Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-679/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 31 may 2006-cı il tarixdən polis orqanlarında işə qəbul olunmuşdur. Xidməti fəaliyyətinə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidmətində polis nəfəri kimi başlamışdır. 2008 – 2010-cu illərdə Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində polis nəfəri kimi xidmətini davam etdirmişdir. 2010 – 2011-ci illərdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində polis nəfəri kimi işləmişdir. DYPİ-də ştatlar ixtisara düzdüyündən, Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Xidməti fəaliyyəti zamanı yüksək fiziki və peşə hazırlığına görə komandirlər tərəfindən dəfələrlə təltif olunmuş, nizam-intizamlı, nöqsansız fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Konstitusiyasına, «Polis haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, digər hüquq normalarının tələblərinə dürüst əməl etmiş, polis qarşısında duran vəzifələrin icrasında, ictimai təhlükəsizliyin təmin olunmasında, sabitliyin pozulması ilə müşayiət olunan kütləvi ixtişaşların qarşısının alınmasında fəal iştirak etmiş, rəhbərliyin tapşırış və göstərişlərini dəqiq icra etmişdir. Lakin 5 iyul 2019-cu il tarixdə iddiaçı Binəqədi Rayon Polis İdarəsinə çağırılmış, Bakı Şəhər Baş Polis İdarəsinin gizli qeydi olduğu, guya onun qanunsuz hərəkət etdiyi və işdən azad olunduğu bildirilmiş və o, İdarəyə buraxılmamışdır. İşdən azad edilməsi barədə əmr isə verilməmişdir. Ümumiyyətlə, o (iddiaçı), bu günədək əmrin Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qəbul olunması barədə məlumatlı olmamışdır. Elə bilmişdir ki, əmr Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmişdir. Həmin İdarəyə dəfələrlə müraciət etsə də, əmr ona təqdim edilməmişdir. 2021-ci ilin yanvar ayında Binəqədi Rayon Polis İdarəsinə əmrin verilməsi ilə bağlı vəkil sorğusu göndərilmiş, lakin həmin İdarənin cavab məktubunda əmrin alınması ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Onun müraciətindən sonra Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə əmrdən çıxarış verilmişdir. Məlum olmuşdur ki, iddiaçı Bakı Şəhər Baş Polis İdarəsinin 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun və «Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi»nin tələblərini pozaraq 29 iyun 2019-cu il tarixdə yol hərəkəti qaydalarını pozmuş piyadaların barəsində inzibati qaydada tədbir görmədiklərinə, bunula bağlı görüntülərin sosial şəbəkədə yayımlanması və polisin nüfuzuna xələl gətirə biləcək məqalənin dərc olunması ilə nəticələndiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiklərinə görə Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı İddiaçı «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilsin. Həmin əmr əsaslı deyil, ona (iddiaçıya) münasibətdə qanunsuzdur. Belə ki, o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun və «Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi»nin tələblərini pozmamışdır. 29 iyun 2019-cu il tarixdə yol hərəkəti qaydalarını pozmuş piyadaların barəsində inzibati qaydada tədbir görülməməsi ilə bağlı hal olmamış, bununla bağlı iddiaçının görüntüləri sosial şəbəkələrdə yayımlanmamış, onun barəsində polisin nüfuzuna xələl gətirə biləcək məqalə dərc olunmamışdır. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis işçisi daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilir. O, daxili işlər orqanı əməkdaşı adına ləkə gətirən və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməmişdir. Bu səbəbdən cavabdeh Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, məhkəmədən Bakı Şəhər Baş Polis İdarəsinin hərəkətlərinin qanunsuz sayılması, 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki (Binəqədi RPİ PPX-nın polis nəfəri) vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə təqdim edilmişdir. Cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin məhkəməyə ünvanlanmış 30 mart 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - 29 iyun 2019-cu il tarixdə saat 15:00 radələrində Zaur və Cəlal adlı şəxslər Bakı şəhəri, Azadlıq prospekti ilə S.Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsində müəyyən olunmayan yerdən keçdiklərinə görə həmin ərazidə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyündən həmin İdarənin DYP şöbəsinə ezam olunmuş polis nəfəri İddiaçı və Ceyhun Nəsrullayev tərəfindən dayandırılmışdır. Polis serjantları İddiaçı və Ceyhun Nəsrullayev yolu müəyyən olunmamış yerdən keçən piyadalara dayandırmanın səbəbini izah etsələr də, heç bir sənədləşmə aparmamaqla şəxsi maraqları müqabilində onları inzibati məsuliyyətdən kənarda saxlamış, polis nəfəri İddiaçı qeyd olunan şəxslərlə xidmətdənkənar mövzuda söhbətlər aparmasının görüntülərinin sosial şəbəkədə yayımlanması nəticəsində polisin nüfuzuna ləkə gətirə biləcək müzakirələrin aparılmasına zəmin yaranmışdır. Qeyd olunan hərəkətlərə yol verdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri ilə Binəqədi RPİ PPXB-nin polis nəfəri, polis serjantları İddiaçı və X1 «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xidmətdən xaric edilmişlər. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi, Bakı Şəhər Baş Polis İdarəsinin 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmrinin qanuni hesab edilərək qüvvədə saxlanılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizısində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisələndirilən 5 iyul 2019-cu il tarixli Ə-472-039-19 saylı əmr cavabdeh Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qəbul edildiyindən, əmr iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habeə iddia müddəti buraxılmadığından, eləcə də işin iddianın mümkünlüyünü istisna edən başqa xüsusatı müəyyən edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılır. İddia müddətinin buraxılmamış sayılması qənaəti ondan irəli gəlir ki, mübahisə predmeti olan 5 iyul 2019-cu il tarixli əmrin surətinin iddiaçıya 25 yanvar 2021-ci il tarixdən (iddia qaldırıldığı vaxtdan 1 ay qabaqkı tarix) əvvəlki dövrdə təqdim edilməsini təsdiq edən edən hər hansı mötəbər sübut cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatına təqdim edilməmişdir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: İş materiallarında olan cavabdeh Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 5 iyul 2019-cu il tarixli Ə-472-039-19 saylı əmrin qəbulu üzrə aparılan inzbati icaatda İddiaçı alınmış izahatda aşağıdakılar bildirilir: - Mən 2005-ci ildən DİO-da, 2009-cu ildən isə tutduğum vəzifədə xidmət edirəm. Binəqədi RPİ-nin əmri ilə 2019-cu ilin aprel ayından 1 iyul 2019-cu il tarixədək DYPŞ-yə ezam olunmuşdur. Mənimlə birgə PPX-nin polis nəfəri Ceyhun Nəsrullayev də həmin əmrlə ezam olunmuşdur. 2019-cu ilin iyul ayının əvvəlində PPX-nin polis nəfəri Ceyhun Nəsrullayevlə birgə Azadlıq prospekti ilə X3 küçəsinin kəsişməsində piyadaların «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına qarşı yol vermiş qanun pozuntuları ilə əlaqədar mübarizə aparmışıq. Həmin günlərdə saat 14:50 radələrində üç piyada piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçdiklərinə görə onları dayandırdıq. Port-kompyuterlə şəxsiyyətlərini müəyyən etdik. Həmin şəxslərdən 10 manat alaraq barələrində heç bir tədbir görmədən sərbıst buraxdıq. Mən ilk dəfə idi ki, bu kimi hərəkətə yol verirdim. Həmin pulun beş manatını Ceyhun Nəsrullayevə vermişdim. Qeyd olunanlardan başqa ötən günlərdə bu kimi hala yol verməmişik. Əməlimdən peşmanam. Söz verirəm ki, bir daha belə nöqsana yol verməyəcəm. İzahatı özüm yazdım, düzdür, əlavəm yoxdur, təsdiq edirəm . Məhkəmənin hazırkı iş üzrə 30 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - İş materiallarında olan 5 iyul 2019-cu il tarixli əmrin verilməsinə əsas olmuş 5 iyul 2019-cu il tarixli izahatdakı yazılar və imza hazırkı İddiaçı Xəyyam oğlu, yaxud başqa şəxs tərəfindən imza olunmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Mərkəzin ekspertinin həmin tarixli 4/1788 nömrəli rəyində aşağıdakılar bildirilir: - Ekspertizaya təqdim edilmiş, işin 53-cü vərəqəsində İddiaçı Xəyyam oğunun adından olan 5 iyul 2019-cu il tarixli izahatda “Verilən suallara cavab olaraq bildirirəm ki” qrafasından sonrakı yazılar izahatın üz tərəfindən “İmza” qrafasındakı imza və izahatın sonunda “Əhmədov” soyadından sonrakı imza – İddiaçı Xəyyam oğlu tərəfindən icra olunmuşdur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquqmühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, 4-cü bəndinə görə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 108-ci maddəsinə görə daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü maddəsinəgörə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edlmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 6-1) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarım törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər. Göründüyü, mövcud qanunvericiliyin daxili işlər orqanlarında xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinn tətbiqini isə, başqa hallarla yanaşı onun daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq da daxildir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının daxili işlər orqanlarından xaric edilməsi barədə 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri cavabdeh inzibati orqan Bakı Baş Polis İdarəsi onun hərəkətlərini “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. İnzibati orqan belə hərəkət kimi İddiaçı xidməti fəaliyyətinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş şəxslər barəsində müvafiq tədbir görməməsinin müqabilində on manat (iki vəzifəli şəxsin hər birinə münasibətdə beş manat) pul vəsaitinin alınmasını qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tədqiq edilmiş “iddiaçının inzibati icraatda verdiyi izahatı”nda iddiaçı yol verdiyi həmin hərəkətləri təsdiq etmiş və məhkəmə icraatında həmin izahatdakı imzanı mübahisələndirsə də, əldə olunmuş ekspertiza rəyi ilə onun izahatı mübahisələndirmə üzrə dəlili inkar olunmuşdur. Məhkəmə icraatında ekspert rəyi ilə razılaşmamaq üzrə xüsusat müəyyən edilmir. Bununla da, iddiaçının xidmət vaxtı müvafiq hərəkətə (hansı ki, inzibati orqan onu “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirmişdir) yol verməsi öz təsdiqini tapır. MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, xidmət dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini cavabdeh inzibati orqan Bakı Şəhər Baş Polis İdarəsi haqlı olaraq daxili işlər orqanlarının əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Çünki, belə hərəkət «Polis haqqında» Azərbaycan Respublikası Qanununun, «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin müddəalarının kobud pozulmasını ehtiva edir. Cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin apardığı inzibati icraat üzrə qəbul etdiyi 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri əlverişsiz inzibati akt kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi baxımından da mütənasibdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi” tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-679/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-679/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver