Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6796/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid ailəsi və mənzilə ehtiyacının olmasını nəzərə alaraq mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X1 ilə 03.11.2001-cı ildə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olub və birgə nikahlarından iki övladı-10.01.2003-cü il təvəllüdlü X8 və 19.10.2005-ci il təvəllüdlü X9 anadan olmuşdur. Hazırda 3 nəfərdən ibarət ailə üzvü vardır. 1993-cü ildə Ağdam rayonundan məcburu köçkün düşüblər və 1993-cü ildən ilkin olaraq Bakı şəhəri Nizami rayonu Naxçivanski küçəsindəki yataqxanada, daha sonra Nizami rayonu Mehdi Abbasov küçəsindəki yataqxanada yaşayıblar. 2008-ci ildən isə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən uşaq baxçasında ailəsilə birlikdə yaşayır. Uzun müddətdir ki, Bakı şəhəri Nizami rayonu 26 saylı şəhər poliklinasında tibb işçisi kimi işləyir. Həyat yoldaşı X1 2020-ci ilin 20 sentybrında səfərbərlik əsasında hərbi xidmətə çağırılmış və 27 sentyabrda Qarabağ uğrunda döyüşlər başaladığı üçün həyat yoldaşı Səfərov Hikmət ilkin Ağdam istiqamətində döyüşmüş və daha sonra Suqovuşan istiqamətində gedən döyüşlərə göndərilmiş və bir neçə ağır döyüşlərdə iştirak etmiş və 2020-ci ilin 4 oktyabr tarixində ağır döyüşlərdə ağır yaralanaq xəstəxanaya yerləşdirmişlər, lakin sonradan həkimlərin səylərinə baxmayaraq 18.10.2020-ci ildə həyat yoldaşı şəhid olmuşdur. Həyat yoldaşı X7 uğrunda döyüşlərdə şəhid olması ilə əlaqədar ona (Vəsiqə N:05863 ) və kiçik oğlu X5 (Vəsiqə N: 006074) şəhid ailəsinin üzvü vəsiqəsi verilmişdir. Nə onun, nə də ailə üzvlərinin heç vaxt xüsusi mülkiyyəti-daşınmaz əmlakı olmamışdır. Bu hal AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11.02.2022-ci il tarixli və 15.01.2022-ci il tarixli arayışlarla təsdiq edilmişdir. Həmçinin Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin 03/S -125 saylı 18.02.2022-ci il tarixli arayışında da qeyd edilir ki, İddiaçı, X5 Xətai rayon Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb. Hazırda ailəsi ilə birlikdə yaşadığı qeyri-yaşayış sahəsində onların bir ailə kimi normal yaşamaqları qeyri mümkündür və çox çətinliklə həmin sahədə yaşayırlar. Ona görə də o qanunla nəzərdə tutulmuş qaydada Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə durmaq istəyib və onun müraciətinə cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Aparatının 01.03.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasna ehtiyacı olan vətandaşların hüququ və mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülür ki, azı son beş il ərzində Bakı şəhərində yaşayan olsunlar . Yaşayış müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilmişdir. Hesab edir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Aparatının ona verilmiş cavab əsasızdır və qanunların pozulması kimi qiymətləndirilməlidir.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun 01.03.2022-ci il tarixli imtina məktubunda bildirilir ki, şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağınızı xahiş edir. Araşdırma zamanı məlum olmişdur ki, o, 16.02.2022-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 saylı evə daimi qeydiyyata alınıb. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xahişini təmin etmək mümkün deyildir.
4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilmişdir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələri zamanı cavabdeh iştirak etmir.
II. Məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər
7. X1 ilə X2 arasında nikah 03.11.2001-ci ildə Ağdam VVADQ şöbəsində qeydə alınmış, nikahdan sonra arvada “Səfərova” soyadı verilmişdir.
8. Ölüm haqqında şəhadətnaməyə əsasən, X1 hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində 08.12.2020-ci ildə vəfat etmişdir.
9. X5 26.08.2021-ci il tarixdə şəhid ailəsinin üzvü vəsiqəsi verilmişdir (vəsiqə 006074).
10. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11.02.2022-ci il tarixli arayışa əsasən X3 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir.
11. İddiaçı 16.07.2021-ci il tarixdə şəhid ailəsinin üzvü vəsiqəsi verilmişdir (vəsiqə 005863).
12. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15.01.2022-ci il tarixli arayışa əsasən İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir.
13. Bakı şəhəri Xətai rayon bələdiyyəsi tərəfindən verilmiş 18.02.2022-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, X5 Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb.
14. Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 01.03.2022-ci il tarixli arayışa əsasən, İddiaçı - oğlu X8 (2003-cü il təvəllüdlü) və - oğlu X9 (2005-ci il təvəllüdlü) ilə birlikdə 29.08.2008-ci il tarixindən Gəncə pr. 69 ünvanında yerləşən 233 saylı uşaq baxçasında Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayırlar.
15. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə sektoru tərəfindən verilmiş 29.04.2022-ci il tarixli arayışa əsasən İddiaçı aşağıdakı ailə tərkibi - oğlu X8 və - oğlu X9 ilə birlikdə 29.08.2008-ci il tarixindən Gəncə pr. 69 ünvanında yerləşən 233 saylı uşaq baxçasında müvəqqəti qeydiyyatdadır.
III. İddianın növü və mümkünlüyü
16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
22. İddia mümkündür.
IV. Məhkəmənin mövqeyi
23. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir.
25. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi 01.10.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).
26. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
27. İddiaçının yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahədə yaşayan vətəndaş kimi (iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı iki oğlu ilə birlikdə 2008-ci ildən bəri Bakı şəhəri, Xətai rayonu ərazisindəki uşaq baxçasında yaşayır) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisi var. Odur ki, cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasiblik pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
28. Bundan əlavə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
29. İddiaçı həm də şəhid ailəsi statusuna malikdir.
30. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
31. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X6 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X12 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
32. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaş və şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva