Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6783/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə və qeyrisinə qarşı dövlət qeydiyyat nişanın təhkim edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsi və qeyrisinə qarşı qarşı ** MM ***, 222, 333, 444, 555, 666, 777, 888 və ya ** MM *** dövlət qeydiyyat nişanlı nömrələrdən birinin təhkim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ** MM ***, 222, 333, 444, 555, 666, 777, 888, və ya ** MM *** dövlət qeydiyyat nişanlı nömrələrdən birinin dövlət rüsumu ödənilərək təhkim edilməsini xahiş etsə də, sərfiyyatda həmin nömrələrin olmamasına əsaslanılaraq müraciətin təminindən imtina edilmiş, müraciəti təmin edilməmişdir. Halbuki, dövlət qeydiyyat nişanının əldə edilməsi üçün sərfiyyatda olması heç bir qanunda əks olunmamış, tələbkar üçün sərbəst seçim hüququ verilmişdir. Bundan başqa, mövcud vəziyyətdə ölkə ərazisində hərəkətdə olan əksər nəqliyyat vasitələrində eyni hərf və nömrələrin sərfiyyatı gözlənilmədən verilməsi aşkar müşahidə edilir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Baş Dövlət Yol Polis İdarəsinin 02 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, arzu edilən dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda deyildir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Kia Optima minik markalı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir. Qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; İV-İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili; 3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi; 6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi; 7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması. “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın:
3. Rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi üçün müraciət edilməsi 3.1. Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyatimtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. 3.3. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyatimtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. 3.4. Qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur. 3.5. Şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur. 3.6. Ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir. 3.7. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün internet vasitəsilə müraciət etdikdə, internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsini, elektron poçt ünvanını daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu həmin səhifədə ödəyir. Bundan sonra internet səhifəsində avtomatik olaraq ərizə generasiya olunaraq şəxsin elektron poçt ünvanına göndərilir və bilavasitə internet səhifəsindən çap edilməsi imkanı təmin olunur. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları, həmçinin qeydiyyat-imtahan məntəqəsinə gəlmə tarixi və vaxtı barədə məlumatlar əks olunur. 3.8. Şəxs həmin ərizədə göstərilən tarixdə və vaxtda qeydiyyat-imtahan məntəqəsinə gələrək, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsini və imzalanmış ərizəni sənədləri qəbul edən pəncərəyə təqdim edir. Sənədləri qəbul edən əməkdaş onların uyğunluğunu yoxlayır. Şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni dövlət qeydiyyatı şəhadətnaməsi verilir. Qeyd olunmalıdır ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə spesifik qeydiyyat nişanlarının avtomobilə təhkim edilməsi ilə əlaqədardır. Cavabdeh qeyd edir ki, qeyd olunan dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda olmadığından müraciətin təmini mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hazırkı mərhələdə işin göstərilən faktiki və hüquqi halları, eləcə də hazırkı növ iddialar üçün də nəzərdə tutulmuş ümumi mümkünlük şərti kimi iddiaçının subyektiv hüququna malik olmasının yoxlanılması zəruridir. Məhkəmə tərəfindən aparılmış qiymətləndirmə nəticəsində isə məhkəmə hesab edir ki, iddiaçının dövlət mülkiyyətində olan əşyanın tələb edilməsində subyektiv hüquqa malik olmadığından iddianın subyektiv hüququn mövcudluğuna dair mümkünlük şərtinin ödənilməsindən söhbət gedə bilməz. Belə ki, istənilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı şəxsin xüsusi mülkiyyətində deyil, dövlət mülkiyyətində olan əşyadır. Mülki Məcəllənin nə əşya, nə də əmlak hüquqlarına həsr olunmuş maddələrində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının həmin anlayışlara (yəni, əşya və əmlak hüququ anlayışlarına) daxil olmaması da müəyyən edilir. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı ona məxsus olmayan, dövlət mülkiyyətində olan əşyanı (dövlət qeydiyyat nişanını) tələb etməkdə subyektiv hüququnun mövcudluğunu əsaslandıra bilməmişdir. Dövlət mülkiyyətində olan dövlət qeydiyyat nişanın verilməsi qaydalarında şəxsin istəyinə uyğun olaraq konkretləşdirdiyi dövlət qeydiyyat nişanın verilməsi nəzərdə tutulmamışdır. Hazırda qüvvədə olan normalara əsasən şəxs rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının alınması hüququna malikdir. Buna müvafiq olaraq, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Qeyd olunan həmin öhdəlik şəxsin arzu etdiyi istənilən rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanın verilməsi anlamında təfsir oluna bilməz. Başqa sözlə, dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçmək imkanı dövriyyəyə buraxılmış qeydiyyat nişanları ilə məhdudlaşır. Başqa cür yanaşma, müxtəlif şəxslər tərəfindən eyni rəqəm və hərf kombinasiyaların seçildiyi təqdirdə çıxılmaz və həlli mümkün olmayan halların yaranmasını şərtləndirərdi. Bu baxımdan şəxs dövriyyəyə buraxılmamış arzuladığı rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanını tələb hüququna istinad etməkdə haqlı sayıla bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1341/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da analoji iş üzrə iddiaçının subyektiv hüququnun dövlət qeydiyyat nişanının təhkim edilməsinə münasibətdə mövcud olmamasına əsaslanılaraq iddia mümkün sayılmamışdır. Qərarda qeyd edilmişdir ki, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Bu baxımdan şəxs dövriyyəyə buraxılmamış arzuladığı rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanını tələb hüququna istinad etməkdə haqlı sayıla bilməz. Normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim:Orxan Həsənov