Məhkəmə qərarları › İş №2-1(112)-6790/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6790/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6790/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə qarşı köşkün icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı Şəhər Ticarət və Xidmət Departamentinin nəzdində olan köşklərdən birinin sahibkar olaraq icarəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı 2021-ci ilin fevral ayından Dövlət Vergi Xidmətində fərdi sahibkar kimi qeydiyyata alınıb. İddiaçının sahibkarlıq fəaliyyətinin əsas istiqaməti sosial sahibkarlıqdır. Belə ki, o, məişət və sair zorakılığa məruz qalmış qadınlara dərzilik peşəsini öyrədir, onların əmək bazarına çıxışına kömək edir. İddiaçı zorakılığa məruz qalmış qadınlara əlavə iş yeri yaratmaq üçün 07 avqust 2023-cü il tarixdə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədova müraciət edərək departamentinin nəzdində olan köşklərdən birinə ehtiyacı olduğunu bildirib və icarəyə verməsini xahiş edib. İddiaçının niyyəti 3 qadının köşkü təyinatı üzrə istifadə edərək davamlı işlə təmin edilməsi idi. Lakin Bakı Şəhər Ticarət və Xidmət Departamentinin 25 avqust 2023-cü il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri ərazisində quraşdırılmış ticarət köşklərinin sayı çox məhdud olduğundan bütün müraciət edənlərin tələblərini ödəmək imkan xaricindədir. Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanıdır. Halbuki departamentin vəzifələrindən biri istehlak və xidmət bazarında fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə səlahiyyətləri daxilində tədbirlər görməkdir. Departamentin cavabında hansı müraciətlər, əsaslar üçün ticarət köşkünün verilməsi və ya verilməməsi dəqiq bildirilməyib. İddiaçı tam olaraq nəyə əsasən köşkün icarəyə verilməsindən imtina edildiyini bilməyib Cavabdeh iddia tələbinə etiraz ərizəsi göndərərək iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, başqa şəxsdən hər hansı hərəkəti tələb etmək belə bir hərəkətin həyata keçirilməsinin mümkünlüyünə əsaslanmalıdır. Halbuki cavabdeh Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən köşklər onların quraşdırıldığı vaxtdan bu günədək icarəyə verilməmiş, hal-hazırda da verilmir və verilməsi nəzərdə tutulmur. Köşklər Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin balansında olduğundan adı çəkilən Birlik tərəfindən mətbuat yayımı (qəzet və jurnalların pərakəndə satışı), ərzaq məhsullarının, su və şirələrin pərakəndə satışı fəaliyyəti aparılması istiqamətində istifadə edilir. Bu səbəblərdən iddiaçıya verilən cavab məktubunda da konkret olaraq icarə münasibətləri barədə hər-hansı bir açıqlama və məlumat verilməmişdir. Məktubda köşklərin sayı çox məhdud, müraciət edənlərin sayı isə həddindən artıq çox olduğundan və köşklərdə boş iş yerlərinin olmaması səbəbindən bütün müraciətlərin təmin edilməsinin mümkünsüzlüyü qeyd edilmişdir. İddiaçı daha əvvəldə eyni tələb ilə Bakı İnzibatı Məhkəməsinə müraciət etmiş, iş icraata qəbul edilmiş hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçının ünvanına və mobil telefonuna bildiriş göndərilmişdir. Lakin İddiaçı heç bir səbəb göstərmədən iclasda iştirak etməmişdir. Bununla əlaqədar iclas 22.12 2023-ci il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmənin həmin iclasında da iştirak etməmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsi xx.xx.2024cü il tarixdə (İş № 2-1 (112)- 2678/2024) iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etmişdir. Zəruri olan bütün sənədlər proseslər zamanı istər elektron, istərsə də məhkəmə zalında 2-1 (112)-1485/2023 saylı işə əlavə edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, iddiaçının hüquqi marağı cavabdehin nəzdində olan köşklərdən birinin ona icarəyə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Yəni iddiaçı inzibati mübahisədə inzibati orqana qarşı iddia versə də, hazırkı hüquqi marağına inzibati orqanın publik hüquqi mübasibətlərindən yaranan hərəkət və ya hərəkətsizliyinə qarşı deyil, inzibti orqanın bərabər tərəfli xüsusi hüququn subyekti kimi çıxış etdiyi mülki hüquqi münasibətə yönəlməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. (5.2-ci bənd) Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onunla cavabdeh arasında icarə müqaviləsinin bağlanmasına nail olmaqdır. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) və tələb iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda Kommersiya məhkəməsində həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar