Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6784/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı ali təhsilli hərbiçidir, ehtiyyatda olan kapitan rütbəli zabitdir. O, 1993-cü ilin iyul ayında Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş, 1997-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 1997-ci ilin iyul ayından N saylı hərbi hissədə bateriya komandirinin sosial-siyasi iş üzrə müavin vəzifəsində iş fəaliyyətinə başlamışdır. 1999-cu ilin avqust ayından N saylı hərbi hissənin motoatıcı taborunun tərbiyəvi iş üzrə komandirinin müavini vəzifəsinə təyin edilmişdir. 10 il Füzuli rayonunda ön cəbhədə qüsursuz xidmət göstərib vətən torpaqlarının keşiyini çəkmişdir. İddiaçının 1993cü ilin oktyabr ayında, 1994-cü ilin mart ayında Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasında fəal xidmətləri olmuşdur. 24 oktyabr 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə hərbi silahlı qüvvələrdən təxris olunmuşdur. 1997-ci ildən leytnant rütbəsindən 2010-cu ilin sonuna qədər kapitan rütbəsinə kimi yüksəlmişdir. 18 ilə yaxın ordu sıralarında xidmət etmiş, xidmətinin mühüm hissəsini ön cəbhədə keçmişdir. Qüsursuz xidmətə görə medalla təltif olunmuşdur. 2007-ci ildə qanunsuz olaraq mayor rütbəsi olan tabor komandirin tərbiyə işləri üzrə müavini vəzifəsi ixtisara düşdüyündən, söhbətləşmə aparılmadan bir pillə vəzifəsi aşağı olan kapitan rütbəsində qərargah rəisi köməkçisi vəzifəsinə təyin edilmişdir. Qanunla vəzifə ixtisara düşdüyü halda o rütbəyə uyğun vəzifəyə təyin olunmalı olduğu halda, bu, ona tətbiq edilməmişdir. Həmçinin 2010-cu ildə Qərargah rəisinin köməkçisi vəzifəsi ixtisara düşmüş, bəzi hərbçilər, o cümlədən iddiaçı sərəncama götürülmüşdür. Ona əmək haqqı da verilmirdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı 10 ildən artıq ordu sıralardında xidmət etdiyi halda könüllü qaydada ərizə yazaraq ordu sıralarından təxris olunmasını xahiş etmişdir, lakin ərizəsi baxılmamış qalmışdır. O, dəfələrlə yuxarı instansiyalara müraciət ərizələri yazmışdır. Bundan sonra Müdafiə Nazirliyinin 16 oktyabr 2010-cu il tarixli əmri ilə qanunsuz olaraq xidməti uyğunsuzluqla ordu sıralarından xaric edilmişdir. İddiaçı ehtiyyatda olan zabit kimi 18 təqvim ilinə yaxın, amma hərbi xidmətim ön xəttdə olduğundan güzəştlə 37 ilə yaxın ordu sıralarında xidmət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin müddəalarına, İPM-in 33, 34, 45, 46, 68, 69-cu maddələrinə əsaslanaraq, ehtiyyatda olan hərbi vəzifəli kimi hərbi biletində xidməti uyğunsuzluq barədə olan maddənin ləğv edilməsi və ordu sıralarından xaric olunmağı barədə əmrə düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə təqdim edilmiş yazılı etirazında iddia müddətinin buraxılmasını bildirmiş və İPM-in 35 və 38-ci maddələrinə istinad etməklə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə iclasında məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri bildi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. O, qeyd etdi ki, hansı əsasla hərbi xidmətdən tərxis olunması əvvəllər onun üçün əhəmiyyətli deyildi, lakin hazırda onun səbəbi iddaçmı üçün əhəmiyyətlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia müddətinin buraxıldığını bildirdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maaddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: - a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); - b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; - v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; - q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə – əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın – hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; - e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə: - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına surəti olavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0477 nömrəli 16 oktyabr 2010-cu il tarixli əmrindən çıxarışın surətindən görünür ki, həmin əmrlə İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq ehtiyata buraxılmışdır. İddiaçının tələbi mahiyyətcə 16 oktyabr 2010-cu il tarixli həmin əmrin dəyişdirilməsi barədədir, bu isə, “mübahisələndirmə haqqında” iddiaya aiddir. Bundan başqa, nəzərə alınmalıdır ki, həm mübahisələndirilən 16 oktyabr 2010-cu il tarixli əmrin qəbul olunduğu dövrdə (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Əlverişsiz inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar tətbiq olunan yeni qanunların qəbul edilməsi və qüvvəyə minməsi əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Müvafiq dövrlərdə qüvvədə olan normalarda dövlət hakimiyyəti orqanının aktlarının “etibarsızlığı” nəzərdə tutulsa da, bu, özündə həm də həmin aktların mübahisələndirilməsini ehtiva etmişdir. Hazırkı işin hallarına görə mübahisələndirilən 16 oktyabr 2010-cu il tarixli əmrin iddiaçıya məlum olma tarixi konkret təsdiqlənməsə də, iddiaçının həmin inzibati akt (əmr) barədə xidmətin xüsusiyyətləri baxımından əmrin qəbul edildiyi ərəfədə məlumlı olması təkzibolunmazdır. Odur ki, məhkəmə 12 ildən artıq vaxt buraxılmış prosessual müddətin bərpası ilə bağlı sübut və dəlillər təqdim edilməsinin də iddiaçıya təklif olunmasa zərurət görməmişdir. Nəzərə alınmalıdır ki, İPM-in 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bununla da, belə nəticə əldə olunur ki, iddiaçı iddianı iddia müddəti buraxılmaqla qaldırdığından, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6784/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6784/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver