Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6775/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - İddiaçılar) cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, onların ünvan 1 ünvanına qeydiyyata alınmalarını xahiş etmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixli 065-1756A-3222 saylı məktubla ərizəni təmin etməkdən imtina etmiş, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən qeyd olunan ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyata alınmanın həyata keçiriləcəyini bildirmişdir. İddiaçılara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 2 ünvandakı qeydiyyatsız yaşadıqları mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı2 ailə üzvləri ilə birlikdə 1989-cu ildən ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Həmin vaxtdan da mənzilə dair kommunal xərcləri əvvəlcə həyat yoldaşı ödəmiş, həyat yoldaşı vəfat etdikdən sonra isə özü tərəfindən hazıradək həmişə vaxtında ödənilir. 1993-cü ildə Prezident seçkiləri ərəfəsində onların seçkilərdə iştirak hüququ nəzərə alınaraq Səbail RPİ-də qeydiyyata alınmış, yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilmişlər. İddiaçı2 polisdə qeydiyyatda olmaqla faktiki olaraq 1989-cu ildən yuxarıda qeyd edilən ünvanda qeydiyyatsız yaşamışdır və hazırda da xx.xx.1987-ci il təvəllüdlü oğlu İddiaçı1 ilə birlikdə yaşamaqda davam edirlər. İki ay əvvəl ASAN xidmət mərkəzinə müraciət edən zaman ona bildirmişlər ki, artıq onun Bakı şəhərinə qeydiyyatı yoxdur. Bundan sonra Səbail RPİ-nə müraciət etmiş və məlum olmuşdur ki, xəbəri olmadan onu qeydiyyatdan çıxarmışlar. Bundan sonra yaşadığı mənzilə dair mənzil kirayəsi haqqında məlumatın surətini də əlavə etməklə ərizə ilə Səbail RPİ-nə müraciət edərək ünvan 3 ünvana qeydiyyata alınmalarını xahiş etmiş, cavabdeh qeydiyyata almaqdan imtina etmişdir. İddiaçılar bu imtinanı əsassız hesab edir. Təqdim edilən mənzil kirayəsi haqqında məlumatdan görünür ki, onlar uzun illərdir ki, qeyd edilən ünvanda qeydiyyatsız yaşayırlar, həmçinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla da təsdiq edilir ki, onlar həmin ünvanda qeydiyyatsız yaşayırlar. Ünvanda sentyabr 2005-ci il tarixdən məişət tullantılarının daşınma haqqını ödəmək üçün məlumat vərəqi açılmışdır. İddiaçı qeyd edir ki, arayışda 2005-ci il qeyd edilsə də, onlar həmin ünvanda 1989-cu ildən yaşamaqla kommunal xərcləri ödəmişlər. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun çıxış edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçıların mübahisəli ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlərr. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini təqdim etməmişlər. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 642 nömrəli arayışda göstərilmişdir ki, iddiaçılar mübahisəli ünvanda qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3, 198 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Beləliklə, sadalanan hallardan müəyyən olunur ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak özbaşına tikilidir, həm əmlak, həm də onun yerləşdiyi ünvan qeydiyyata alınmamışdır. İddiaçılar mübahisəli ünvanda yerləşən evin kirayəçisi olmalarını bildirsələr də, bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göründüyü kimi, qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün Qanunun 5-ci maddəsində göstərilən sənədlərin təqdim edilməsini birbaşa tələb kimi müəyyən etmiş və həmin sənədlər təqdim edilmədiyi halda qeydiyyata alınmadan imtina olunmasını təsbit etmişdir. Deməli, bunun əksi qanunaziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü madədsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Beləliklə, sadalananlara əsasən müəyyən olur ki, iddiaçılar qeydiyyata alınma barədə hazırkı tələbi irəli sürsələr də, qeydə alınmalarını tələb etdikləri evə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən mülkiyyətçinin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6775/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6775/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver