Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6782/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxslər X5 və X4 cəlb olunmaqla) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X5 və X1 onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X6 xx.xx.1992-ci il tarixdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhəri, Nərimanov rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli orderə əsasən Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil şəhid ailəsi kimi iddiaçıya verilmişdir. Həmin mənzildə oğlu Nadir Əliyev ilə birlikdə yaşayır. X12 hazırki üçüncü şəxs Samirə Həşimi ilə 2011-ci ildə nikaha daxil olmuşdur. Həmin tarixdən üçüncü şəxs Samirə Həşimi sözügedən mənzilə köçmüşdür və sonradan iddiaçının razılığı ilə qeydiyyata alınmışdır. Həmin nikahdan xx.xx.2014-cü ildə X4 doğulmuşdur. Sonradan üçüncü şəxs X3 Həşimi ilə ailə münasibətləri pozulmuşdur. Belə ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və xx.xx.2012-ci il təvəllüdlü X4 üçüncü şəxs Samirə Həşiminin yanında saxlanılmışdır. Üçüncü şəxs Samirə Həşimi azyaşlı ilə birlikdə Türkiyə Respublikasına köçmüşdür. 2019-cu ildə X5 iddiaçıya və oğlu X7 qarşı xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 3706/2019 saylı qətnaməsi ilə üçüncü şəxs X2 mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46 V, 34 saylı mənzil İddiaçı adına qeydiyyata alınmamış olsa da, faktiki olaraq mənzilin mülkiyyətçisidir və mübahisəli mənzilə dair “qanuni gözlənti” hüququ mövcuddur. Həmçinin qeyd edilmişdir ki, Samirə Həşimi iddiaçının ailə üzvü olmamaqla yanaşı, özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə daxil deyil. Üçüncü şəxs Samirə Həşimi tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs Samirə Həşiminin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. Həmin mənzildə keçmiş gəlini üçüncü şəxs X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 hələ də qeydiyyatdadırlar. Lakin, faktiki olaraq mənzildə yaşamırlar. Nərimanov Rayon Məhkəməsinə Samirə Həşiminin və xx.xx.2012-ci il təvəllüdlü X1 istifadə hüququnun itirilməsi tələbi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-3670/2023 saylı qətnaməsi ilə istifadə hüququna xitam verməklə bağlı iddiası rədd edilmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, mövcud olmayan hüquq məhkəmə qaydasında itirilə bilməz. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əsaslanaraq qeyd edilmişdir ki, keçmiş ailə üzvünün istifadə hüququ saxlanılmır. Məhkəmələr tərəfindən Samirə Həşiminin və xx.xx.2012-ci il təvəllüdlü X1 istifadə hüququnun olmadığı məhkəmələr tərəfindən müəyyən edilmişdir. Əgər şəxsin mənzildə istifadə hüququ yoxdursa həmin mənzildə qeydiyyatda olmasına hüquqi əsas yoxdur deməkdir. İddiaçı bugünə qədər dəfələrlə Nərimanov rayon Polis idarəsinə müraciət etsə də, nəticə verməmişdir, adı qeyd olunan şəxslər hələ də mənzildə qeydiyyatdadırlar. Adı qeyd olunan şəxslərin ona məxsus olan mənzildə qeydiyyatda olması sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özəlləşdirə bilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 və X4 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı oğlunun ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciəti Nərimanov RPİnə daxil olmuşdur. Cavabdeh tərəfindən məktubla ərizəçiyə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsini məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və iş üzrə cəlb edilmiş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, üçüncü şəxslər nəvəsi və keçmiş gəlinidir. Hazırda onların harada yaşadıqlarını bilmir. Məhkəmə ilk öncə qeyd edir ki, iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsininin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2009-cu il tarixli 422 nömrəli sərəncamı əsasında verilmiş xx.xx.2009-cu il tarixli orderlə şəhid ailəsi kimi İddiaçı və onun ailə üzvünə (oğlu) verilmişdir. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İş üzrə üçüncü şəxs X5 iddiaçının keçmiş gəlinidir və o, sözügedən mənzildə yaşamır, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə onun həmin mənzilə dair istifadə hüququnun olması müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığı müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur və şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə qeyd edir ki, digər üçüncü şəxs X4 iddiaçının nəvəsidir və o, iddiaçıya məxsus mənzildə yaşamasa da, iddiaçıdan Ailə Məcəlləsinin 15-ci fəslinin müddəaləarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində Saraxatun Həşiminin mənzildən istifadə hüququnun mövcudluğu ilə məsələyə münasibət bildirilmədiyindən və belə olan halda da, onun iddiaçıya məxsus əmlaka ailə münasibətlərindən irəli gələn istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığı ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, istifadə hüququnun müəyyən edilməsi isə inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. X2 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6782/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6782/2024
07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver