Məhkəmə qərarları › İş №2-1(112)-6786/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6786/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6786/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Mərdanlı (Babayeva) Şəbnəm Faiq qızının, nümayəndəsi X1 və nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Mərdanlı (Babayeva) Şəbnəm Mərdan qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun dövlət nümunəli olması vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, , MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Mərdanlı (Babayeva) Şəbnəm Faiq qızı məhkəməyə müraciət edərək, 12 may 2009-cu il tarixli qərarı ilə Dövlət Attestasiya Komissiyasının sədrinin və həmin dövrdə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının rektoru Aqiyə Naxçıvanlının imzaları və möhürü ilə təsdiq olunmuş B121515 nömrəli ali təhsil haqqında dövlət sənədi olan diplomunun dövlət nümunəli olması vəzifəsinin Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 05 yanvar 1987-ci ildə Tərtər rayonu İrəvanlı kəndində anadan olmuşdur. 29 iyun 2007-ci il tarixdə X3 ilə ailə qurmuşdur. Ötən müddət ərzində birgə nikahlarından: - 17.10.2008-ci təvəllüdlü X4, 27.10.2009-ci il təvəllüdlü X5, 27.07.2015-ci il təvəllüdlü X6, 17.07.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Azərbaycan Respublikası qanunvericiliyinə görə o, çoxuşaqlı ana hesab olunur. 1993cü ildə Tərtər rayonu R.Nəbiyev adına Soyulan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 2004-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının qiyabi şöbəsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsinə daxil olmuşdur. Oxuduğu müddət ərzində bütün imtahan sessiyalarında iştirak edib, zaçot və imtahanları müvəffəqiyyətlə vermişdir. Həmçinin həmin dövrdə bütün təhsil haqqlarını vaxtında ödəmişdir. 2010-cu ildə institutu bitirib Təhsil Nazirliyi tərəfindən rəsmi qaydada diplomunu almışdır. 2020-ci ilin avqust ayının 24-də müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edib 36 keçid balına qarşı 50 bal toplayaraq noyabr ayının 25-də Təhsil Nazirliyi tərəfindən vakansiyaya çıxarılan Tərtər rayonu Qazyan kənd ümumi orta məktəbinə dəvət almışdır. 01 dekabr 2020-ci il tarixdən həmin məktəbdə işə başlamışdır və hal-hazırda orada məktəbin ibtidai sinif müəllimi işləyir. 2021-ci ilin fevral ayının 12-də təyin olunduğu vakant yerdə daimiləşmək üçün müsahibə mərhələsində iştirak etmişdir. Lakin 16 aprel 2021-ci il tarixdə Təhsil Nazirliyindən almış olduğu 08 aprel 2021-ci il tarixli B4207/09-2 saylı məktubu ilə ona bildirilmişdir ki, "müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində təqdim olunan təhsil haqqında sənədi dövlət nümunəli olmadığı üçün müsabiqə şərtlərinə uyğun hesab edilməyib." İddiaçı həmin məktubda diplomunun dövlət nümunəli olmadığı qeydini diplomunun həqiqi olmaması kimi hesab edir və gələcəkdə həmin diplomla işləyə bilməyəcəyini düşünür. Hesab edir ki, cavabdehin tələbini təmin edilməməsi barədə qəbul etdiyi qərar onun qanunla qorunan hüquq və mənafeyinə toxunur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən 12 may 2009-cu il tarixli qərarı ilə Dövlət Attestasiya Komissiyasının sədrinin və həmin dövrdə Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının rektoru (hazırda Milli Məclisin deputatı) Aqiyə Naxçıvanlının imzaları və möhürü ilə təsdiq olunmuş B121515 nömrəli ali təhsil haqqında dövlət sənədi olan diplom verilmişdir. 16 aprel 2021-ci il tarixli Təhsil Nazirliyinin məktubunu alanadək ona diplomunun dövlət nümunəli olmaması barədə hər hansı bir məlumat verilməmişdir.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 16.06.2021-ci il tarixli məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı üzrə arxiv) arxiv sənədlərinə əsasən 2009-cu ildə universitetin “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasını bitirən tələbələrin siyahısında Mərdanlı (Babayeva) Şəbnəm Faiq qızının adı aşkar olunmadığı bildirilmişdir.

4. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri baxılmadan geri götürdüyünü bildirmişdir.

5. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri baxılmadan geri götürülməsinə etiraz etmədiyini bildirdi.

II. İddianın geri götürülmüş sayılması

1. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

3. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

4. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

5. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

6. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

7. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X8 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

8. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

9. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

10. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır.

11. İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir.

12. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

13. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

14. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından (bax 3-cü bənd) prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

15. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

16. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar