Məhkəmə qərarları › İş №2-1(112)-6787/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6787/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6787/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlür. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək orduda xidmət etmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək 2 saylı texnoloji sexin RMB-də texniki cihazların təmiri və texniki xidməti üzrə mexanik vəzifəsində işləmişdir; xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək AZ.SSR.Yüngül Sənaye Nazirliyinin 2 saylı Bakı ayaqqabı fabrikində vəzifəyə görə ödənişlə 1 saylı sexə şagir kimi qəbul işləmişdir xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Elektrik avadanlıqlarının və enerji təchizatının təmiri və əsaslı təmiri emalatxanasına 3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Neft-qazçıxarma sexində 3-cü dərəcəli neft və qazçıxarma operatoru vəzifəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1987-cı il tarixədək İstilik elektrik sexi –KU sənaye boru kəməri OK 4 kateqoriyalı bölmənin aparat avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsində işləmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək yeraltı quyuların təmiri operatoru vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Şirkətində mühəndis, daha sonra satış məsləhətçisi işləmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də satış meneceri vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 7 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.1987xx.xx.1995-ci il tarixləri arasındaki dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, kifayət qədər əmək stajının olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, cavabdeh imtina məktubunda qeyd edilmişdir ki, güzəştli stajı 12 il, 1 ay, 7 gün təşkil edir və o, tələb olunan 12 il 6 ay sığorta stajına malik deyil. Məktubdan görünür ki, xx.xx.1986-xx.xx.1987ci il arasında olan dövrdə staj hesablanmayıb. Lakin, o, 1986-cı ilin fevral ayının 11-dən 1986-cı ilin avqust ayının 15-dək X4 istilik elektirik sexinin 4 nömrəli oksigen stansiyasında avadanlığın təmiri üzrə mexanik, 1986-cı ilin avqust ayının 15-dən 1987-ci ilin fevral ayının 4-dək istilik-elektirik sexinin ilstilik-elektrik stansiyası bölməsində texniki avadanlıqların təmiri üzrə mexanik vəzifəsində işləmişdir. 1987-ci ilin fevral ayının 4-də öz xahişimlə Ukrayna SSR Əmək Məcəlləsinin 38-ci maddəsi ilə işdən azad edilmişdir. Qeyd olunanlar nəzərə alındıqda əmək stajı güzəştli şərtlərlə pensiya almaq hüququna imkan verir. Lakin, əmək pensiyası ilə bağlı onun hüquqları pozulur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəliləri eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olur. Nəzərə alınmalıdır ki, həmin dövrdə ƏMQ-nun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən vətəndaşa 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Qeyd olunmalıdır ki, iddiaçının 60 yaşı tamam olduğu həmin vaxtda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Çünki bu hüququn yaranması üçün imperativ qaydada yuxarıda göstərilən hər 4 element üzrə şərt ödənilməlidir. Lakin iddiaçının həmin tarixə fərdi hesanın sığorta hissəsində toplanan pensiya kapitalı ona pensiya almaq hüququna imkan vermir. İddiaçının bu hüququ 13 may 2022-ci il tarixdən sonra, yəni ƏPQ-nun 9.1-ci maddəsinin redaksiyasına dəyişiklik edildikdən sonra yaranmışdır. Belə ki, qanunvericiliyin həmin tarixdən sonraki redaksiyasında vətəndaşın güzəştli şərtlərlə pensiya almaq hüququnun yaranması üçün fərdi hesabının sığorta hissəsində toplanan kapital ilə bağlı şərt aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 13 may 2022-ci il tarixdən yaranır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla yuxarıda qeyd edilən peşələrdə ümumi iş stajı 25 ildən çoxdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Beləliklə iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan (işin mübahisələndirilməyən halı), o birinci tələbi ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən X1 iş stajı- xx.xx.1983-cü il (Əmr № 01-k, xx.xx.1983) tarixindən xx.xx.1983-cü il (Əmr № 73-k, xx.xx.1983) tarixinədək - ( 6 ay, 7 gün) təşkil edir.Elektrik sexinin elektrik avadanlıqlarına xidmət edən elektrik mantyorları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’mn 8-ci bölməsinin “Kimya istehsalat”nm 8.1.3 bölməsinə aiddir. “SOCAR” X9 və Qazçıxarma İdarəsi tərəfindən verilmiş arayışa əsasən 1983-1986-cı illər üçün əmək haqlarının şəxsi hesablarında, 1986-cı il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1962-cü il tarixdə anadan olmuş, X2 bu müəssisədə işləməsi barədə məlumatlar mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li Qərarındakı istehsalatın peşə və vəzifələrin 2 saylı Siyahısının 10-cu bölməsi, 10.2 yarımbölməsinin “a” bəndinə peşəsində güzəştli şərtlərlə iş stajı 1) xx.xx.1983 - xx.xx.1986 Neft və qaz hasilatı üzrə operator 02 il 05 ay 26 gün təşkil edir. “SOCAR” X9 və Qazçıxarma İdarəsi tərəfindən verilmiş arayışa əsasən 1987-1995-ci illər üçün əmək haqlarının şəxsi hesablarında, 1995-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1962-cü il tarixdə anadan olmuş, X2 bu müəssisədə işləməsi barədə məlumatlar mövcuddur. X3 - 08 sentyabr 1998-ci il tarixdən AR ƏM-nin 36-cı maddəsinin 1-ci bəndinə (tərəflərin razılığı ilə) əsasən işdən azad edilib.(xx.xx.1995-ci ilin 166 -K N-li əmrinə əsasən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li Qərarındakı istehsalatın peşə və vəzifələrin 2 saylı Siyahısının 10-cu bölməsi, 10.2 yarımbölməsinin “a” bəndinə peşəsində güzəştli şərtlərlə iş stajı 1) xx.xx.1987 - xx.xx.1995 Neft və qaz hasilatı üzrə operator 08 il 06 ay 17 gün təşkil edir. İşdə olan sənədlərdən görünür ki, cavabdeh iddiaçının mübahisələndirilməyən güzəştli iş stajına xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındaki dövrləri aid etmişdir ki, həmin dövr nəzərə alınmaqla güzəştli iş stajı 12 il 1 ay 7 gün təşkil edir. Cavabdeh iddiaçının xx.xx.1986-ci il tarixdən xx.xx.1987-ci tarixədək işlədiyini iddia olunan dövrləri nəzərə almamış və bu halı onunla əsaslandırmışdır ki, X8” MMC-nin xx.xx.2022-ci il tarixli 08/31-792 nömrəli arayışı Azərbaycan Respublikasının dövlət dilində tərtib edilmədiyi və tərcümə edilərək notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, “X8” MMC tərəfindən tərtib olunmuş arayış iddiaçının xx.xx.1986-ci il tarixdən xx.xx.1987-ci tarixədək (İstilik elektrik sexi–KU sənaye boru kəməri OK 4 kateqoriyalı bölmənin aparat avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsində işləmişdir. Həmin arayış Azərbaycan Respublikasının dövlət dilinə tərcümə edilərək notaril qaydada təsdiq edilmiş və məhkəməyə təqdim edilmişdir. Beləliklə, cavabdehin istinad etdiyi həmin dəlil iddiaçının işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınmasına maneə yaratmır. Məhkəmə tərəfindən bu sənəd cavabdehin nümayəndəinə təqdim edilərək işin məhkəmədən kənar həlli üçün məhkəmə iclası təxirə salınmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin aryışın nəzərə alınaması ilə bağlı cavabdeh qurumun mövqeyinin dəyişmədiyini bildirmişdir. Təqdim edilən arayışlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 08 ay 11 gün təşkil edir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışları ilə təsdiq edilir. Həmin arayışlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar