Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6783/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 19.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, 11.03.2021-ci il tarixli imtina məktubunda iddiaçının pensiya yaşına çatmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin sığorta stajına daxil edilməsi və əmək pensiyasının düzgün hesablanaraq ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 03.01.1977-ci il tarixdən 17.01.1994-cü il tarixinədək “Azon” zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda 62 yaşı var. Hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun yaranmadığını bildirmişdir. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi tarixdə o, qanunla müəyyən edilən müvafiq yaş həddinə çatmamışdır. Buna görə də, cavabdeh orqan tərəfindən əsaslı olaraq onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, cavabdehin hərəkəti nəticəsində iddiaçının heç bir hüququ və qanuni marağı pozulmamışdır. Göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci yarımbəndinə əsasən 1 iyul 2020 – 30 iyun 2021-ci il üzrə qadınlara pensiya təyin edilməsi yaşı 62 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2021-ci ilin fevral ayı üzrə qadınlara yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 62 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur və nə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 19.02.2021-ci il tarixdə, nə də məhkəməyə müraciət etdiyi 21.05.2021-ci il tarixdə 62 yaşı tamam olmamışdır (iddiaçının 62 yaşı 16.06.2021-ci il tarixdə tamam olmuşdur). Məhkəmə qeyd edir ki, məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Sadalananlardan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ilkin şərt, zəruri pensiya yaşına çatma halı mövcud deyil. Buna görə də pensiya təyini üçün tələb olunan ikinci şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması faktının mövcud olub-olmamasının müəyyən edilməsinə zərurət qalmır. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin normanın ikinci cümləsi ilə üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6783/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6783/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver