Məhkəmə qərarları › İş №2-1(112)-678/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-678/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-678/2021 26.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Y.Bədəlov küçəsi ev 23, mənzil 2) və onun nümayəndəsi (vəkili) X4 (Ünvan: Bakı şəhəri, Dəmiryol küçəsi ev 12, mənzil 2; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili), cavabdehin nümayəndəsi X5 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 8, ev 59; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Hüquq şöbəsi, baş mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxslər -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tədqiqat Kardiologiya İnstitutu, Azərbaycan Respublikası Dövlət X7 və Azərbaycan Respublikası Mərkəzi Neftçilər Xəstəxanası qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 25.05.2017-ci il tarixdən ümumi xəstəliyə görə təyin edilmiş ikinci dərəcəli əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi, 25.05.2017-ci il tarixdən 25.05.2022-ci il tarixədək təyin edilmiş əmək pensiyasının onun ödənilməsinin dayandırıldığı 01.07.2019-cu il tarixdən hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 12.05.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 17.03.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tədqiqat Kardiologiya İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası, 17.06.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 20.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir. Həmçinin, məhkəmənin 20.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyinin verilməsi Səhiyyə Nazirliyi Tədqiqat Kardiologiya İnstitutunun mütəxəssislərinə (həkimlərinə) həvalə edilmişdir. 27.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin T 363/2020 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 26.04.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının 25.05.2017-ci il tarixli rəyinə əsasən iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin olunmuş və 5 (beş) il müddətinə, yəni 25.05.2017-ci il tarixdən 25.05.2022-ci il tarixədək əmək pensiyası təyin edilmişdir ki, həmin pensiyanı 30.06.2019-cu il tarixədək almışdır. 2019-cu ilin iyul ayından pensiyanın ödənişi dayandırılmış və səbəb kimi ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail Rayon şöbəsinin 04.07.2019-cu il tarixli **********4 saylı məktubu ilə bildirilmişdir ki, onun əlilliyi Tibbi-Sosial Ekspertiza və X3 etibarsız hesab edilmişdir. Bu səbəbdən də pensiyanın ödənişinin dayandırılması, 25.05.2017-ci il tarixdən 30.06.2019-cu il tarixədək ödənilmiş 20.349,08 (iyirmi min üç yüz qırx doqquz manat 08 qəpik) manat məbləğində ödənilmiş vəsaitin könüllü surətdə şöbənin hesabına bərpa etməyi tövsiyyə olunmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və həmin Nazirliyin yanında DSMF-nun Səbail Rayon Şöbəsinə 02.08.2019-cu il tarixli müraciətlər ünvanlayaraq 1982-2017-ci illərdə dövlət qulluğunda çalışdığını, səhhətində yaranmış ciddi problemlərə görə işləmək iqtidarında olmadığını, xəstəliyi ilə bağlı ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 25.05.2017-ci il tarixdən İİ dərəcəli əlillik təyin edildiyini (Forma 88 nömrəsi 4083003AACAC), ürək xəstəliyindən əziyyət çəkdiyini, illərdir ki, vaxtaşırı müayinələrdən keçərək həkimlərin təyinatı üzrə dava-dərmanlar qəbul etdiyini, sağlamlıq vəziyyətinin ağırlaşması səbəbindən 06.10.2018-ci il tarixdən 20.10.2018-ci il tarixədək və 29.05.2019-cu il tarixdən 10.06.2019-cu il tarixədək C.Abdullayev adına X1 müalicələr aldığını və hal- hazırda da müalicələrinin davam etdiyini bildirərək pensiya ödənişinin bərpasını xahiş etmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Bundan sonra, ona hüquqi yardım göstərilməsi üçün müqavilə bağladığı 4 saylı Vəkil Bürosu tərəfindən həm ƏƏSMN yanında DSMF-nun Səbail Rayon Şöbəsinə, həm də ki, iddia üzrə cavabdehə vəkil sorğuları ünvanlanaraq əlilliyinin etibarsızlığı ilə bağlı qərarın surətinin verilməsi xahiş edilmiş, lakin həmin sorğulara cavab verilməmişdir. Odur ki, cavabdehə 16.12.2019-cu il tarixdə məktub ünvanlayaraq ona İİ qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının kəsildiyi vaxtdan, yəni 01.07.2019-cu il tarixdən bərpa edilməsini xahiş etmiş və həmin məktuba cavab olaraq cavabdeh tərəfindən ünvanına 09.01.2020-ci il tarixdə daxil olmuş **********4 saylı 19.12.2019-cu il tarixli məktubla ona barəsində olan müalicə məlumatlarının səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlilliyinin əlillik Alt sistemində etibarsız edildiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı X7nın 4083003AACAC saylı göndərişi əsasında 25.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir, xxxx Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra- ADY QSC) Həkim -Sanitar Xidmətinin 15.02.2019-cu il tarixli NVS-46 nömrəli məktubu ilə 39 şəxsin, o cümlədən İddiaçı (siyahıda 16-cı şəxs) aid müalicə epikrizləri və tibbi rəylərin təsdiqini tapmadığı və ona aid 4083003AACAC saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən Bakı X7nın 4083003AACAC saylı göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinə hər hansı cavab verilməmişdir. İş materiallarından görünür ki, 4083003AACAC nömrəli Göndərişə (Forma 88) əsasən İddiaçı 25.05.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, “xxxx” QSC məhkəmənin sorğusuna cavab olaraq 12.08.2020-ci il tarixli məktubla bildirmişdir ki, Bakı Dəmir yolu xəstəxanası tərəfindən İddiaçı 23.05.2017-ci il tarixdə əlillik təyin edilməsi üçün Forma 88 verilmiş, lakin, sonradan xəstəxana tərəfindən verilmiş göndərişə yenidən baxılan zaman və görülmüş işlər təhlil edilərkən qeyd edilən göndərişin tərtib edilməsi üçün əsas olmuş sənədlər aşkar olunmadığından, göndərişin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. İş materiallarından görünür ki, “xxxx” QSC İddiaçı barəsində tərtib edilmiş 4083003AACAC nömrəli Göndərişin (Forma 88) surətini məhkəməyə təqdim etmişdir. Həmin Göndərişə əsasən iddiaçıya “ ürəyin xroniki işemik xəstəliyi ÜİX, stabil gərginlik stenokardiyası f.s.İİİ-İV, tez-tez tutmalarla” əsas diaqnoz qoyulmuşdur. İş materiallarından görünür ki, 27.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin T 363/2020 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “vətəndaş İddiaçı 29.05- 10.06.2019-cu il tarixlərdə X1 “i20.1 ÜİX: sabit gərginlik stenokardiyası İİİ funksional sinif; i25.5 ÜİX-işemik kardiomiopatiya; i11.1 Hipertoniya xəstəliyi İİ dərəcə, döş fəqərələrinin osteoxondrozu; i50.0 Xroniki ürək çatmamazlığı İİ funksional sinif” diaqnozu ilə müayinə və müalicə olmuş, 23.12.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertiza aparılarkən elektrokardio-qrafiya, dopper exokardioqrafiya və mütəxəssi müayinələri əsasında həmin diaqnoz bir daha təsdiq olunmuşdur. Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına” uyğundur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci yarımbəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdehin nümayəndəsinin izahatından da müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvi ilə bağlı hər hansı qərar qəbul edilməmiş və müvafiq elektron sistemdə düzəliş edilməklə iddiaçının əlilliyi ləğv edilmişdir. Həmçinin, tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsinə dair əsaslı şübhələr olduğunu qeyd etsə də bununla bağlı iddiaçını şəxsi əyani müayinəyə cəlb etməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və bununla əlaqədar olaraq iddiaçının əyani müayinəyə cəlb edilməsi, müayinənin nəticələrinə əsasən əlilliyin ləğvi barədə qərar qəbul edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icaatın tam və hərtərəfli olaraq aparılmadığı müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Bakı Dəmir yolu xəstəxanası tərəfindən İddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş göndərişin (Forma 88) ləğv edilməsi (etibarsız hesab edilməsi), iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və bununla əlaqədar olaraq iddiaçının əyani müayinəyə cəlb edilməsi, müayinənin nəticələrinə əsasən əlilliyin ləğvi barədə qərar qəbul edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin T 363/2020 saylı ekspert rəyi ilə iddiaçı barəsində tərtib edilmiş Göndərişdə qeyd edilən əsas diaqnoz öz təsdiqini tapdığından, həmçinin qanuvericiliyin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadığından İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılır. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar