Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6775/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, X19, İddiaçı2, X20, X6, X16 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları İddiaçı1 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən evə (bundan sonra – fərdi yaşayış evi) yaşayış yeri üzrə qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 3-13-48/2-M12xx/xx/2023 saylı məktubla müraciəti təmin etməkdən imtina etmiş və iddiaçıya qanunvericiliyin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra İddiaçı1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhər, Qaradağ X14 xx.xx.1988-ci il tarixli, 15/185 saylı qərarı ilə Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, YYM-1, 33 saylı küçədə ona və ailə üzvlərinə 4 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini yaxınlığında yerləşən 4b saylı evin 92 saylı mənzilini satmış və həmin pulla ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa edərək ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. Onun və ailə üzvlərinin həmin evə qeydiyyata alınmaları ilə bağlı cavavdehə müraciət etmiş, lakin cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İddia ərizəsi icraat qəbul edildikdən sonra İddiaçı3, X19, İddiaçı2, X20, İddiaçı4, X6, X7, X21 məhkəməyə yazılı ərizə ilə müraciət edərək onların hazırki iş üzrə birgə iddiaçı kimi işə cəlb edilmələrini və 4 azyaşlı uşaqları X3, X4, X5 və X2 fərdi yaşayış evinə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında yazılı vəsatət təmin edilərək onlar birgə iddiaçı kimi işə cəlb olunmuş və eyni zamanda iddia tələbi göstərilən qaydada icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Digər iddiaçılar İddiaçı4 və Səbinə Məmmədova məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəblərini məhkəmə iclasında iştirak edən iddiaçılar həmin şəxslərin səhhəti ilə bağlı olmasını bildirdilər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 67.2ci maddəsinin tələblərinə görə işə məhkəmə iclasında iştirak etməyən iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçların və yetkinlik yaşına çatmayan uşaqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İddia ərizəsinə surəti əlavə edilmiş və əsli məhkəmə iclasında təqdim edilmiş Qaradağ rayon X14 xx.xx.1988-ci il tarixli 15/185 saylı qərarına əsasən Müşfiqabad qəsəbəsi ev 4b, mənzil 92 ünvanında yaşayan İddiaçı1r oğluna qəsəbənin ərazisindən 400 kv.m. torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə surəti əlavə edilmiş və əsli məhkəmə iclasında təqdim edilmiş “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” sənədinə əsasən İddiaçı1 Məmmçədbağır oğlu Bakı şəhəri, Qaradağ rayonu, Muşfiqabad qəsəbəsi, 33-cü küçə, ev 35 dair layihə Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Burosu tərəfindən hazırlanmışdır. Qaradağ rayon Müşfiqabad bələdiyyəsi tərəfindən verilmiş X25 Kodu barədə Şəhadətnaməyə əsasən İddiaçı1r oğluna YYM-1, küçəsi 33, ev 35 ünvanı üzrə 110714827CR8 nömrəli kod açılmışdır. Qaradağ rayon Müşfiqabad bələdiyyəsi xx.xx.2022-ci il tarixli 641 № li arayışında qeyd edilmişdir ki, X1 bələdiyyəsinin inzibati ərazisi olan Müçfiqabad qəsəbəsi, YYM-1, küçə 33, ev 35 ünvanında həyat yoldaşı X7 ilə birlikdə atası İddiaçı1r oğluna məxsus fərdi yaşayış evində qeydiyatsız yaşayırlar və İddiaçı1 bələdiyyə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına qeydiyyata alınması üçün müvafiq sənədləri təqdim etməlidir ki, bu zaman şəxsin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən biri kimi order qeyd olunmuşdur. İşin yuxarıda sadalanan hallarından məlum olur ki, iddiaçılar onlara ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada qeydiyyatsız yaşayırlar. Qeyd edilən evin yerləşdiyi torpaq sahəsinin iddiaçı və ailə üzrləinə ayrılması barədə Qaradağ rayon X14 qərarı məhkəməyə təqdim edilmişdir. Mülki Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçılar fəredi yaşayış evi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etsə də, cavabdeh İdarə bu halı nəzərə almamış, hər hansı əsaslandırma olmadan iddiaçıların tələbini təmin etməklə onların hüquqlarının pozulmasına yol vermişdir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” ( “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçılar tələblərinin təmin olunması üçün zəruri olan faktiki şərtləri sübuta yertirdiyindən iddia tələbi təmin olunmalıdır. İnzibati prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin olunsun. İddiaçılar İddiaçı1r oğlu, İddiaçı3, X19, İddiaçı2, X20, İddiaçı4, X6, X7, X21 və onların yetkinlik yaşına çatmayan uşaqları X3, X4, X5 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabaq qəsəbəsi, 33-cü küçədə yerləşən 35 saylı fərdi yaşayış evinə qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6775/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6775/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver