Məhkəmə qərarları › İş №2-1(112)-6796/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6796/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6796/2021 20.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı “ödəniləcək məbləğin indeksasiya edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daxili işlər orqanlarından tərxis olunmağı ilə əlaqədar ödəniləcək məbləğin indeksasiya nəzərə alınmaqla hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı eyni məzmunlu ərizə ilə Biləsuvar rayon polis şöbəsinə 16 aprel 2009-cu il tarixdə müraciət etmiş, istifadə etmədiyi məzuniyyətlərə dair haqq-hesab cədvəli tərtib edilərək ödəniləcək məbləğ 83,60 manat göstərilmişdir. Həmin məbləğin ödənilməsinə dair kassa-mədaxil orderi də yazılmışdır. Daha sonra iddiaçı həmin məbləğin indeksasiya olunmamasına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişdir. 29 noyabr 2019-cu il tarixli məktubda qanunvericiliyin tələbinə zidd olaraq göstərilmişdir ki, 84 manat tərxis olunmağa dair ödəniş hesablanmış, həmçinin DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin mədaxil qaiməsinə əsasən xüsusi geyim formasına görə 263,27 manat məbləğində borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı daha əvvəl digər tələblərlə yanaşı hazırkı iddianın predmeti olan 84 manat məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1545/2019 saylı, 27 iyun 2019cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə ifadə olmuş və müvafiq iddia növü kimi verilmişdir. Odur ki, irəli sürülmüş tələb mümkünlük şərtləri üzrə qiymətləndirilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.11.2019-cu il tarixli, 2-1(103)-2392/2019 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 10.000 (on min) manat tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə ərizəyə ünvanlayaraq, ona xidmət illərinə görə məzuniyyət pulu, müalicə pulu, son haqq-hesab pulu, çıxılmamış ezamiyət pulu barədə müraciət etməklə əlavə hər il üçün aylıq vəzifə və rütbə maaşları 4 ildən çox xidmətə görə hər il üçün həmin maaşların 1/5 miqdarında ödənişlərin ödənilməsini xahiş etmiş, lakin cavabdeh orqan 09.08.2018-ci il tarixli 027-3277OB-3218 saylı cavab məktubu ilə süründürməçiliyə yol verməklə, xidmət illərində təmin olunduğu geyim-formasına görə iddiaçının qaytarmamağını əsas tutaraq, pulların ödənilməsini bu və ya digər dolaysı yollarla çətinə salmışdır. Bundan sonra iddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edərək, onların qərarlarının və cavabdehin əsassız olmalarını göstərmişdir. Belə ki, polis əməkdaşlarının maddi və sosial təminatının yaxşılaşdırma haqqında 20 aprel 2000-ci il tarixli 73 saylı qərarın 8-ci bəndinə zidd hərəkətlərə yol verməklə cavabdeh aylıq vəzifə, rütbə maaşları və 4 ildən əlavə hər il üçün həmin maaşların 1/5 məbləğində ödənişi ödəməməklə Nazirlər Kabinetinin adıkeçən qərarına zidd hərəkətlər etmişdir. DİN-nin Maddi texniki təminat baş idarəsinə 33 saylı mədaxil qayiməsi ilə xüsusi geyim formasına görə 263.27 manat məbləğində borcun yarandığını və Nazirliyin isə ona 84 manat borcunun olması göstərilmişdir. Maddi texniki təminat baş idarəsinin mədaxil qətnaməsinə əsasən yaranan borc əvəzi 263 manat 27 qəpiyin əvəzi olaraq Biləsuvar RPŞ-yə geyim formasını iddiaçının yaxınları rəsmi qaydada artıq təhvil verimişdir. Beləliklə iddiaçı xidməti illərinə görə son hesablaşma haqq hesab pulu, müalicə olunma ilə əlaqədar ödənişlər, məzuniyyət əvəzi pul və ezamiyyət pulu, bundan başqa vəzifə və rütbə maaşları və 4 ildən əlavə hər il üçün həmin maaşların 1/5 miqdarında ödənişlərin cəmin 10.000 manatdan çox təşkil edir ki, məhkəmə həmin məbləğin alınıb iddiaçıya verilməsi barədə qərar qəbul etməlidir. Qeyd olunanlara əsasən, iddiaçı İPM-in 67-ci, 68-ci, 69-cu, 70-ci, 71-ci, 73-cü və 75-ci maddələrinə istinad edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 10.000 (on min) manat tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1545/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 10.000 (on min) manat cavabdehdən tutularaq ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalaniş üzrə iddiaçı apellyasiya şikayəti verərək, 1-ci instansiya məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1545/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iddianın predmetini təşkil edən, indeksasiya olunması tələb olunan məzuniyyət əvəzi pul kompensasiyası 83,60 manat məbləğin ödənilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırkı məzuniyyət əvəzi pul kompensasiyası ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan və təmin edilmədiyindən, sözügedən tələbdən asılı olan, həmin məbləğin indeksasiya olunması tələbinə baxılması prosessual cəhətdən mümkün deyil. Başqa sözlə, məhkəmə qərarı ilə ödənilməli olmaması müəyyən edilmiş məbləğin indeksasiyası tələbinə baxıla bilməz. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarının 15.6-cı bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı “ödəniləcək məbləğin indeksasiya edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar