Məhkəmə qərarları › İş №2-1(112)-679/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-679/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-679/2025 21.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 18 saylı orderə əsasən, X19 223 saylı ВТК nəzdində 0.09 ha ibarət 223 saylı bağ sahəsinin mərhum atası X6 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1997-ci il tarixli 806 saylı qərarına əsasən 223 saylı ВТК nəzdində 0.09 ha ibarət 223 saylı bağ sahəsi atası X4 istifadəsinə verilmişdir. Lakin halhazırda həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman, bildirilmişdir ki, təqdim edilən sənədlərdə ata adında uyğunsuzluq mövcuddur. Belə ki, ölüm haqqında şəhadətnamədə hüquq sahibinin adı "X9" qeyd edilsə də, orderdə "X8" kimi göstərilmişdir. Bu səbəbdən, sənədin şəxsə məxsus olması barədə Mülki Prosessual qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 240/2023 saylı qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1997-ci il tarixli 806 saylı qərarına əsasən 223 saylı ВТК nəzdində Zirə qəsəbəsi ərazisində yerləşən 0.09 ha ibarət 223 saylı bağ sahəsinə dair verilmiş 18 saylı orderin xx.xx.1998-ci il tarixdə vəfat etmiş X6 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman ona xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-2-3-7683/2023, **********83 saylı imtina məktubu ilə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ərazi daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Eyni zamanda tərəfinizdən təqdim olunan orderin nüsxəsi 1 idarənin arxivində aşkar edilməmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********20 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********83 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ərazi daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, eyni zamanda təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət fərdi və bağ evlərinin tikintisi üzrə Bağlar Təsərrüfatı İdarəsinin tərəfindən verilmiş 18 saylı orderə əsasən X19 223 saylı BTk nəzdində 0.09 ha bağ sahəsinin sxematik xəritədə dəqiqləşdirirərək, mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş V-ЖГ seriyalı 271292 nömrəli X10 görünür ki, X27paşa oğlu xx.xx.1998-ci il tarixdə 68 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 20 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 33 saylı dövlət notariat ofisinin xx.xx.2023-cü il tarixli 39 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri 33 saylı notariat ofisinə xx.xx.1998-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 806 nömrəli sahəyə dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X5 adına çıxarış verilməsinə etiraz edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin X19 223 nömrəli Kooperativin 18 nömrəli Orderindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 3 iyun 1997-ci il tarixli 806 nömrəli qərarına əsasən ona Zirə bağlar sahəsində 223 nömrəli BTK nəzdində 0.09 ha torpaq sahəsi olan 411B nömrəli bağ ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 3-52/2-L-4-112/2023 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi,bağ tikinti kooperativlərinin tərkibində ayrılması barədə” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən Qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşlarin istifadələrinə aşağıdakı bağ sahələri ayrılsın: X7- Zirə ВТК № 223 bağ № 411b. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-240/2023 nömrəli qətnaməsinə əsasən, Ərizə təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi 223 saylı bağ sahəsinə dair verilmiş 18 saylı orderin - X6 məxsus olması faktın müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-240/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi 223 saylı bağ sahəsinə dair verilmiş 18 saylı orderin - X6 məxsus olması faktı müəyyən edilmişdir. Bildiririk ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazinin İdarəsinin xx.xx.2024-cü il tarixli **********81 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən məlum olur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin ətrafında 454, 447, 478b saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazinin İdarəsinin xx.xx.2024-cü il tarixli **********98 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 806 nömrəli sərəncamın idarənin arxivində saxlanılan nüsxəsində X26 Pənah (siyahıda olduğu kimi) adı göstərilmişdir. (Zirə ВТК № 223 bağ № 411b). Həmçinin bildiririk ki, X3 adına Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 806 nömrəli sərəncamı ilə 223 nömrəli ВТК nəzdində Zirə bağ massivində yerləşən 411b saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazinin İdarəsinin xx.xx.2024-cü il tarixli **********72 nömrəli məktubunda göstərilmişdir ki, 223 saylı ВТК-ya aid bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazinin İdarəsinin xx.xx.2024-cü il tarixli **********41 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 900.0 kv.m, faktiki 1101.0 kv.m ümumi sahə, 900.0 kv.m şərti sahə təşkil edir. Göstərilən sahə sərhədlərinin bir tərəfin qonşu bağın hasarı, qalan tərəfləri şərtidir. Sahədə icazəsiz tikili yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazinin İdarəsinin xx.xx.2024-cü il tarixli **********61 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən bağların sxematik xəritəsindən görünür ki, 411 nömrəli bağ sahəsi 410, 412, 445, 445, 447, 478. 479 nömrəli bağ sahələri ilə qonşuluqda yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazinin İdarəsinin xx.xx.2024-cü il tarixli **********91 nömrəli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq(bağ) sahəsinin sərhədlərinin bir tərəfi qonşu bağın hasarı, digər tərəflər isə şərtidir. Üzərində tikili yoxdur. Faktiki sahəsi 1101.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən “411b”saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Həmçinin tərəfinizdən göstərilən torpaq sahəsinin yarı hissəsi Abşeron rayonunun inzibati ərazisi daxilində yerləşir. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmaması səbəbi ilə ərazinin dəqiq hansı bağ nömrəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə ВТК-ya ayrılmış ərazinin hər hansı ayrıcı olmur. Bu səbəbdən ortofoto tərtib olunması mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazinin İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-4065/2023 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 806 nömrəli “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibində ayrılması barədə” Sərəncamda göstərilmişdir ki, vətəndaşların adlarına aşağıdakı bağ sahələri sənədləşdirilsin: 1) X11-Mərdəkan BTK №55, bağ №736B, 2) X7-Zirə BTK №223, bağ №411B, 3) X12-Mərdəkan BTK №246, bağ №2569, 4) X23- Kəradil BTK №89, bağ №1396B. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazinin İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-*25945/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi X19 223 nömrəli Kooperativ tərəfindən verilmiş 1 nömrəli Orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 nömrəli qərarına əsasən X13 Zirə bağlar sahəsində 223 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 411/2 nömrəli bağ ayrılmışdır. -Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi X19 223 nömrəli Kooperativ tərəfindən verilmiş 2 nömrəli Orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 nömrəli qərarına əsasən X2 Zirə bağlar sahəsində 223 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 411a/3 nömrəli bağ ayrılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********83 nömrəli məktubunda bildirilmişdir ki, , idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ərazi daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Eyni zamanda tərəfinizdən təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndiri. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin 3 iyun 1997-ci il tarixli 806 nömrəli qərarına əsasən Zirə Bağlar sahəsində 223 nömrəli BTK nəzdində 0.09 ha torpaq sahəsi olan 411B nömrəli bağ torpaq sahəsi ayrılmış, bu barədə Bakı şəhər XDS İK-nin bağ təsərrüfatının inkişafı və istismarı birliyinin 18 nömrəli order verilmişdir. Beləliklə, Bakı şəhəri İcra Hakimiyyətinin 3 iyun 1997-ci il tarixli 806 nömrəli qərarı əsasında verilmiş adıçəkilən bağlar təsərrüfatı idarəsinin 18 nömrəli orderi Bakı şəhəri, Zirə Bağlar sahəsində 0.09 ha olan 411b №li bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ərazi daxilində yerləşdiyi məlum olmuşdur. -göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. - təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə ilk öncə cavabdehin etirazında qeyd etdiyi bağ sahəsinə dair order nüsxəsinin idarənin arxivində olmaması ilə bağlı bildirir ki, qeyd edilən digər şəxsin adına orderin olması və yaxud iddiaçının təqdim etdiyi orderin bir nüsxəsinin idarənin arxivində aşkar edilməməsi hüququn qeydiyyatından imtinaya əsas vermir. İddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İddiaçı sözügedən 18 nömrəli orderin əslini məhkəməyə təqdim etmiş, həmin orderin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədi olan xx.xx.1997-ci il tarixli, 806 saylı qərarı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Cavabdehin məhkəmənin sorğusuna cavab məktublar ilə təqdim edilmiş 223 nömrəli BTK üzvlərinin siyahısında iddiaçının adının olmaması mümkündür. Belə ki, BTKnın 10 nəfərlik üzvlərinin siyahısı xx.xx.1991-ci il tarixli qərarla təsdiqlındiri halda iddiaçıya bağ sahəsi daha sonra- 1997-ci ildə ayrılmışdır. Göstərilən torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Əvvəla, bağlar idarəsinə aid arxivsaxlayıcı olan cavabdeh 223 nömrıli BTK-ya aid bağların bölgü sxemini məhkəməyə təqdim etməmişdir. Qyd edilən BTK-ya aid bölgü sxem arxivdə aşkarlanmasa da cavabdehin təqdim etdiyi 10 nəfərlik siyahıda BTK üzvlərinin adları qarşısında müxtəlif bağ nömrələri, eləcə də 411/2, 411a/3, 459b/4 və digər bağ nömrələri göstərilmiş, bu hal da 223 nömrəli BTK tərkibində, iddiaçıda olduğu kimi 411-lərlə başlayan bağ sahələrinin olduğunu deməyə əsas verir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdə 411/2 nömrəli bağ sahəsi, eləcə də 411a/3 nömrəli bağ sahəsinin X19 223 nömrəli Kooperativ tərəfindən vətəndaşlara ayrıldığı müəyyən olunmuşdur. Digər tərəfdən təqdim edilmiş ümumi olaraq Zirə bağlar sahəsinin sxematik xəritəsində 411b nömrəli bağ öz əksini tapmasa da 411 nömrəsi ilə başlayan bağ sahələrinin ətrafında 410, 412, 445, 445, 447, 478. 479 nörəli bağların əhatəsində yerləşdiyi müəyyən olunur. Eyni zamanda, iddia olunan torpaq sahəsinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda 454, 447, 478b saylı bağ sahələrinin yerləşdiyi görünür. Bu hal da göstərilən torpaq sahəsinin yerləşməsinin təqribi olaraq qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəldiyini deməyə əsas verir. İddia olunan torpaq sahəsinin ümumi ərazi daxilində yerləşməsi mülkiyyət hüququnun qeydiyyatından imtinaya əsas vermir. Cavabdehin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, torpaq sahəsinin koordinatları, sahənin iddiaçının faktiki sahiblik və istifadəsində olduğu müəyyən edilmiş, eyni zamanda sahənin hər hansı şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilməmişdir. Hətta iddia olunan torpaq sahəsinin ümumi ərazi daxilində yerləşməsi, göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi, sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrı-seçkiliyə yol verilməməsini tələb edir. Təqdim edilmiş sənədlərə əsasən digər şəxslərə münasibətdə cavabdeh inzibati orqan arasında ayrı-seçkiliyə yol vermişdir. Bu isə inzibati orqan tərəfindən həm “bərabərlik hüququ”nun, həm də “etimad hüququ”nun pozulmasına səbəb olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 411b nömrəli 0.09 ha ölçüdə bağ torpaq sahəsinin bağların sxematik xəritəsində yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 411b nömrəli 0.09 ha ölçüdə bağ torpaq sahəsinin bağların sxematik xəritəsində yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar