Məhkəmə qərarları › İş №2-1(112)-6795/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6795/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6795/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-yə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ünvan 1 ünvanda daimi pasport qeydiyyatına alınmışdır. Yaşadığı mənzilin adına rəsmiləşdirilməsi, yəni həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə əlaqədar Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina edilmiş və səbəb kimi də iddiaçının bu mənzilə qeydiyyata düşməsi barədə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsində onunla kirayə müqaviləsi bağlanması barədə göstərişin olmadığı qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, işin hallarından da görünür ki, artıq 30 ildən çoxdur ki, bu mənzildə yaşayır. Bu mənzildən başqa hər hansı bir digər yaşayış sahəsi yoxdur. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsi ilə də iddiaçının bu mənzildə uzun müddətdir ki, yaşaması təsdiq olunmuş və məhkəmə tərəfindən də onun yaşayış yerinin bu mənzil olduğu tanınmış, bu mənzilə daimi pasport qeydiyyatına alınması barədə qətnamə qəbul edilmişdir. Ona görə də iddiaçı hesab edir ki, onun başqa şəxslərə nisbətdə bu mənzilə dair kirayə müqaviləsi bağlanmasında daha üstün hüquqları olduğu üçün cavabdeh tərəfindən bu nəzərə alınmalı və onunla kirayə müqaviləsi bağlanmalı idi. Lakin işin hallarından da görünür ki, cavabdeh tərəfindən heç bir yetərli əsas göstərilmədən həmin kirayə müqaviləsinin bağlanmasından imtina olunmuşdur. Ona görə də, iddiaçı məcbur olub hal-hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində tələbə etiraz edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yaşayan İddiaçı Cavabdehnə 5-15/1-Q-9-068/2024 saylı, xx.xx.2024-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27 ünvanına dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli, 2- 520/2007 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin 27 saylı mənzilinə qeydiyyata götürülməsi Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və X1 qət edilmiş, lakin Cavabdeh bu prosesə maraqlı şəxs qismində cəlb olunmamışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin 27 saylı mənzili Cavabdeh boş mənzil fonduna aiddir və həmin mənzildə X3 ailə üzvləri ilə birlikdə (həyat yoldaşı İddiaçı) Şuşa rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Cavabdeh 5-15/2-Q-9-068/2024 saylı, 01.02.24-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, sözügedən mənzilə qeydiyyata düşməyi barədə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli, 2-520/2007 saylı qətnaməsində onunla kirayə müqaviləsi bağlanması göstərilmədiyindən xahişini təmin etmək mümkün deyildir. İddiaçını cavab qane etmədiyindən o, məhkəməyə müraciət etməyi üstün tutmuşdur. “Yerli icra hakimiyyətləri haqqında ” Əsasnamənin 3.9.6-cı maddəsinə görə, yerli icra hakimiyyətləri başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPMnin 217.2 maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri 2007-ci ildə yaranıb və həmin dövrdə mənzillə bağlı münasibətlər 01 mart 1983-cü ildən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənmişdir. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, hərbi şəhərciklərdə yaşayış sahələrinə orderlə SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsinin icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsinin birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə, müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 895 saylı, 17 sentyabr 1998-ci il tarixli Sərəncamının 3-cü bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinin müvəqqəti dayandırılması məsələsinə baxılması, işğaldan azad edilmiş ərazilərdə dövlət əmlakının məcburi köçkünlər üçün pulsuz özəlləşdirilməsinin təmin edilməsi 1998-ci il və sonrakı illər Nazirlər Kabineti, Dövlət Əmlak Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, şəhər və rayon icra hakimiyyətlərinə həvalə edilmişdir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı, 1 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının əsas və ən ümdə olan Milli Priotetlərindən biri də işğaldan azad edilmiş ərazilərə “BÖYÜK QAYİDİŞ” dır. “Böyük Qayıdış”ın 2022-2025-ci illər ərzində bərpasını və keçmiş məcburi köçkünlərin azad olunmuş torpaqlarda məskunlaşdırılmasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilmişdir. Nəzərdə tutulan “Böyük Qayıdış” dövlət poqramının həyata keçiriləcəyi təqdirdə 2025-ci ilin sonunadək Qarabağda təqribən 200 min insanın daimi məskunlaşdırılması təmin olunacaqdır. İddiaçının həyat yoldaşı X3 Şuşa şəhərindən məcburi köçkündür və halhazırda Şüşa şəhəri, Ə.Haqverdiyev küçəsi ev 2, mənzil 2-də qeydiyyatdadır. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edirik ki, Cavabdeh 5-15/2-Q-9-068/2024 saylı, 01.02.24-cü il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, uzun müddət sözügedən mənzildə yaşaması və orada pasport qeydiyyatında olması faktına əsaslanır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. -Nəsimi RİH Mənzil Kommunal Təsərrüfat Birliyi 17 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, S.Rəhimov küçəsi 213 saylı evin, 27 saylı mənzilinin keçmiş kirayəçisi Fora Qlinkina olmuşdur. Mənzil 1 otaq, 13 kv.m yaşayış sahəsindən ibarətdir. 3 mərtəbəli evin 2-ci mərtəbəsində yerləşir, həyət tiplidir. Araşdırma zamanı məlum olmuşdur ki, S.Rəhimov küçəsi 213 saylı evin 27 saylı mənzilində Şuşa rayon məcburi köçkünü X3 1992-ci ildən məskunlaşmışdır. R.Quliyev mənzildə yaşadığı dövrdə xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı ilə 2004-cü ildə ailə həyatı qurmuş və birgə göstərilən mənzildə yaşamışlar. S.Rəhimov küçəsi 213 saylı evin 27 saylı mənzili boş mənzil fondu olduğu üçün İddiaçı məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərarı ilə göstərilən mənzilə pasport qeydiyyatına düşmüşdür. Mənzilə yerində baxış zamanı məlum oldu ki, İddiaçı həyat yoldaşı X3 halhazırda göstərilən mənzildə yaşamır. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-520/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının Bakı şəhəri, S.Rəhimov küçəsindəki 213 saylı evin, 27-ci mənzilinə qeydiyyata götürülməsi Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və X1 tapşırılmışdır. -İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27 ünvanında qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, 27 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının həyat yoldaşı uzun müddət yaşaması və 2007-ci ildən yaşayış yeri üzrə pasport qeydiyyatında olması faktına istinad edərək Bakı şəhəri Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-ə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş edir. İddiaçının bununla bağlı müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir. Belə ki, iddiaçının mübahisə predmeti olan mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə dair hər hansı sənəd aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatla şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması məqsədi daşıyır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu baxımdan, iddiaçının qeyd olunan mənzildə uzun müddət yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə dair hazırkı iddiaolunan hüquqlarının yaranması əsası kimi qəbul edilə bilməz. İddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. Məhkəmə qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurdular. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş) 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının 1 və 2-ci bəndlərində nəzərdə tutulmuşdur ki: - (1-ci bənd) Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin; - (2-ci bənd) Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992 – 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2). Göründüyü kimi, həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəçinin olmadığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Hazırkı işin hallarından o da müəyyən olunur ki, iddiaçı və onun həyat yoldaşı mənzilin əvvəlki kirayəçisi (Fora Qlinkinanın) ailə üzvü və ya onuna birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə 1992-ci ildən müvəqqəti məskunlaşmış şəxsdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 213, mənzil 27-nin kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil. Odur ki, əsassız olduğu üçün təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar