Məhkəmə qərarları › İş №2-1(112)-6780/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6780/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6780/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydlərində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun soyadının “Əkbərova”dan “Xəlilova”ya dəyişdirilməsi və bu barədə doğum və nikah haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1965-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Cavabdehin 29 saylı, xx.xx.2014-cü il tarixli soyadın, adın və ata adın dəyişdirilməsi haqqında akt qeydinə əsasən soyadı “Əkbərova”dan “Xəlilova”ya, adı isə ”Gülnarə”dən “Zenfira”ya dəyişdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkməsinin 2-1(82)-3559/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən yenidən soyadı “Xəlilova”dan “Əkbərova”ya, adı isə “Zenfira”dan “Gülnarə”yə dəyişdirilməsi qərara alınmışdır. Qərar icra olunarkən texniki yanlışlığa yol verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə cavabdehə doğum və nikah haqqında akt qeydində soyadının “Əkbərova”dan “Xəlilova”ya dəyişiklik edilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Onun doğum və nikah akt qeydlərində soyadı «Əkbərova»dan «Xəlilova»ya dəyişdirilməlidir. Onun doğum və nikah haqqında akt qeydində olan soyadların dəyişdirilməməsi ona və ailəsinə mənfi təsir edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 31 saylı məktubda qeyd edilir: Nərimanov rayon qeydiyyat şöbəsi yazaraq Sizə bildirir ki, xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Nərimanov rayon qeydiyyat şöbəsinin 29 saylı, xx.xx.2014-cü il tarixli soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən soyadınız “Əkbərova”dan “Xəlilova”ya, adınız “Gülnarə”dən “Zenfira”ya, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3559/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən isə yenidən soyadınız “Xəlilova”dan “Əkbərov”ya, adınız “Zenfira”dan “Gülnarə”yə dəyişiklik edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1 və 6.3-cü bəndlərinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Hazırki halda yuxarıda adı çəkilən müddəalara uyğun olaraq istisna hallar Sizə tətbiq oluna bilmədiyindən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş AZ-İİİ seriyalı 909614 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur, atası X6, anası X4r, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1965-ci ildə 1467 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfinən xx.xx.2021-ci il tarixdə verilmiş 05/Q-3135/69 nömrəli arayışdan görünür ki, X10 ilə İddiaçı nikahı haqqında xx.xx.1989-cu il tarixdə 762 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Sumqayıt nikah evi. Nikah bağlandıqdan sonra ərə Əkbərov, arvada Əkbərova soyadı verilmişdir. Qeyd: Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli, 29 saylı ad soyad dəyişmə akt qeydinə əsasən soyadı “Xəlilova”dan “Əkbərova”ya, adı “Zenfira”dan “Gülnarə”yə dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, iddiaçı Əkbərova (Xəlilova) Gülnarə (Zenfira) Əlihüseyn qızı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli 29 saylı Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin surətindən görünür ki, qeydiyyat şöbəsinin rəyi ilə İddiaçı soyadı Əkbərovadan Xəlilovaya, adı Gülnarədən Zenfiraya dəyişdirmişdir. Bu akt qeydinin əsasında 6AZ-İ seriyalı, 009655 saylı şəhadətnamə verilmişdir (həmin aktın təsdiqlənmiş surəti cavabdeh tərəfindən xx.xx.2022ci il tarixli məktubla da məhkəməyə təqdim edilmişdir). Həmin məktuba əlavə edilmiş xx.xx.2017-ci il tarixli 23 saylı Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin surətindən görünür ki, 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin 2-1(82)-3559/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə X1 Xəlilovadan Əkbərovaya, adı Zenfiradan Gülnarəyə dəyişdirmişdir. Bu akt qeydinin əsasında AZ-İ seriyalı, 019931 saylı şəhadətnamə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Əkbərova (Xəlilova) Gülnarə (Zenfira) Əlihüseyn qızına məxsus 1467 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Əkbərova (Xəlilova) Gülnarə (Zenfira) Əlihüseyn qızı xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası X6, milliyyəti azərbaycanlı, anası X5, milliyyəti azərbaycanlı qeyd edilmişdir. Eyni zamanda həmin akt qeydinin üzərindəki qeyddən görünür ki, Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli 29 saylı Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən dəyişiklik edilmiş, habelə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, 23 saylı soyad və ad dəyişmə aktına əsasən uşağın soyadında “Xəlilova”dan “Əkbərova”ya, adında “Zenfira”dan “Gülnarə”yə dəyişiklik olunmuşdur. Həmin məktuba əlavə edilmiş xx.xx.1989-cu il tarixli, 762 saylı nikahın bağlanması haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə Əkbərova (Xəlilova) Gülnarə (Zenfira) Əlihüseyn qızı nikah bağlamışdır. Eyni zamanda həmin akt qeydinin üzərindəki qeyddən görünür ki, Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli 29 saylı Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən dəyişiklik edilmiş, habelə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, 23 saylı soyad və ad dəyişmə aktına əsasən qadının soyad bəndində “Əkbərova”ya, ad bəndində “Gülnarə”yə dəyişiklik olunmuşdur. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3559/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X2 cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “adın və soyadın dəyişdirilməsinə” dair iddiası təmin edilmiş, X2 adı və soyadının «Zenfira Xəlilova»dan əvvəlki «İddiaçı» ad və soyadına dəyişdirilməsi və bu barədə «soyadın, adın və ata adının dəyişdirilməsi haqqında» akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi vəzifəsinin cavabdeh Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.19-cu bəndinə əsasən ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 6.20-ci bəndinə əsasən bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi üçün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq onların olduğu yerin qeydiyyat şöbəsinə və ya konsulluğa 3 gün müddətində bildiriş göndərir. 6.21-ci bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq adın, ata adının, soyadın dəyişdirilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların adının, ata adının, soyadının dəyişdirilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin adının, ata adının və soyadının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verir. 6.22-cü bəndinə əsasən bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq 15 gün müddətində daxil olmuş bildiriş əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir və ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnaməni ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluğa, 3 gün müddətində isə bildirişi akt qeydlərinin ikinci nüsxəsinin saxlandığı X3 Reyestri Xidmətinə göndərir. 6.23-cü bəndinə əsasən akt qeydlərində müvafiq dəyişikliklər aparılması və yeni şəhadətnamələrin ərizə verən şəxsə təqdim edilməsi bu Qaydaların 5.6-cı və 5.7-ci bəndlərinə uyğun həyata keçirilir. 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 29 saylı Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən qeydiyyat şöbəsinin rəyi ilə İddiaçı soyadı Əkbərovadan Xəlilovaya, adı Gülnarədən Zenfiraya dəyişdirmişdir. Daha sonra xx.xx.2017-ci il tarixli 23 saylı Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-3559/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə X1 Xəlilovadan Əkbərovaya, adı Zenfiradan Gülnarəyə dəyişdirmişdir. Buna uyğun olaraq iddiaçının doğum haqqında akt qeydində və nikahın bağlanması haqqında akt qeydində dəyişikliklər edilmiş, həmin akt qeydlərində iddiaçının soyadı hazırda Əkbərovadır. İddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçı onun doğum və nikah akt qeydlərində soyadının «Əkbərova»dan «Xəlilova»ya dəyişdirilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının soyadı qeydiyyat şöbəsinin rəyi ilə Əkbərovadan Xəlilovaya, daha sonra 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-3559/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Xəlilovadan Əkbərovaya dəyişdirilmiş, qərar qanuni qüvvəyə minmiş və onun əsasında iddiaçının doğum və nikah haqqında akt qeydlərində soyadı Əkbərova yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar