Məhkəmə qərarları › İş №2-1(112)-6797/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6797/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6797/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "mənzil növbəsinə güzəştli əsaslarla götürülməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birinci qrup əlil olaraq, ağır xroniki xəstəlikləri səbəbilə müalicə aldığı tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə Cavabdeh tərəfindən mənzil növbəsinə güzəştli əsaslarla qeydiyyata alınmağının təmin edilməsi və bu məsələnin Cavabdeh üzərinə vəzifə kimi qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə hərbi xidmət keçdiyi zaman ağır xroniki xəstəliyə yoluxmuşdur. 2023-cü ildə sağlamlıq vəziyyətinin getdikcə ağırlaşması səbəbilə Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən orqanizmin 81- 100% pozulması əsasında ona birinci qrup əlillik təyin edilmişdir. Eyni zamanda, atası Həsənov Yaşar ona qulluq edən şəxs olaraq rəsmi qeydə alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Forma 027/U sənədində göstərildiyi kimi, səhhəti ilə əlaqədar hər ay Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Respublika QİÇS-lə Mübarizə Mərkəzində ambulator və mütəmadi stasionar müalicə alır. Bundan əlavə, həmin mərkəzin göndərişi əsasında Bakı şəhərində yerləşən digər tibbi müəssisələrdə mütəmadi müayinələrdən keçir. Daimi yaşayış yerinin olmaması səbəbilə ona qulluq edən valideynləri ilə birlikdə müalicə aldığı tibbi müəssisəyə yaxın ərazidə yaşayış yeri ilə təmin olunmağa ehtiyacı var. Buna görə də, müalicə aldığı mərkəzin yerləşdiyi ərazi üzrə Cavabdehnə və Bakı Şəhəri İcra Hakimiyyətinə 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə yazılmaq üçün müraciət etmişdir. Lakin müraciətinə imtina cavabı verilmişdir. Səbəb olaraq daimi qeydiyyat yerinin Gəncə şəhəri olması göstərilmişdir. Habelə, Nəsimi rayonu üzrə güzəştli mənzil növbəsinə yazılmaq üçün həmin rayonda ən azı 7 il daimi yaşamalı olduğu bildirilmişdir. İddiaçı 29 avqust 2015-ci ildən etibarən Bakı şəhəri, Nəsimi rayonu, Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olduğundan, 7 il tələbi ona şamil edilməməlidir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəni müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məhkəmə sorğusuna 15 may 2025-ci il tarixli cavab məktubunda gösətrilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən “İİV-infeksiyası, İV klinik mərhələ. Ağ ciyərlərin keçirilmiş infiltrativ vərəmi, MDR forma BK (+). Qan hayxırma ilə fəsadlaşma. Generalizə olunmuş limfadenopatiya. Viruslu hepatit B diaqnozları ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin daimi dispanser müşahidə qeydiyyatındadır. Xəstəyə 2015-ci ildən TDF/FTC/EFV sxemi üzrə antiretrovirus terapiyası təyin edilmişdir, lakin 2019-cu ildə xəstədə virusoloji uğursuzluqla əlaqədar müalicə rejimində dəyişiklik olunaraq, TDF/3TC/DTG sxemi ilə əvəzlənmişdir. Xəstənin müalicəyə sadiqliyi yaxşıdır, müalicə rejimini pozmur. İİV infeksiyası xroniki xəstəliklər qrupuna aid olduğundan, xəstəliyin müalicəsi ömürlükdür. İİV-lə yaşayan insanların müalicəsi antiretrovirus terapiyası (ARV terapiya) adlanır. ARV preparatların xəstələrə təminatı dövlət tərəfindən, ödənişsiz və fasiləsiz şəkildə həyata keçirilir. Müalicədə ən vacib məqam xəstələrin ARV preparatları fasiləsiz şəkildə qəbul etməsidir. Qeydiyyatda olan və ARV terapiya qəbul edən bütün pasiyentlərin milli protokola əsasən, mütəmadi olaraq monitorinq müayinələrindən keçmələri və həkim nəzarətində olmaları tövsiyə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna 14 aprel 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, ev 9, 36 saylı mənzil xx.xx.2019-cu il tarixdə iddiaçının adına qeydə alınmışdır, Gəncə "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-3226 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəmə sorğusuna 15 aprel 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, ev 9 ünvanında yerləşən 36 saylı mənzil Gəncə "ASAN xidmət” mərkəzində notariat ofisinin 15 dekabr 2021-ci il tarixli, 4Ə-3226 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən X1, sonuncunun adına 10 yanvar 2022-ci il tarixli, **********40-05101-093018 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən hazıradək Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, ev 9, mənzil 36 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, ev 9, mənzil 36 iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzil növbəsinə güzəştli əsaslarla götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1.). Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) (50.1.). Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (51.1.). Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2.). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, müəyyən kateqoriya vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilərək müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciətləri əsasında mənzil uçotuna götürülə bilərlər. Yaşayış sahəsinə ehtiyacı olan şəxslər yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarına və ya bələdiyyələr tərəfindən mənzil uçotuna götürülürlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (2). Yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3). İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, ev 9, mənzil 36 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yeri hesab olunduğundan iddiaçının yaşayış yeri onun qeydiyyatda olduğu ünvan, yəni ünvan 2elə olan halda iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi məhz yaşayış yeri üzrə səlahiyyətli icra hakimiyyəti orqanı, yəni Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülə bilər. Bakı şəhəri Cavabdeh isə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi və onun yaşayış sahəsi ilə təmin edilməsi üçün hər hansı məsuliyyət daşımır. İddiaçının ağır xroniki xəstə olması və onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində müalicə alması isə mübahisənin mahiyyətinə hər hansı təsir göstərmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Bakı şəhərində yerləşməsi iddiaçının yaşayış yerinin Bakı şəhəri olması kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə güzəştli əsaslarla götürülməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar