Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6796/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ evinin vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ evinin vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 29/30 saylı bağ evi kimi qeydiyyata alınmış daşınmaz əmlakın qanuni istifadəyə verilmiş 1000 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 29/30 saylı bağ evi mülkiyyət hüququ ilə ona məxsusdur. Hüquqlarım daşınmaz əmlakın dövlət reyestrində ********** reyestr nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Bağ evinin yerləşdiyi torpaq sahəsi 1000 kv.m. olmaqla ilkin olaraq "Novruz" bağ yoldaşılığının tərkibində olmaqla ayrılmışdır. Bağ evi qeydiyyata alındıqdan sonra alqı-satqı yolu ilə tərəfindən əldə edilmişdir. İlk dəfə 17 dekabr 2023-cü il tarixdə cavabdeh təşkilata ********** saylı ərizə ilə müraciət edərək qanuni istifadədə olan 1000 kv.m torpaq sahəsinin mülkiyyətdə olan fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, hüquqlarının qeydiyyata alınması əvəzinə ona xx.xx.2024-cü il tarixli **********78 saylı "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş" verilmişdir. Bildirişdə arxiv cizgisi və bağçılıq yoldaşlığın bölgü sxemində yol kimi göstərilən sahənin faktiki qonşu tərəfindən istifadə edildiyinin müəyyən edildiyi, torpaq sahəsi və fərdi yaşayış evinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi bildirilmiş, bu əsaslarla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hər iki imtina səbəbini əsassız hesab etsə də, ilk növbədə yol kimi göstərilən faktiki sahənin qonşu tərəfindən istifadə olunması səbəbini aradan qaldırmışlar. Belə ki, yol kmi göstərilən hissənin istifadə edildiyi səbəbindən hüquqlarının qeydiyyata alınmasından imtina edildiyini bildirdikdə, qonşu həmin hissəni boşaltmış və əslində ona aidiyyəti olmayan imtina səbəbi faktiki olaraq aradan qaldırımışdır. Bundan sonra, yenidən xx.xx.2024-cü il tarixli ********** saylı ərizə ilə cavabdeh təşkilata müraciət etmişlər. Cavab olaraq onlara xx.xx.2024-cü il tarixli **********82 saylı cavab məktubu verilmişdir. Məktubda yenə də, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi göstərilməklə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Belə olan halda pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçılar iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş **********82 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəbdən müvafiq əmlak üzərində hüquqların qeydiyyata alınmasına münasibət bildirilməsi üçün "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olmuş "xxxx" ASC-nin 13-13/2-1/15- 16109/2024 №-li, xx.xx.2024-cü il tarixli və 13-13/2-1/15-17213/2024 №-li, xx.xx.2024-cü il tarixli məktubları ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 2.2 saylı bəndinə əsasən sözügedən ünvan hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-2578/2024 **********78 və xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M- 1549/2024 **********82 nömrəli məktublarla imtina edilmişdir.
8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində istifadədə olan 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 22 kv.m yaşayış, 31.6 kv.m köməkçi sahədən ibarət 29/30-80 70/8071 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 2057 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi – **********04-11301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2008.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-15698/2025 nömrəli məktubla xx/xx-8070/8071 saylı bağ evinə, eləcə də həmin bağ evinin qonşuluğunda yerləşən əlavə ediən ortofotoda qeyd edilən bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri, ortofoto və torpaq sahəsinin planı məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli bağ evini notarial qaydada təsdiq edilmiş xx.xx.2008-c il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında satıcı X1 almışdır. Həmin 0.10 ha ölçüdə bağ (torpaq) sahəsinə dair İdarənin arxivində Bağlar Təsərüfatı İdarəsi ilə X2 araında bağlanılmış “Bağ sahəsinin icarəyə verilməsi haqqında” 29766 nömrəli, 26 fevral 2001-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqavilə mövcuddur. Həmçinin, iddiaçıya məxsus bağ sahəsi ilə qonşuluqda yerləşən bağ sahələrinə artıq cavabdeh inzibati orqan tərəfindən verilmiş çoxsaylı çıxarışlar mövcuddur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
16. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. İşin hallarından göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 29/30-80 70/8071 nömrəli bağ evini iddiaçı notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmiş və bundan sonra həmin bağ evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 2057 nömrəli vərəqində **********04-11301reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2008-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Lakin, cavabdeh tərəfindən iddiaçının sözügedən bağ evi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman, bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, bağ evinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçıdan əvvəlki mülkiyyətçinin hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur. Belə ki, onunla Bağlar Təsərrüfatı İdarəsi arasında “Bağ sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanılmışdır və həmin müqavilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində üzərində yerləşən bağ evi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən "xxxx" ASC tərəfindən 13-13/2-1/15- 16109/2024 №-li, xx.xx.2024-cü il tarixli və 13-13/2-1/15-17213/2024 №-li, xx.xx.2024-cü il tarixli məktublarla bildirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 2.2 saylı bəndinə əsasən sözügedən ünvanın hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşməsinə istinad edilməklə imtina edilmişdir. Halbuki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən artıq həmin torpaq sahəsi üzərində yerləşən bağ evinə dair iddiaçının hüquqları qeydiyyata alınmışdır. Belə olan təqdirdə, həmin bağ evinin yerləşdiyi torpaq sahəsinin qeydiyyata alınması zamanı cavabdeh tərəfindən fərqli mövqeyin sərgilənməsi iddiaçının etimad hüququnun pozulması kimi qiymətləndirilməlidir.
19. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 1.4-cü bəndinə əsasən Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
21. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
22. Qanunvericiliyin tələblərindən göründüyü kimi, həmin torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
23. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci və 13.7 maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının adına sözügedən bağ sahəsinə dair üzərində yerləşən bağ evi ilə birlikdə vahid əmlak şəklində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 29/30 saylı bağ evi kimi qeydiyyata alınmış daşınmaz əmlakın qanuni istifadəyə verilmiş 1000 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva