Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6791/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “obyektin sökülməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirliyinin Fövqaladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı MMC-yə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsində (Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12) başa çatmamış qanunsuz tikinti obyektinin sökülməsi haqqında qərar qəbul edilməsi və həmin obyektin sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsində (Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12) başa çatmamış qanunsuz tikinti obyekti (bundan sonra - Tikinti obyekti) vardır. İddiaçı MMC həmin torpaq sahəsini alındığı zaman tikinti obyekti artıq orada olmuşdur. İddiaçı MMC-yə məlum deyil ki, tikinti obyekti kim tərəfindən inşa olunmuşdur. Tikinti obyektinin İddiaçı MMC-nin torpaq sahəsində yerləşdirilməsi ilə İddiaçı MMC-nin hüquq və qanunla qorunan mənafeləri pozulur. İddiaçı MMC tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi haqqında ərizə ilə Cavabdehnə müraciət etmişdir, lakin qanunla müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq heç bir qərar qəbul olunmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qanunsuz tikinti obyektlərinin sökülməsi haqqında qərar qəbul edilməsi və həmin obyektlərin sökülməsi səlahiyyətləri Cavabdehnə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən sifarişçi tikintiyə icazə almaq üçün ərizə ilə müvafiq yerli icra hakmiyyəti orqanına müraciət etməlidir. Bu halda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məvəlləsinin 82-ci maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqan sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 (üç) iş günü ərzində bu barədə Fövaladə Hallar Nazirliyinə məlumat verməlidir. Bundan sonra, Fövqaladə Hallar Nazirliyi tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfinən dövlət şəhərsalma nəzarəti mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar edikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırlımasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə 1 (bir) iş günü müddətində yazılı məlumat verilməlidir. İddia ərizəsində göstərilən tikinti obyekti ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən nə verilmiş icazə, nə də həmin ünvanda özbaşına tikinti işlərinin aparılması barəsində məlumatar Fövqaladə Hallar Nazirliyinə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33-cü və 35-ci maddəsini nəzərə alaraq, Fövqaladə Hallar Nazirliyinə aid olan hissədə iddianın mümkünsüz hesab edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 1,2 ha ölçüdə torpaq sahəsi İddiaçı MMC-nin adına xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Hüquq sahibi İddiaçı MMC-nin adına xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 1,2 ha ölçüdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - xx.xx.2017-ci il tarixli AN-İ 0635103, AN-İ 0635104, AN-İ 0635105, AN-İ 0635106, AN-İ 0635107, AN-İ 0635108, AN-İ 0635109, AN-İ 0635110, AN-İ 0635111, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən hər biri 0,12 ha olmaqla torpaq sahələri satıcı X2 tərəfindən alıcı İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir. Beləliklə, işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 1,2 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixindən İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı torpaq sahəsini xx.xx.2017-ci ildə alqısatqı yolu ilə əldə etmiş, iddiasına görə torpaq sahəsini aldığı zaman kim tərəfindən inşa olunduğunu bilmədiyi tikinti obyekti mövcud olmuşdur. Tikinti obyektinin İddiaçı MMC-nin torpaq sahəsində qalması onun mülkiyyət hüququnu pozur. Hazırkı iddiasında iddiaçı sözügedən torpaq sahəsində tikilinin sökülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə iddiaçının tələbi mülkiyyətində olan torpaq sahəsində yerləşən tikinti obyektinin sökülməsi barədə qərarın qəbul edilməsi və bilavasitə həmin tikilinin sökülməsidir. Şəhərsalma və Tikinti Məcəlləsinin: -92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. -95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın: - 2.1-ci bəndinə görə Məcəllənin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 2.1.1. tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 2.1.2. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 1 (bir) il ərzində tikintiyə icazə alınmadıqda; 2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.6. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Qeyd olunan normalardan müəyyən olunur ki, adı çəkilən Qaydaların 2.1.1-2.1.5-ci bəndlərində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi əsasları bilavasitə cari vaxtda tikintisinə başlanılmış, tikinti mərhələsində olan, tikintisi başa çatmamış və ya tikinti qaydalarına riayət edilmədən tikintisi başa çatmış obyektlərin sökülməsi ilə bağlıdır. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsini 2017-ci ildə alqı-satqı ilə əldə etmiş və özünün qeyd etdiyi kimi torpaq sahəsini əldə edərkən torpaq sahəsində yarımçıq tikili artıq mövcud olmuşdur. Cari vaxtda isə hər hansı tikinti işləri aparılmır. Başqa sözlə, tikintisi iddiaçıdan əvvəl başlamış və hazırda da davam etməyən tikilinin sökülməsinə dair Qaydaların göstərilən tələblərinə əsasən cavabdeh orqanın qərar qəbul etmək vəzifəsi yaranmamışdır. Qaydaların 2.1.6-cı bəndi də iddiaçıya cavabdehdən tikintinin sökülməsi barədə qərar qəbul edilməsini tələb etməyə əsas vermir. Qeyd edilən normada tikinti işlərinin sifarişçisi və ya tikinti obyektinin mülkiyyətçisinin arzusu ilə söküntünün tələb edilməsindən bəhs edilir. Hazırkı iş üzrə iddiaçı nə tikilini tikən sifarişçidir, nə də tikinti obyekti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak olmadığından iddiaçı həmin tikilinin mülkiyyətçisi qismində də çıxış etmir. Beləliklə, Şəhərsalma Tikinti Məcəlləsinin 92, 95-ci maddələri və “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 2.1-ci bəndi ilə nəzərdə tutulmuş qaydada mübahisəli obyektə münasibətdə cavabdeh qismində qoyulmuş FHN-nin söküntü ilə bağlı qanunla nəzərdə tutulmuş öhdəliyi yaranmamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin: -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. -75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -82.1-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. -82.2-ci maddəsinə görə məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanın: - 4.7-1-ci bəndinə görə Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin (.....) birinci cümləsində, (....) 82.1-ci maddəsində (birinci halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. -4.10-cu bəndinə əsasən həmin Məcəllənin (....) 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Cavabdeh həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 1.1-ci bəndinə əsasən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə görə dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Qaydaların 4.1-ci bəndinə görə yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində (Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla) həyata keçirilir. Qaydaların 4.2.-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Qaydaların 4.3-cü bəndinə görə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Cavabdehnə bir iş günü müddətində yazılı məlumat verməlidir. Sadalanan normalardan görünür ki, şəhərsalma norma və qaydalarına nəzarəti yerli səviyyədə icra hakimiyyəti orqanları həyata keçirirlər. Tikinti obyektinin tikilməsinə məlumatlandırma icratı və ya icazə icraatı tələb olunduğu kimi obyektlərin sökülməsinə də məlumatlandırma və ya icazə icraatı tətbiq olunur. İcazə verilmənin ümumi qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 75-78-ci maddələri ilə tənzimləndiyi halda, məlumatlandırma icraatı Məcəllənin 80-ci maddəsi ilə tənzimlənir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsində mövcud olan tikilinin sökülməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanında nə məlumatlandırma, nə də icazə icraatı aparılmış, yaxud müvafiq icraat qaydasına riayət edilmədən qanunsuz özbaşına tikinti işlərinin aparılması barədə icra hakimiyyəti orqanı tərəfindən Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edilməmişdir. Bu halda da inzibati orqanın sökülmə icraatı ilə bağlı öhdəliyi yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “obyektin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6791/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6791/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver