Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6790/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********7 nömrəli, 16.02.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndində (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri vəzifələri nəzərdə tutulmuşdur. 25 noyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 06/81 nömrəli 05.10.2020-ci il tarixli arayışında qeyd edilən 30.11.1981-16.09.1986-cı il tarixləri arasındakı dövr ərzində 1 saylı Rayon İstilik Qazanxanasında maşinist, 16.09.1986-24.07.2006-cı il tarixləri arasındakı dövr ərzində Dispetçer Xidmətində mühəndis-dispetçer, mühəndis, 24.07.2006-cı il tarixdən bugünədək isə 6 saylı X4 Sahəsində rəis kimi işlədiyi vəzifələr Siyahıda göstərilən vəzifələrə uyğun deyil. Qeyd edilənlərə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.07.2006 - 08.05.2021-ci illərdə (hazırkı günədək) "xxxx" ASC-nin 6 saylı X4 Sahəsinin 6 saylı İstilik Qazanxanasında rəis vəzifəsində işlədiyi illərin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staj kimi müəyyən edilərək ona hüququnun yarandığı 10.10.2020ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin pensiya hüququnun yarandığı tarixdən yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçıya 60 yaşının tamam olduğu 10.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 30.11.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. 30.11.1981-ci il tarixdən hazırkı günədək 19 il 9 aydan artıq güzəştli əmək stajı vardır. 30.11.1981 - 16.09.1986-cı illərdə X1 1 saylı rayon İstilik Qazanxanasında maşinist işləmişdir (4 il 9 ay 16 gün). 24.07.2006 - 08.05.2021-ci illərdə (hazırkı günədək) "xxxx" ASC-nin 6 saylı X4 Sahəsinin 6 saylı İstilik Qazanxanasında rəis vəzifəsində işləmişdir (14 il 9 ay 14 gün). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanan 24-cü bəndinin “Rəhbərlər və mütəxəssislər" adlanan b) yarımbəndində - qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri, qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir. Cavabdeh inzibati orqan isə imtina məktublarında sözügedən Siyahının 24.1 bəndinə əsaslanmış və əmək kitabçasında onun 24.07.2006-cı il tarixdən 6 saylı X4 Sahəsində rəis vəzifəsində işlədiyi qeyd olunmuş, bu vəzifənin uyğunsuzluğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. Halbuki o, imtinaya əsas göstərilən vəzifədə - 6 saylı X4 Sahəsində deyil, onun 6 saylı İstilik Qazanxanasında rəis vəzifəsində işləyir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur:
1. 60 yaşın tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;
4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, 772593 saylı diplomun, ******* nömrəli hərbi biletin, ИТ-l №0988740 nömrəli əmək kitabçasının, 06/81 saylı 05.10.2020-ci il tarixli arayışın surətləri) əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 09.11.1978-16.11.1980-ci illərdə hərbi xidmətdə olmuş, 1977-1982-ci illərdə Bakı Energetika texnikumunda təhsil almış, 30.11.1981-ci ildə İstilik şəbəkələri və suqızdıran qazanxanalar müəssisəsinin 1 saylı Rayon İstilik Qazanxanasında qazan maşinisti işinə qəbul edilmiş, 16.09.1986-cı ildə Dispetçer Xidmətinə mühəndis-dispetçer vəzifəsinə keçirilmiş, 01.03.1988-ci ildə mühəndis keçirilmiş, 02.01.1990-cı ildə yenidən mühəndis dispetçer keçirilmiş, 24.07.2006-cı il tarixində "xxxx" ASC-nin 6 saylı X4 Sahəsinin 6 saylı Rayon İstilik Qazanxanasının rəisi vəzifəsinə təyin edilmiş, 01.06.2021-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı 02.07.2021-ci il tarixdə "xxxx" ASC-nin 6 saylı X4 Sahəsi, 6 saylı Rayon İstilik Qazanxanasında 13-cü dərəcəli rəis vəzifəsinə qəbul edilmişdir, hazırda həmin vəzifədə işləyir. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçının 60 yaşı 10.10.2020-ci il tarixdə tamam olmuş, onun həmin tarixə 40 ildən artıq ümumi iş stajı olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdə olan cavabdeh orqana təqdim edilmiş "xxxx" ASC-nin 06/21 saylı 16.03.2021-ci il tarixli arayışında, həmçinin "xxxx" ASC tərəfindən 17 iyun 2021-ci il tarixdə məhkəmə sorğusuna verilən 06/102-08 nömrəli cavab məktubunda göstərilmişdir ki, “İddiaçı "xxxx" Səhmdar Cəmiyyətinin İstilik Şəbəkəsi və X6 Müəssisəsi, 1 saylı Rayon İstilik Qazanxanasına əmək müqaviləsinə əsasən 27.11.1981-ci il tarixli 86/k saylı əmr ilə 30.11.1981-ci il tarixindən sınaq müddətinə maşinist peşəsinə qəbul edilmişdir. İstilik Şəbəkəsi və X6 Müəssisəsinin 14.01.1982-ci il tarixli 05/k saylı əmri ilə 12.01.1982-ci il tarixindən əmək müqaviləsinə əsasən 1 saylı Rayon İstilik Qazanxanasına maşinist peşəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X6 Müəssisəsinin 21.09.1982-ci il tarixli 131/k saylı əmri ilə 24.09.1982-ci il tarixindən əmək müqaviləsinə əsasən 1 saylı Rayon İstilik Qazanxanasına 5-ci dərəcəli maşinist peşəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X6 Müəssisəsinin 12.09.1986-cı il tarixli 110/k saylı əmri ilə 16.09.1986-cı il tarixindən əmək müqaviləsinə əsasən Dispetçer Xidmətinə mühəndis-dispetçer vəzifəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X6 Müəssisəsinin 21.03.1988-ci il tarixli 41 a saylı əmri ilə 01.03.1988-ci il tarixindən əmək müqaviləsinə əsasən Dispetçer Xidmətinə mühəndis vəzifəsinə keçirilmişdir. "xxxx" ASC-nin 18.07.2006-cı il tarixli 06/480 saylı əmri ilə 24.07.2006-cı il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı X4 Sahəsi, RİQ-6-ya rəis vəzifəsinə keçirilmişdir və hal-hazırda həmin vəzifədə işləyir. “Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı fərmanına əsasən ‘‘Azərenerji" Səhmdar Cəmiyyətinin İstilik Şəbəkələri və X6 Müəssisəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27.09.2000-ci il tarixli 941 saylı sərəncamına əsasən İstilik Şəbəkələri və X6 Müəssisəsi daxil olmaqla Bakı şəhər X3 Birliyi yaradılmışdır. Bakı X3 Birliyinin 02 aprel 2001-ci il tarixli 14/H saylı əmrinə əsasən istilik Şəbəkələri və X6 Müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.06.2001-ci il tarixli 456 saylı sərəncamına əsasən Bakı şəhər X3 Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 06.12.2004-cü il tarixli 285 saylı sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələrinin bazasında Bakı Şəhəri İstilik İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 847 saylı 08.06.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İstilik İdarəsi ləğv edilərək, "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Qazanxana maşinisti peşəsi və qazanxana sexlərinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir: 2140000a-13785 - qazan maşinisti 4 il 9 ay 15 gün; 2140000b-24125 qazanxana sexlərinin rəisi 14 il 2 ay 18 gün. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 19 il 3 gün təşkil edir.” İddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı - qazan maşinistləri (kod 2140000a—13785) güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 20-8 nömrəli 21.09.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabçasında (hissə-9).nəzərdə tutulan Elektrik stansiya və şəbəkələrin avadanlıqların istismarı, enerji tələbatçılarına xidmət bölməsinə daxil olan fəhlə peşələrinin müqayisəli addları və ixtisas qruplarının diapazonunda Машинист котлов - Qazanların maşinisti kimi göstərilmişdir. İddiaçının həmin vəzifədə stajı 4 il 9 ay 17 gün olmuşdur (30.11.1981- 16.09.1986) Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 24-cü bölməsinə əsasən Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsi üzrə qazanxana sexlərinin rəisləri və onların müavinləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olunmuşdur. İddiaçının həmin peşə üzrə stajı 60 yaşının tamam olduğu xx.xx.1960-cı il tarixə 14 il 2 ay 18 gün olmuşdur. Göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq, 19 ildən çox işləmişdir. Cavabdeh iddiaçının güzəştli stajını qəbul etməkdən imtina edərkən Siyahının 24.1-ci bəndində olan Yeraltı istilik elektrik stansiyaları sahəsinə istinad etmişdir. Halbuki iddiaçı yeraltı istilik stansiyalarında işləməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı elektrik stansiyaları sahəsi üzrə işləmiş, onun işlədiyi həmin vəzifələr siyahıda göstərilən həm sahə, həm də vəzifə adı ilə uyğun olmuşdur. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektroenergetika — elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması ilə məşğul olan təsərrüfat sahəsi; elektroenergetika sistemi — elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanmasının vahid texnoloji prosesi ilə əlaqələndirilmiş elektrik stansiyaları, yarımstansiyaları, elektrik verilişi xətləri və onların idarəetmə müəssisələrinin (sistemlərin) birliyi; elektrik qurğuları — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər; rayon istilik qurğuları — müəyyən ərazi hüdudunda tələb edilən isti su, buxar və digər istilik daşıyıcılarının istehsalı, ötürülməsi və paylanması üçün lazım olan texniki avadanlıqlar və onlara aid tikililərdir. “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli, 847 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında əhalinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinin, onun səmərəliliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb edilməsinin təmin edilməsi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Sərəncama əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə əsasən Cəmiyyət istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması sistemlərinin etibarlı və səmərəli fəaliyyət göstərməsini; ölkə iqtisadiyyatının və əhalinin istehlak tələblərinə cavab verən istilik və isti su təchizatının, habelə müvafiq iş və xidmətlərə olan tələbatının ödənilməsini; istehsal edilmiş istilik və isti suyun satışını; istilik enerjisinin istehsalı, nəqli və satışının təşkili sahəsində Cəmiyyətin tərkibinə daxil olan müəssisə və təşkilatların fəaliyyətinin təşkil edilməsini, onların bu sahədə fəaliyyətinin tənzimlənməsini, istilik təsərrüfatı obyektlərinin, o cümlədən nasos stansiyalarının, istilik kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsini həyata keçirir. Həmçinin işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş X2 Sahəsi haqqında Əsasnamədən görünür ki, Sahənin xidmət zonasına daxil edilmiş qazanxanalar vasitəsilə istilik enerjisi və isti suyun müəyyən edilmiş parametrlərlə istehsalı və istehlakçılara çatdırılması Sahənin vəzifəsidir. Beləliklə, sadalananlardan aydın olur ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərkibindəki müəssisədə fəaliyyət göstərməklə istilik enerjisi istehsal edən 6 saylı Rayon İstilik Qazanxanasında əvvəl qazan maşinisti, daha sonra isə onun rəisi olmuş, bu vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarda nəzərdə tutulan vəzifəyə həm ad, həm də sahə baxımından uyğun olmuşdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi barədə tələbə gəldikdə, cavabdeh bu halı mübahisələndirməmiş, iddiaçı üçün tələb olunan minimum məbləğ 40.800 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 55372.24 manat vəsait toplandığı təsbit olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslıdır, buna görə də təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 10.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova