Məhkəmə qərarları › İş №2-1(112)-6785/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6785/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6785/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya fərqinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 09.10.2017-ci il tarixindən, əmək kitabçasında qeyd edilən iş illərini və hərbi xidmət (02 il) dövrünü sığorta stajına daxil etməklə, 57 yaşı tamam olduğu gündən, əvvəlki dövrdə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəlinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi təyin olunması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildə başlamışdır. Həqiqi hərbi xidmət keçmişdir. Əmək fəaliyyəti əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçısı, qaynaqçı, elektrik qaz qaynaqçısı və s. peşələr olmuşdur. İddiaçı hal-hazırda Azərbaycan Respublikası “Bakı fəhləsi ” maşınqayırma zavodunda 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləyir. Güzəştli şərtlərlə əmək pesniyasının təyin edilməsi üçün cavabdehə 05.04.2021-ci il tarixində rəsmi ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdeh pensiyanın təyin olunması və ya ərizəyə rəsmi cavab verilməsini təmin etmir. Artıq həmin müddətdən 35 gündən çox bir vaxt keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısının “Ümumi peşələr” XXXİİİ bölməsinin 23200000-19906 koduna uyğun gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsal üzrə peşələrin vəzifələrin və göstəricilərin siyahısının 35 -ci bölmə “Ümumi peşələr” əsasən əl qaynaqçısı peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan əl qaynaqçılarının güzəştli təqaüdə çıxmaları nəzərdə tutulur. İddiaçı əmək fəaliyyətinə 1978 -ci ildə başlamış, əmək fəaliyyəti əsasən zərərlidir. 2 il hərbi xidmət keçib. İddiaçının 2006- cı ilədək ümumi 25 ildən çox stajı vardır bu müddətin 20 ili zərərli sahədə olmuşdur. 2006-cı ildək qüvvədə olan qanunvericiliyə əsasən ümumi və güzəştli iş stajını və güzəştli iş stajını artıqlaması ilə toplamışam. İddiaçıya pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. Göründüyü kimi 01.01.2006 -cı il tarixinə qədər hərbi xidmət dövrünü nəzərə almaqla mənim ümumi iş stajı 26 ilə yaxın, güzəştli iş stajı isə 21 ildən çoxdur. Bu iş stajı imkan verir ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun surətdə güzəştli şərtərlə əmək pensiyasına çıxsın.

3. İddiaçının cavabdeh quruma ilk müraciəti 03.11.2020-ci il tarixdədir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina (20.11.2020-ci il tarixli məktuba əsasən) iddiaçının fərdi hesabın yığım hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırılmışdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi 21992,22 manat manat olduğundan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinatı qanunvericilik baxımından mümkün hesab edilməmişdir.

4. İddiaçının cavabdeh quruma növbəti, 07.12.2020-ci il tarixli müraciətinə 28.01.2021-ci il tarixdə eyni məzmunlu cavab verilmişdir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçı pensiya təyinatı üçün cavabdeh quruma ilk müraciəti 03 noyabr 2020-ci il tarixdə müraciət edib, odur ki, pensiya 09 iyul 2017-ci il tarixdən təyin edilməli, lakin müraciət etdiyi 03 noyabr 2020-ci tarixdən əvvəlki 3 (üç) il üçün pensiya fərqi birdəfəlik ödənilməlidir. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) isə iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, pensiya fərqi ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi kimi iddianın dəyişdirilməsi qəbul edilməlidir.

6. Şifahi məhkəmə dinləmələri zamanı iddia tələbinin “57 yaşının tamam olduğu 09 oktyabr 2017-ci il tarixdən güzəştli pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və pensiya təyinatı üçün müraciət etdiyi vaxtdan əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi” kimi dəyişdirilməsi qəbul edilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim etdi imtinanın və etirazın məzmununa uyğun izahat verdi. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filialın 28.01.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu onunla əsaslandırılıb ki, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, İddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40.800 manat təşkil edir, lakin iddiaçının fərdi hesabının sığorta hissəsində, cəmi, 21.996,28 manat qeydə alınmışdır. Ümumi əmək stajı ilə bağlı hissədə iddiaçıya məxsus, əmək kitabçası və hərbi biletdən görünür ki, iddiaçı: 03.02.1978-16.10.1978-ci illərdə (08 ay 13 gün) dərzi şagirdi və dərzi peşəsində çalışıb; 02.11.1978-20.10.1980-ci illərdə (01 il 11 ay 18 gün) hərbi xidmətdə olub; 23.03.1981-05.12.1983-cü illərdə (02 il 08 ay 12 gün) elektrik qaynaqçısı; 12.12.1983-01.08.1985-ci illərdə (01 il 07 ay 13 gün) elektrik qaynaqçısı; 04.09.1985-17.10.1986-cı illərdə (01 il 01 ay 13 gün) elektrik qaynaqçısı; 22.10.1986-08.03.1987-ci illərdə (04 ay 16 gün) çilingər-elektrik; 23.03.1987-11.05.1989-cu illərdə (02 il 01 ay 18 gün) qazla kəsici; 15.05.1989-30.04.1991-ci illərdə (01 il 11 ay 15 gün) elektrik qaynaqçısı; 08.11.1991-12.01.1993-cü illərdə (01 il 02 ay 04 gün) qaynaqçı; 10.03.1993-01.11.1993-cü illərdə (07 ay 21 gün) qaynaqçı; 02.02.1994-14.04.1994-cü illərdə (02 ay 12 gün) elektrik qaz qaynaqçısı; 26.04.1994-05.01.1995-ci illərdə (08 ay 09 gün) qaynaqçı; 15.02.1995-01.11.1996-cı illərdə (01 il 10 ay 16 gün) elektrik qaynaqçısı; 19.05.1997-24.09.2004-cü illərdə (07 il 04 ay 05 gün) elektrik qaynaqçısı; 19.10.2004-01.12.2004-cü illərdə (01 ay 12 gün) elektrik qaz qaynaqçısı; 01.09.2005-24.10.2005-ci illərdə (01 ay 23 gün) elektrik qaynaqçısı; 15.11.2005-01.01.2006-cı illərdə (01 ay 16 gün) elektrik qaz qaynaqçısı qismində çalışmışdır. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək İddiaçının ümumi əmək stajı (hərbi xidmət dövrü daxil olmaqla), 25 ildən az (yəni 24 il 10 ay 26 gün) təşkil edir. Pensiya kapitalının yetərsizliyi hissəsində Filialın imtinası ƏPQ-nin 9.1-ci maddəsinə əsaslanmaqla qanunidir. Həmin maddəyə görə, “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə görə, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alman və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Odur ki, İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Filialın imtinası həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, Qanunun 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Qanunun 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 40.800 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin müraciət tarixində İddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 21.996,28 manat təşkil edib.

8. İddiaçı attestatdan və əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki: - 01.09.1977-25.07.1978-ci illərdə (10 ay 25 gün) elektrik qaynaqçısı peşəsi üzrə Bakı şəhəri 5 №-li orta texniki peşə məktəbində təhsil alıb; İddiaçının təqdim etdiyi 05.11.1977-ci ildən 28.01.1978-ci ilə kimi “Speckauçuktikintitəmir” Trestinin 11№-li Təmir Tikinti Quraşdırma İdarəsində bağban köməkçisi işləməsinə (04.04.1991-ci ildə həmin idarənin adı dəyişdirilib “AzMSTT” birliyinin tərkibində 1 saylı TTQİ-si adlandırılmışdır) dair arayışa münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən dövr təhsil müddəti ilə üst-üstə düşdüyündən, eləcə də arxiv arayışı ilə təsdiq edilmədiyindən təkrar nəzərə alına bilməz. - 03.02.1978-ci ildə əmək fəaliyyətinə başlamışdır (Lenin rayonu Mənzil xidməti idarəsinə dərzi şagirdi qəbul edilmişdir), 16.10.1978-ci il tarixdə Sovet ordusuna getməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir; - 02.11.1978-ci ildən 20.10.1980-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur; - 23.03.1981-ci ildə 1 saylı mexaniki-quraşdırma sahəsinə elektrik qaynaqçısının şagirdi qəbul edilmişdir, 05.12.1983-cü ildə tutduğu vəzifədən azad edilmişdir; 12.12.1983-cü ildə Petrov adına maşınqayırma zavodunda 2 saylı çilingər-quraşdırmaqaynaq sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir, 01.08.1985-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 04.09.1985-ci ildə Bakı rezin-texniki məmulatları zavodunda zərərli şəraitə görə ödəniş üzrə 3-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 17.10.1986-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - 22.10.1986-cı il tarixdən zərərli şəraitə görə ödəniş üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir, 08.03.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - 23.03.1987-ci ildə Leytenant Şmidt adına zavodda dəmirçi sexinə 2-ci dərəcəli qaz kəsicisi qəbul edilmiş, 11.05.1989-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - 15.05.1989-cu il tarixdə Məişət tullantılarının emalı üzrə Bakı eksperimental zavodunda beşinci dərəcəli qazelektirk qaynaqçısı vəzifəsinə qəbul edilmişdir, 30.04.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - 08.11.1991-ci il tarixdə Lenin rayonu Qaz istehsalat vahidi 1 saylı sahəyə qaynaqçı qəbul edilmişdir, “Bakı mənzil təmir-tikinti” trestinin 2 saylı tikinti idarəsinə 6-cı dərəcəli qaz qaynaqçısı qəbul edilmişdir, 12.01.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir; - 10.03.1993-cü ildə “Sabunçu” rayonu qaz istehsalat vahidində 1 nömrəli sahədə qaynaqçı qəbul edilmişdir, 01.11.1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - 02.02.1994-cü ildə “Bakı Mənzil təmir-tikinti” trestində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmişdir, 14.04.1994-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir; - 26.04.1994-cü ildə “Mehmandar” kiçik müəssisəsində 6-cı dərəcə qaynaqçı qəbul edilmişdir, 05.01.1995-ci ildən öz xahişi ilə işdən azad edilmişdir; - 15.02.1995-ci il tarixdə zərərli şəraitə görə ödənilməklə EMİ-nə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir, 01.11.1996-cı il tarixdən öz xahişi ilə işdən azad edilmişdir; - 19.05.1997-ci il tarixdə “Neftqazmaş Bakı maşınqayırma” zavodunda 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir, 24.09.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir; - 19.10.2004-cü il tarixdə "xxxx" Müştərək Müəssisəinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir, 01.12.2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - 01.09.2005-ci il tarixdə 2 saylı distansiyasına 5-ci dərəcə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir, 24.10.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 15.11.2005-ci il tarixdə "xxxx" TASC tikinti təmir sahəsinə 5-ci dərəcə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmişdir, 01.05.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - İddiaçı əmək fəaliyyətinə 04.08.2009-cu il tarixdən 19.06.2019-cu il tarixədək davam etdirmişdir.

9. İddiaçı hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, 02.11.1978-ci il tarixdən 16.10.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

10. "xxxx" ASC tərəfindən verilmiş 22.10.2020-ci il tarixli 01/269 nömrəli arayışa əsasən, 1960-cı il təvəllüdlü İddiaçı Məmmədağa oğlu 23.03.1981-ci il tarixdən (əmr № 47, 23.03.1981) 05.12.1983-cü il tarixə kimi (əmr № 184, 05.12.1983) “Azərneftmaştəmir” İstehsalat Birliyində, 19.05.1997-ci il tarixdən (əmr № 11, 19.05.1997) 24.09.2004-cü il tarixə kimi (əmr №80/k 23.09.2004) “Neftqazmaş” Bakı Maşınqayirma zavodunda əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Ümumi peşələr” XXXİİİ bölməsinin 23200000- 19906 koduna uyğun gəlir. “Azərneftmaştəmir” İstehsalat Birliyi “Azərineft” Konserninin 16.03.1992- ci il tarixli 4 saylı əmri ilə “Neftqazmaş” Bakı Maşınqayirma zavodu adlandırılıb. İqtisadi İnkişaf Nazirliyinin 11.07.2001-ci il tarixli 13 saylı sərəncamı ilə “Neftqazmaş” Bakı Maşınqayirma zavodu “Neftqazmaş” Acıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

11. "xxxx" ASC tərəfindən verilmiş 15.10.2020-ci il tarixli 01 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən 12.12.1983-cü il tarixdə Q.Petrov adma maşınqayırma zavoduna 2 saylı çilingər-qaynaq sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilib. (Əsas: Əmr № 302/K 12.12.1983 cü il) 01.08.1985-cı il tarixdə Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən /öz xahişi ilə/ işdən azad edilib (Əsas: Əmr№ 173 /K 29.07.1985-ci il), 22.10.2018-ci il tarixdən 1 saylı sexə 5-ci dərəcəli qaynaqçı peşəsinə qəbul edilib (Əsas:Əmr № 75/K 22.10.2018-ci il). 19.06.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən /işçinin öz təşəbbüsü ilə/ əmək müqaviləsinə xitam verilib (Əsas: Əmr № 69 /K 19.06.2019-cu il). 29.12.1991 - Bakı Sovetinin XXİ çağırış 3-cü sessiyasının 11.02.1992-ci i tarixli 18/K saylı əmr qərarına əsasən Petrov adına "Zabrat maşınqayırma zavodu" adlandırılmışdır.

12. "xxxx" ASC tərəfindən verilmiş 16.10.2020-ci il tarixli arayışa əsasən, İddiaçı həqiqətən 15.11.2005-ci ildə "xxxx" TASC-nin Tikinti-təmir sahəsinə əmək haqqı isti tarif əmsallı zərərli əmək şəraiti ilə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (Əmr № 108/k, 16.11.2005-ci il). 23.02.2006-ci ildə İstilik və alət sahəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı keçirilmişdir. Əmək haqqı isti tarif əmsallı, zərərli əmək şəraiti (Əmr № 18/k, 23.02.2006-cı il). 01.05.2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) işdən azad edilmişdir (Əmr № 38/k, 02.05.2006-cı il). 24.02.2020-ci ildən müəssisənin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir (Azərbaycan Respublikasının Əmlak Məsəllələri Dövlət Komitəsinin 233 saylı 27.11.2019-cu il tarixli sərəncamı). Göstərilən peşə üzrə işləyən işçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş Siyahısı”nın “Ümumi peşələr” olan 35-ci bölməsinin “kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olan olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektik qaz qaynaqçıları” hissəsinə uyğun güzəştli şərtlərlə təqaüdə çıxmaqları nəzərdə tutulur. Arayış şəxsi vərəqə, işlərin tarif-ixtisas sorğu kitabçasına əsasən tərtib edilmişdir.

13. "xxxx" MMC tərəfindən verilmiş 15.10.2020-ci il tarixli arayışa əsasən, İddiaçı həqiqətən 04.08.2009-cu il tarixindən 14.02.2011-ci il tarixinədək "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləyib.

14. "xxxx" ASC tərəfindən verilmiş 13.10.2020-ci il tarixli arayış-məlumata əsasən, İddiaçı o, həqiqətən "xxxx" ASC-nin Metal-konstruksiya sexində 05.09.2019-cu il tarixindən hazırkı dövrədək 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləyir (Əmr №93/K 05/09/2019) Göstərilən peşə üzrə işləyən işçilər üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35 bölmə “Ümumi peşələr’ əsasən el. qaynaqçısı peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan el.qaynaqçılarının güzəştli təqaüdə çıxmaları nəzərdə tutulur. Arayış şəxsi vərəqəyə, işlərin tarif-ixtisas sorğu kitabçası və tenoloji karta əsasən tərtib edilmişdir.

II. İddianın növü və mümkünlüyü

15. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

21. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

22. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 09.02.2021ci il tarixdə imtina edilmişdir.

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

27. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

28. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

29. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

30. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

- Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

33. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

35. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

36. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

37. 01.09.1977-ci il tarixdən 01.01.2006-cı il tarixə (texniki peşə məktəbində təhsil aldığı və hərbi xidmət dövrü nəzərə alınmaqla) iddiaçının ümumilikdə 25 il 8 ay 14 gün sığorta stajı (bax 8-9-cu bəndlər) mövcuddur, 23.03.1981-ci ildən 01.01.2006-cı ilədək işlədiyi dövrlər (ən azı 17 il 1 ay 3 gün) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur (kod 23200000-19906). (bax 8, 10-12-ci bəndlər), yəni tam əmək stajı həmin tarixədək mövcuddur. Məhkəmə qeyd edir ki, kod göstərilməklə iş yerindən arayış yalnız 23.03.1981-05.12.1983; 19.05.1997-24.09.2004; 15.11.2005-ci il tarixdən 01.01.2006-cı ildə işlədiyi dövr üzrə təqdim edilsə belə (bax 11 və 12-ci bəndlər), əmək kitabçasından görünür ki, qeyd edilən müddətdə iddiaçı eyni peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).

38. İddiaçı xx.xx.1960-cı ildə anadan olub və 57 yaşının tamam olduğu 09.10.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana 03.11.2020-ci il tarixdə müraciət etmişdir.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

42. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti iddiaçıya münasibətdə tətbiq edilməməlidir və buna əsasən, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

43. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ 09.10.2017-ci il tarixdən yaranmasına baxmayaraq, 03 noyabr 2020-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. İddia tələbi qanunun qeyd edilən tələbinə uyğun təqdim olduğundan (dəyişdirildiyindən), iddia təmin edilməli, 57 yaşının tamam olduğu 09 oktyabr 2017-ci il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı və pensiya təyinatı üçün müraciət etdiyi 03 noyabr 2020-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

46. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 09 oktyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı 03 noyabr 2017-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar