Məhkəmə qərarları › İş №2-1(112)-6787/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6787/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6787/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı və onun nümayəndəsi və vəkili Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Vəkil1 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni 24 avqust 2020-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1978-ci ildən başlayan uzun müddətli əmək stajına malikdir. 44 illik bir müddəti əhatə edən əmək fəaliyyətinin 18 ildən artıq hissəsini zərərli işlər təşkil edir. Başqa sözlə, uzunmüddətli əmək fəaliyyəti əmək qanunvericiliyinin müəyyən etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun tələblərinə tam şəkildə cavab verir. Buna görə də, yəni əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət etmişdir. Ərizəsinə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını təsdiq edən müvafiq sənədləri də əlavə etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 saylı imtina məktubu ilə ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunu xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. İmtinanın əsas səbəbi kimi, bildirilmişdir ki, işlədiyi zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin su təsərüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi, bu səbəbdən də neftin, qazın, qaz kondensatının, emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid olmadığı aşkar edilmişdir. Qeyd olunan səbəbdən onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququ yoxdur. Cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 05 mart 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının güzəştli iş stajı 12,5 ildən az təşkil edir. İddiaçıya görə 16 sentyabr 1996-07 yanvar 2008-ci illərdə və 15 iyul 2008-22 sentyabr 2014-cü illərdə “AzərNeftyağ” İB “Azərneftyağ” X1 8 saylı sexdə təmir üzrə çilingər peşələrində çalışmışdır. Bu peşələr Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007ci il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının 10.2, 10.4 və 10.5.2-ci bəndələrində öz əksini tapıb. Mərkəzi Filialın mütəxəsisiləri tərəfindən iddiaçının zavoddakı iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi aparılmış, zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin su təsərrüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi, buna görə də, neftin qazın, qaz kondensantının emalı, kömürün və şistin emalı sahəsinə aid olmadığı müəyyən edilmişdir. Bu fakt, zavodun xx.xx.2021-ci il tarixli aktı ilə təsdiq edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv arayışı onun güzəştli iş stajını təsdiq etmir. Ona görə ki, arayışda məlum siyahının 10.5.2-ci bəndinə ümumi istinad vardır. Halbuki həmin bənddə 20-dən artıq peşə öz əksini tapmışdır. Digər tərəfdən 10.5.2-ci bənddə “sənaye çirkab sularının təmizlənməsi işləri ilə məşğul olan maşinist” peşəsi nəzərdə tutulub. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 12,5 il güzəştli iş stajına malik olması tələb edilirdi. İddiaçının çalışdığı müəssisə isə, onun 12,5 il güzəştli iş stajına malik olmadığını qeyd edir. Bu səbəbdən də, filialın imtinası qanuni və əsaslı olmuşdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı-İddiaçı və onun vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Vəkil2 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 09 noyabr 1979-cu ildən 12 noyabr 1981-ci ilədək SSR ordu sıralarında hərbi xidmətdə olmuşdur. Bakı Yüngül Sənaye Texnikumu tərəfindən xx.xx.1979-cu ildə verilmiş BT seriyalı 019160 №li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1975-ci ildə həmin texnikuma daxil olmuş və Dövlət ixtisas komissiyasının 01 mart 1979-cu il tarixli qərarı ilə ona texnikmexanik ixtisası verilmişdir. ИТ-İ ******* №li xx.xx.1979-cu il tarixli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1978-ci ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Bakı uşaq paltarları tikiş istehsalat birliyində YSN tədris- istehsalat təcrübəsi keçmək üçün təmirçi-çilingər vəzifəsinə təyin edilmişdir (Əmr № 15-k, xx.xx.1978-ci il); xx.xx.1978-ci ildə 1-ci (birinci) dərəcəli təmirçi-çilingər kimi istehsalat təcrübəsinin müddəti bitdiyinə görə azad edilmişdir (Əmr № 12, xx.xx.1978-ci il); xx.xx.1979-cu ildə TTT 3-cü dərəcəli təmirçi-çilingər təyin olunmuşdur (Əmr № 54a, xx.xx.1979-cu il); xx.xx.1979-cu ildə dördüncü dərəcə təyin edilmişdir (Əmr №160 xx.xx.1979-cu il) xx.xx.1979-cu ildə hərbi xidmətə göndərilməsi ilə əlaqədar işdən azad olunmuşdur (Əmr № 181, xx.xx.1979-cu il); xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmət keçmişdir (hərbi bilet); xx.xx.1982-ci ildən 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə təyin olunmuşdur (Əmr № 22, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə beşinci dərəcə təyin olunmuşdur (Əmr № 228,xx.xx.1982-ci il); xx.xx.1985-ci ildə altıncı dərəcə təyin olunmuşdur (Əmr № 83, xx.xx.1985-ci il) xx.xx.1991-ci ildə işdən azad olunmuşdur (Əmr № 48, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə 9-nömrəli stomotoloji poliklinikaya 0,5 dərəcə ilə fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 19, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə öz xahişi ilə işdən azad olmuşdur (Əmr № 75, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə 14 saylı poliklinikaya 1,0 dərəcə ilə təsərrüfat müdiri təyin olunmuşdur (Əmr № 36,xx.xx.1991-ci il); xx.xx.2014-cü ildə işdən azad olmuşdur (Əmr № 84/k,xx.xx.2014-cü il); xx.xx.2014-cü ildə Xətai rayonu 22 nömrəli Birləşmiş şəhər xəstəxanasında idaarəetmə aparatına təsərrüfat müdiri vəzifəsinə qəbul edilmişdir (Əmr № 203/k, xx.xx.2014-cü il); xx.xx.2016-cı ildə işdən azad olmuşdur (Əmr № 46, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə 38 №-li Şəhər poliklinikasına təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 83/k, xx.xx.2016-cı il); xx.xx.2022-ci il tarixdən hal-hazıradək təsərrüfat müdiri vəzifəsində işləyir. ИТ-İ ******* №li xx.xx.1992-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1992-ci ildə “Nail” kiçik müəssisəsinə 6 (altıncı) dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul olunmuşdur (Əmr № 6, xx.xx.1992-ci il); xx.xx.1996-cı ildə işdən azad olunmuşdur (Əmr № 13, xx.xx.1996-cı il); xx.xx.1996-cı ildə “Azərneftyağ ”İstehsalat Birliyinə 4-cü dərəcəli gözətçi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 130/şh, xx/xx-1996-cı il); xx.xx.1996-cı ildə 8 №-li sexə texniki qurucu təmiri üzrə 3 dərəcə çilingər keçirilmişdir (Əmr № 127, xx.xx.1996-cı il) xx.xx.1999-cu ildə 4-cü dərəcə təyin olunmuşdur (Əmr №.122, xx.xx.2003-cü il); xx.xx.2008-ci il tarixdə 8 saylı (Çirkab suların təmizlənməsi sexinin təmir sahəsində 4-cü dərəcəli növbətçi çilingər peşəsində təyin edilmişdir (Əmr № 99, xx.xx.2008-ci il); xx.xx.2009-cu ildə 8 saylı (çirkab suların təmizlənməsi sexinin təmir sahəsində 4-cü dərəcəli təmirçi çilingər peşəsinə təyin olunmuşdur (Əmr № 344, xx.xx.2009-cu il); xx.xx.2009-cu ildə 5-ci dərəcə təyin edilmişdir (Əmr № 1153K, xx.xx.2009-cu il); xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr № 426/k, 22.09 2014-cü il). İddiaçı aid fərdi şəxsi hesabdan çıxarışdan görünür ki, İddiaçı pensiya kapitalı 32.093, 67 manat təşkil edir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli **********0 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) texnoloji avadanlıqların təmiri üzrə çilingərlər; təmirçi-çilingərlər peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Heydər Əliyev adına X3”nun ona dair 10 noyabr 2021-ci il tarixli SOCAR**********80020123X00195 nömrəli arxiv arayışında xx.xx.1996xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 8 saylı sexində texnoloji qurğuların təmiri üzrə çilingər, növbətçi çilingər və sexin təmir sahəsində təmirçi çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin su təsərrüfatı sahəsinə aid olduğu, suların neft məhsullarından təmizlənməsinə xidmət etdiyi, bu səbəbdən də neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid olmadığı aşkar edilmişdir. Bu fakt “Heydər Əliyev adına X3” nun 30 noyabr 2021-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Qeyd edilən səbəbdən sizin güzəştli iş stajınız yoxdur.Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq SOCAR- Heydər Əliyev adına X3 tərəfindən verilmiş 14 iyul 2022-ci il tarixli 22SOCARDownstream**********23X00038 saylı arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.1996-cı il tarixədək Yay üzgüçülük hovuzunda gözətçi işləmişdir (Əmr №130/şh, xx.xx.1996-cı il); xx.xx.1996cı ildən xx.xx.2008-ci ilədək 8 №-li sexdə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləmişdir (Əmr № 178/ şh, xx.xx.1996-cı il); xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək 8 saylı (çirkab suların təmizlənməsi) sexin təmir sahəsində növbətçi çilingər peşəsində işləmişdir (Əmr № 99/k, xx.xx.2008-ci il); xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək 8 saylı (çirkab suların təmizlənməsi) sexin təmir sahəsində təmirçi çilingər peşəsində (zərərəli peşələrdə) işləmişdir (Əmr № 344k, xx.xx.2008-ci il). Qeyd: 2 və 4-cü bəndləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-c il tarixli 12 nömrəli Qərarının 10.5.2 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı üzrə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Heydər Əliyev adına X2 keyfiyyətə nəzarət laboratoriyası üzrə 8 №li sahə və “Azərneftyağ" X2 8 №li sahəsi (çirkab suların təmizlənməsi) fərqli funksiyaları yerinə yetirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı iddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. xx.xx.1992-ci il tarixli (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (xx.xx.2020) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası, hərbi bilet və diplomu ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarındandır İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. İşəgötürən tərəfindən verilmiş müvafiq arayışa əsasən iddiaçının zərərəli peşələrdə (xx.xx.1996-cı ildən xx.xx.2008-ci ilədək 8 №-li sexdə texnoloji qurğuların təmiri üzrə çilingər; xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilədək 8 saylı (çirkab suların təmizlənməsi) sexin təmir sahəsində təmirçi çilingər) işlədiyi dövrlərə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİ fəsil Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (kod ********) bölməsi; texnoloji avadanlıqların təmiri üzrə çilingərlər (kod 2130301a—18547) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) a) fəhlələr: texnoloji avadanlıqların təmiri üzrə çilingərlər; təmirçiçilingərlər peşələri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2020-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2020-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana ilk dəfə dekabr 2021-ci il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar