin yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -İddiaçının hazırda qeydiyyatda olduğu ünvan barədə məlumat verilməsi barədə məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanından xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. -Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Nəsimi RPİ QMB-yə qanunsuz tikili olan evinə qeydiyyata düşməklə bağlı müraciət etmişdir. Xalıqov X1 RPİ-nin inzibati binasında qeydiyyatda olmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 13V saylı yaşayış evinin dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 13V saylı evdə qeydiyyatsız yaşayır. Yaşadığı evə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış sahəsinə köçmək üçün hüquq verən sənədləri mövcud deyil. İddiaçı uzun müddət Yasamal RPİ-nin inzibatı binasında qeydiyyatda olmuş, 2021-ci ildə oradan qeydiyyatdan çıxarılmışdır. İddiaçı faktiki yaşadığı yer üzrə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələbi ilə yaşadığı Nəsimi rayonu üzrə polis idarəsinin inzibati binasına qeydiyyata alınmaq üçün cavabdehə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. Hazırda cavabdehin sonuncu imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Ona görə də iddiaçının uzun müddət özbaşına inşa edilmiş tikilidə məhz yaşaması faktına istinad etməsi onun mübahisəli ünvana qeydiyyata alınması üçün əsas verə bilməz. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur Hazırkı işin müəyyən edilmiş hallarından isə göründüyü kimi, iddiaçı faktiki yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 13V ünvanı ilə bağlı hansısa hüququnun mövcud olmasını və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsini təsdiq edən qanunla tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim edə bilməmişdir. Bu səbəbdəndir ki, cavabdeh inzibati orqan tərəfindən də iddiaçının faktiki yaşadığı ünvana qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli “55 s” saylı Sərəncamının 1-ci bəndində qeyd edilmişdir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Nazirlər Kabinetinin sözügedən Sərəncamı ilə yaşayış yeri olmayan şəxslərə münasibətdə onların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur. Sözügedən Sərəncam yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal iş üzrə mövcuddur. Belə ki, məhkəmə tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən Yasamal RPİ-nin inzibati binasından qeydiyyatdan çıxarılmışdır. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması, onun yaşayış yerinə dair hüquqmüəyyənedici sənədlərinin olmaması, hal-hazırda faktiki yaşadığı ünvan Nəsimi rayonunun inzibati ərazisi daxilində yerləşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İ-ci hissəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin şəxsin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi baxımından qiymətləndirərək bildirir ki, Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar