Məhkəmə qərarları › İş №2-1(112)-6793/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6793/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6793/2021 04.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxslər X22, X20, X37, X21, X38, X23, X7, X24, X30, X25, X14) qarşı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər X22, X20, X37, X21, X38, X23, X7, X24, X30, X25, X5 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Allahverdiyev küçəsi Döngə 10, ev 10 onun xüsusi mülkiyyətindədir. Həmin ev onun tərəfindən şəxsi vəsaiti hesabına alınmış torpaq sahəsində onun tərəfindən şəxsi vəsaiti hesabına inşa edilmiş və hazırda öz ailəsilə həmin evdə yaşayır. Həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.02.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə ona daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. X22, X15, X37, X21 onların küçəsində qonşuluqda yaşayıblar, onların hansı qaydada onun mülkiyyətində olan evə qeydiyyata düşmələrindən xəbərsizdir. X38 onun kürəkəni, X31 isə nəvəsidir, onlar onun evində bir müddət əvvəl sadəcə qeydiyyata düşüblər, bu evdə heç vaxt yaşamayıblar, yalnız qonaq gələndə hərdən qonaq kimi bir gecəliyinə onun evində qalıblar, uzun illərdir ki özlərinin şəxsi evlərində yaşayırlar. Digər cavabdehlər X7 onun qızı, X2, X30, X25, X14 isə nəvələridir, onlar da eyni qaydada bir müddət əvvəl onun evində sadəcə qeydiyyata düşüblər, bu evdə heç vaxt yaşamayıblar, yalnız qonaq gələndə hərdən qonaq kimi bir gecəliyinə onun evində qalıblar, uzun illərdir ki özlərinin şəxsi evlərində yaşayırlar. Onun xüsusi mülkiyyətində olan Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi Döngə 10, ev 10-da daimi pasport qeydiyyatında olan X16 onun oğlu, X17 gəlini, X32 isə nəvəsidir və hazırda da onunla birlikdə həmin evdə yaşayırlar. Mülkiyyət hüququ ilə ona məxsus olan evdə cavabdehlərin formal olaraq qeydiyyatda qalmağı, mülkiyyət hüququnun tam olaraq həyata keçirilməsinə mane olur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər könüllü olaraq evdən pasport qeydiyyatından çıxmamışlar. O, ilkin olaraq Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X10, X6, X27, X8, X28, X18, X3, X11, X19, X12 və X5 onun xüsusi mülkiyyətində olan Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi Allahverdiyev küçəsi Döngə 10, ev 10-dan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini istəyib. Binəqədi rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, onun ailə üzvü olmuş X7 2015-ci ildən daimi yaşamaq üçün başqa ünvana köçdüyündən həmin cavabdehin onun mülkiyyətində olan Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Allahverdiyev küçəsi, döngə 10, ev 10-dan istifadə hüququ itirilmişdir. Məhkəmə cavabdehlər X10, X6, X27, X8, X28, X18, X11, X19, X12 və X5 Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, döngə 10, ev 10-da istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn itirilməsinin qeyri-mümkün olmasını göstərmişdir. Onun xüsusi mülkiyyətinə aid olan daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxslərin əlavə yüklülüyündən iddiaçı olaraq tələbi əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlib.

3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 837/2021 nömrəli iş üzrə qəbul etdiyi 18.03.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir, üçüncü şəxslər həmin evdə yaşamır, hazırda mənzildəki qeydiyyatları formal xarakter daşıyır.

4. Cavabdeh Binəqədi rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 18.06.2021-ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasının səlahiyyətli şəxsin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 5. II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

8. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 13.05.2021-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, X6, X27, X8, X28, X18, X11, X19, X12 və X5 Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, döngə 10, ev 10 ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir.

9. Məhkəmə hazırki iş üzrə iddianın mümkünlüyünə əsaslılığı ilə birlikdə qiymət verir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Məhkəmənin hazırki iş üzrə 26.05.2021-ci il tarixli qərardadı ilə X22, X20, X37, X21, X38, X23, X7, X24, X30, X25, X14 üçüncü şəxs qismində cəlb olunmuşlar.

11. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 12.01.2021-ci il tarixli arayışdan görünür ki, X22, X20, X37, X21, X38, X23, X7, X24, X30, X25, X1 rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, döngə 10, ev 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

12. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, döngə 10, ev 10 iddiaçının xüsusi mülkiyyətindədir (notariat qaydasında təsdiq olunmuş surəti əlavə olunur).

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.06.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəs., Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, döngə 10, 10 saylı fərdi yaşayış evinə dair sorğuda qeyd olunan şəxslərin (sorğuda üçüncü şəxslər qeyd olunmuşdur) istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilməmişdir.

14. Bakı şəhəri, Binəqədi İcra Hakimiyyəti Xocəsən qəsəbə üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, X22, X20, X37, X21, X38, X23, X7, X24, X30, X25, X14 hal-hazırki vaxtda Binəqədi rayonu Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, döngə 10, 10 saylı evdə yaşamırlar.

IV. Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxslərdən X38 onun kürəkəni, X31 nəvəsi, X7 onun qızı, X2, X30, X25, X14 isə nəvələridir. X22, X15, X37, X21 isə ailə üzvləri olmayan kənar şəxslərdir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-837/2021 nömrəli iş üzrə qəbul etdiyi 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X3 Bakı şəhəri Binəqədi rayonu, Xocəsən qəsəbəsi Sulutəpə yaşayış sahəsi Allahverdiyev küçəsi 10-cu döngə 10 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmişdir.

17. İddianın təmin edilən hissəsində məhkəmənin mövqeyi:

18. İddiaçı evin mülkiyyətçisidir, üçüncü şəxslərdən X38, X26, X22, X15, X37, X21 həmin ünvanda faktiki olaraq yaşamırlar, iddiaçının ailə üzvü deyil, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

19. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarında ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

23. İddianın təmin edilməyən hissəsində məhkəmənin mövqeyi:

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə yardıma ehtiyacı olan nəvələr aid edilmişdir. Ailənin başqa üzvlərinin aliment öhdəliklərinin mövcudluğunun müəyyənləşdirilməsi mülki mühakimə araşdırmasınının predmetidir.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

30. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

31. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun 01.01.1997-ci il tarixdə, Mənzil Məcəlləsi isə 01.10.2009-cu il tarixdə qüvvəyə minib. Odur ki, yetkinlik yaşına çatmayan şəxsin (iddiaçının nəvələrindən üçü yetkinlik yaşına çatmayan şəxsdir) “yaşayış yerinin onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılması” ondan sonra qüvvəyə minmiş “mülkiyyətçinin ailə üzvlərinin həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olması” müddəası ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən (hər bir halda şəxsin həmin yaşayış sahəsində istifadə hüququnun mövcud olub-olmaması məsələsininin araşdırılması hissəsində) kolliziyaya yaradır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

32. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxslərdən X31, X30, X25, X14 iddiaçının (mülkiyyətçinin) ailə üzvləri (nəvələri) olduğundan onların həmin mənzilə istifadə hüququna xitam verilməsi (və ya itirilmiş hesab edilməsi) haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər.

33. İş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-837/2021 nömrəli iş üzrə 18.03.2021-ci il tarixli qətnaməsi ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı);

34. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 fevral 2020-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Konstitusiya Məhkəməsinin Plenunu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə aktının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.

35. Odur ki, qeyd edilənlərə əsasən, Binəqədi Rayon Məhkəməsinin 2(001)-837/2021 nömrəli iş üzrə 18.03.2021-ci il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial hesab edilmədiyindən iddia X31, X30, X25, X9 münasibətdə təmin edilməməli, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ və ya qəbul edilmiş məhkəmə aktından yuxarı instansiyaya şikayət vermək hüququ izah olunmalıdır. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə təmin edildiyindən və həmin qaydaların pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab olumadığından iddianın təmin edilməməsi məhkəməyə çatımlılıq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qəbul edilən məhkəmə aktı qarşıya qoyulan məqsədə mütənasibdir.

36. Üçüncü şəxslərdən X4 münasibətdə iddianın mümkünlüyü ilə bağlı eyni tarixli qərardad qəbul edilmişdir.

37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. X38, X26, X22, X15, X37, X8 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar