Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6785/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 203 saylı evin 10 saylı mənzili üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 4 nəfər ailə tərkibi (özü, 3 oğlu) Ş.Əzizbəyov küçəsi, 203 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 16 kv.metr olan 10 nömrəli mənzilində 1992-ci ildən qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil ona Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 162/18 nömrəli sərəncamı ilə iş yerində mənzil növbəsi çatana qədər müvəqqəti sığınacaq kimi verilmişdir. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2-1(112)-2199/2021 nömrəli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 203 saylı evin 10 saylı mənzilinə dair onun ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-2199/2021 nömrəli qərarının icra edilməsi barədə Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 302 nömrəli sərəncamı qəbul edilmiş və onunla qeyd edilən mənzilə münasibətdə kirayə müqaviləsi bağlanmış, mənzilin icarədarı hesab edilmişdir. 1992-ci ildən etibarən o, ailə üzvləri ilə birlikdə həmin mənzildən mübahisəsiz şəkildə daimi istifadə edir. Bu barədə Nəsimi rayon 17 nömrəli MKİS-lə onun arasında bağlanmış xx.xx.1998-ci il tarixli müqavilə və xx.xx.1992-ci il tarixdə tərtib edilmiş 309 nömrəli şəxsi hesab vərəqəsi mövcuddur. Mənzildən onunla birgə istifadə edən ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 203 saylı evin 10 saylı mənzilinin onun adına özəlləşdirilməsinə etiraz etmədikləri barədə notarial qaydada təsdiq edilmiş ərizələri də mövcuddur. 29 dekabr 2021-ci il tarixdə o, müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət edərək yaşadığı, qeydiyyatda olduğu, faktiki mülkiyyət hüquqlarını həyata keçirdiyi mənzilin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə dövlət reyestrində müvafiq qeydlərin aparılması və bununla bağlı çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli, **********79 nömrəli bildirişlə müraciətindən imtina edərək bildirmişdir ki, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 302 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 203 saylı evin 10 saylı mənzilinin müvəqqəti sığınacaq kimi verildiyi qeyd olunmuş, lakin qeyd olunan sərəncam ərizəyə əlavə edilməmişdir. Həmçinin, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 302 nömrəli sərəncamında qeyd olunan mənzilin daimi verilməsi barədə hər hansı qeyd yoxdur. Cavabdeh inzibati orqan müraciətindən imtina edilməsini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsi ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın ona qanuni əsaslarla ayrılmış mənzilinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmasından imtina etməsi əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 saylı, xx.xx.2021-ci il tarixli sərəncamda istinad olunan 162/18 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilinin müvəqqəti sığınacaq kimi verildiyi qeyd olunmuş, lakin qeyd olunan sərəncam ərizəyə əlavə edilməmişdir. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 302 saylı, xx.xx.2021-ci il tarixli sərəncamında qeyd olunan mənzilin daimi verilməsi barədə hər hansı qeyd yoxdur. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli, 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxlərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2№-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Xaçmaz rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 162/18 nömrəli sərəncamın surətindən görünür ki, vətəndaş İddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inzibati binasında qeydiyyatdadır. İddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş laborant işləməklə 1986-cı ildən mənzil növbəsində dayanmışdır. ADNU-nin rəhbərliyi İddiaçı müvəqqəti sığınacaq kimi mənzil verilməsi ilə bağlı müraciət etmişdir. İddiaçı Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 16 kvm. sahəsi olan 10 saylı bir otaqlı mənzili müvəqqəti sığınacaq kimi verilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı 16 kv.m. sahəsi olan mənzili iş yerindən mənzil növbəsi çatanadək müvəqqəti yaşamaq üçün İddiaçı verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2199/2021 №-li, xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qərarından görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 302 №-li, xx.xx.2021-ci il tarixli “Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2199/2021 №-li məhkəmə qərarının icra edilməsi barədə” sərəncamının surətindən görünür ki, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 203 №-li evin 10 №-li mənzilində yaşayan İddiaçı iddia ərizəsi ilə Bakı inzibati məhkəməsinə müraciət edərək yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı inzibati məhkəməsi xx.xx.2021-ci il tarixli, 2-1(112)- 2199/2021 №-li qərarı ilə onun iddiasını təmin etmiş, qərar xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2021-ci il tarixli, 2-1(112)-2199/2021 №-li məktubla icra edilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə göndərmişdir. Vətəndaş İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, 3 oğlu) Ş.Əzizbəyov küçəsi 203 №-li evin 1 otaqlı yaşayış sahəsi 16 kv.m olan 10 №-li mənzilində 1992-ci ildən qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil ona Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 162/18 №-li sərəncamı ilə iş yerində mənzil növbəsi çatana qədər müvəqqəti sığınacaq kimi verilmişdir. Bakı inzibati məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2199/2021 №-li qərarına əsasən Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 №-li evin 1 otaqlı yaşayış sahəsi 16 kv.m olan 10 №-li mənzilinin kirayə müqaviləsi İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. - xx.xx.1992-ci il tarixli, 309 nömrəli şəxsi hesab vərəqəsinin və xx.xx.1998-ci il tarixli müqavilənin surətindən görünür ki, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 203 №-li evin 10 №-li mənzili İddiaçı istifadəsinə verilmişdir. Həmin mənzildə xx.xx.1992-ci ildən İddiaçı, oğlu Fərid Abdullabəyli, oğlu Emin Abdullabəyli, oğlu Vüqar Abdullabəyli daimi qeydiyyatdadırlar. - ünvan 3 ünvanda qeydiyyatda olan X2, X4 və X3 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, onlar Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən 203 saylı evin 10 saylı mənzilinin anaları İddiaçı adına özəlləçdirilməsinə və dövlət reyestrindən çıxarış almasına etiraz etmirlər. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********96 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 203, 10 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********79 №-li məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 saylı, xx.xx.2021-ci il tarixli sərəncamda istinad olunan 162/18 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 203 saylı evin, 10 saylı mənzilinin müvəqqəti sığınacaq kimi verildiyi qeyd olunmuş, lakin qeyd olunan sərəncam ərizəyə əlavə edilməmişdir. Əlavə olaraq bildirirlər ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 saylı xx.xx.2021-ci il tarixli sərəncamında qeyd olunan mənzilin daimi verilməsi barədə hər hansı qeyd yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində iş yeri üzrə 1986-cı ildən mənzil növbəsində olmuş, iş yerinin rəhbərliyinin müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 162/18 nömrəli sərəncamla Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı 16 kv.m. sahəsi olan mənzil iş yerindən mənzil növbəsi çatanadək müvəqqəti yaşamaq üçün İddiaçı verilmişdir. İddiaçı hal-hazırda ADNSU-da ev növbəsində qeydiyyatı yoxdur. İddiaçı xx.xx.1992-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilində yaşamaqla həmin mənzildə qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2199/2021 №-li, xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin məhkəmə qərarı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən icra edilmişdir. İddiaçı qeydiyyatda olmaqla yaşadığı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 saylı, xx.xx.2021-ci il tarixli sərəncamda istinad olunan 162/18 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 203 saylı evin, 10 saylı mənzilinin müvəqqəti sığınacaq kimi verildiyini, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 saylı xx.xx.2021-ci il tarixli sərəncamında qeyd olunan mənzilin daimi verilməsi barədə hər hansı qeydin olmamasına istinad edərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. - 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2199/2021 №-li, xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 162/18 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı 16 kv.m sahəsi olan mənzili iş yerindən mənzil növbəsi çatanadək müvəqqəti yaşamaq üçün İddiaçı verilmişdir. Həmin mənzilin şəxsi hesab vərəqəsi iddiaçının adınadır. İddiaçı və onun ailə üzvləri həmin mənzildə 1992-ci ildən etibarən daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçının həmin ünvanda yaşayan və daimi qeydiyyatda olan övladları qeyd olunan mənzilin anaları İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Həmçinin Azərbaycan Təhsil X9 İttifaqı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020ci il tarixli arayışına əsasən İddiaçı ADNSU-da ev növbəsində qeydiyyatı yoxdur. Göründüyü kimi iddiaçı və onun ailə üzvləri qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdən yaşayırlar və mənzil münasibətləri də həmin dövrdə yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı mənzilə ehtiyacı olan şəxs kimi Nəsimi RİH tərəfindən 1992-ci ildən həmin ünvana köçürüldüyü və həmin tarixdən bugünədək həmin ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadığı üçün xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinin tələblərinə əsasən özünün icarədar hesab edilməsini tələb edə bilər. Məhkəmə işin halları ilə bağlı qeyd edir ki, Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 162/18 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 203 saylı evin 10 saylı 16 kv.m sahəsi olan mənzili iş yerindən mənzil növbəsi çatanadək müvəqqəti yaşamaq üçün İddiaçı verilsə də İddiaçı hal-hazırda iş yerindən mənzil növbəsi mövcud deyildir. Məhkəmə qərarını icrası ilə bağlı müvafiq icra hakimiyyətinin sərəncamına əsasən İddiaçı ilə mübahisəli mənzilə dair kirayə müqaviləsi Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlansa da sonuncunun həmin mənzil üzərində hüquqlarının 1992-ci ildən yaranması işin mübahisəsiz hallarındandır. Belə olan halda onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli idi. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. - 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Məhkəmə eyni zamanda qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Hazırki məhkəmə icraatında İddiaçı müvafiq icra hakimiyyətinin sərəncamına əsasən ayrılmış yaşayış sahəsinin yuxarıda qeyd olunan kateqoriyalara aid olmasına dair hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı qanuni əsaslarla (sərəncamla) istifadəsinə verilmiş mənzildən uzun müddət istifadə etməklə həmin yaşayış sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ” əldə etmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 24-cü maddələrinin tələblərinə uyğun deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 203 nömrəli evin 10 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 203 nömrəli evin 10 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6785/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6785/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver