Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-68/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 və X7 üçüncü şəxs qismində inzibati icraatına cəlb olunmaqla planölçünün tərtib olunması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Pirallahı rayonunun Dübəndi bağ massivində yerləşən 17-ci Cənub küçəsindəki hər birinin sahəsi 600 kv.metr olan 322 və 324 nömrəli bağ sahələrinə dair adına torpağın planı və ölçüsünün tərtib olunması və çıxarışın verilməsi vəzifəsininin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1974-cü ildən işlədiyi Bakı “Avtomobil” zavodunun nəzdində yaradılmış “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinə üzv olmaq istəyən şəxslərin 188 nəfərdən ibarət olan siyahısı Bakı şəhəri X4 İcraiyyə Komitəsinin xx xxxxxxx 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən təsdiq edilmiş və Bakı şəhərinin Dübəndi bağ massivi ərazisində iddiaçıya bağ sahəsi ayrılmışdır. Bakı “Avtomobil” zavodunun nəzdində yaradılmış “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin ümumi yığıncağının xx xxxxxxx 2000-ci il tarixli, 34 nömrəli protokoluna əsasən Bakı şəhəri, Dübəndi bağ sahəsi ərazisində yerləşən 17-ci Cənub küçəsində boş qalmış və məişət tullantıları üçün nəzərdə tutulmuş və hər birinin sahəsi 6 sot olmaqla 322 nömrəli və 324 nömrəli bağ sahələri onun daimi istifadəsinə verilmiş və bu barədə adına 277 nömrəli üzvlük kitabçası verilmişdir. Faktiki istifadəsində olan bağ sahəsinə dair onun adına torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və çıxarışın verilməsi barədə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh tərəfindən həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi sözügedən bağ sahələrinə dair digər şəxslərin müraciətinin daxil olması, İdarəyə təqdim olunmuş “Avtomobilçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması, torpaq sahəsinin ona aid ayrıc aktından kənarda yerləşməsi, eyni hasar daxilində olması, yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşməsi göstərilmişdir. İddiaçı qeyd edir ki, ona ayrılmış bağ sahələri ayrıc aktının daxilindədir, qaz xəttinin mühafizə zolağından aralıda yerləşir və həmin bağ sahələrinə dair hüquqlar digər şəxslər tərəfindən mübahisələndirilməmişdir. İddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək adı çəkilən bağ sahələrinin oradan keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasına düşən 437 kv.metr hissəsi istisna olmaqla 763 kv.metr hissəsinə dair plan və ölçünün tərtib olunması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək adı çəkilən 324 saylı bağ sahəsinin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasına düşməyən 437 kv.metr hissəsinə dair plan və ölçünün tərtib olunması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağ massivində yerləşən 17-ci cənub küçəsində hər birinin sahəsi 600 kv.metr olan 322 və 324 №-li bağ sahələrinə dair plan və ölçüsünün tərtib olunması, bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin İdarəyə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır və “322”, “324” bağ nömrəsi ilə eyni bağçılıqda digər fiziki şəxs müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir və iki bağ sahəsi bir hasar daxilindədir, ara mərz nişanları şərtidir. Eyni zamanda bildilmişdir ki, sözügedən ərazi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla bağlı Azərbaycan Respublikası “Azərıqaz” İB tərəfindən məktub təqdim olunması zəruridir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********60 saylı, xx.xx.2018-ci il tarixli məktubda münasibət bildirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X5 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirdi ki, “Avtomobil” zavodunda iddiaçı ilə bir yerdə işləyərək o da “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinə üzv olmuşdur. Cəmiyyət tərəfindən ona 322 və 324 №-li bağ sahələri ayrılsa da o bundan imtina etmiş, daha sonra torpaq sahəsi ilə maraqlanmamışdır. Ümumiyyətlə həmin bağ sahələrindən istifadə etməmişdir. Onda olan məlumata görə o, həmin torpaq sahəsindən imtina etdikdən sonra həmin sahə İddiaçı adına rəsmiləşdirilmişdir. Sadəcə onda olan üzvlük kitabçasına əsasən cavabdehə müraciət etmişdir. Hazırda həmin bağ sahələri ilə bağlı heç bir tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X7 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirdi ki, “Avtomobil” zavodunda iddiaçı ilə bir yerdə işləyərək o da “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinə 1988-ci ildə üzv olmuşdur. Cəmiyyət tərəfindən ona Əzizbəyov (hazırda Pirallahı) rayonu, Dübəndi baş massivində zavod işçiləri üçün ayrılmış ərazidə, 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahələri ayrılmışdır. Həmin bağ sahələrindən istifadə etməmiş, boş saxlamışdır. Sonradan həmin bağ sahələri onun razılığı ilə Cəmiyyət tərəfindən İddiaçı vermişdir. İddiaçı 2000-ci ildə cəmiyyətin üzvlüyünə qəbul olunmuşdur. Bağ sahələri hal-hazırda İddiaçı istifadəsindədir. Həmin bağ sahələri ilə bağlı onun İddiaçı qarşı hər hansı tələbi yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Lerik rayonunda doğulmuşdur. - “xxxx” ASC-nın 2 №-li, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1974-ci ildə Zavoda daxil olmuşdur və hal-hazırda qaynaq sexində dispetçer vəzifəsində çalışır. - “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin xx.xx.2000-ci il tarixli, 34 №-li protokolundan çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 322, 324 №-li bağ sahəsinin zavodun işçisi İddiaçı daimi istifadədən ötəri verilməsi qərara alınmışdır. - “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş 277 №-li bağçının üzvülük kitabçasının və torpaq sahəsinin planının notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 2000-ci ildə həmin cəmiyyətə üzv qəbul edilmiş və xx.xx.2000-ci il tarixli, 34 №-li protokola əsasən 17-ci cənub küçəsində yerləşən sahəsi 1200 kv.m olan 322, 324 №-li bağ sahəsi onun daimi istifadəsinə verilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********17 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "Avtomobilçi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndı bağ massivi, 17-ci cənub küçəsində yerləşən 322 və 324 nömrəli bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - "xxxx" Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış **********60040033B00155 №-li, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, ərizədə qeyd etdiyi torpaq sahəsi xxxx-ın “Qaz İxrac” X2 X6 istismarında olan “Pirallahı-Qala” qaz kəmərindən (0325 mm, yerüstü) 0,4 metr məsafədə mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ərafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndi ilə boru-kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, zoru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonasi üçün ayrılmandır. Kənd təsərrüfatı üçün yararlı oian torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. - "xxxx" Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış **********30480092X00012 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, 322 saylı bağ sahəsi tam olaraq (31 metr məsafədə), 324 saylı bağ sahəsinin UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən X: 440026.00, 440034.38, 440084.22, 440074.00, Y: 4473634.00, 4473649.38, 4473617.80, 4473601.00 koordinatlar daxilində olan 1088 kvm. hissəsi xxxx-ın “Qaz İxrac” X2 X6 (MQKS) istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli qaz kəmərinin (0325 mm, yerüstü) mühafizə zonası daxilində, aşağıda göstərilən X: 440034.38, 440038.00, 440088.00, 440084.22, Y: 4473649.38, 4473656.00, 4473624.00, 4473617.80 koordinatlar daxilində olan 437 kvm. hissəsi isə qeyd olunan kəmərin mühafizə zonası xaricində yerləşir. Məlumat üçün bildirilmişdir ki, Pirallahı və Xəzər rayonlarının bir hissəsinin əhalisini, sənaye obyektlərini təbii qazla təmin edən “Pirallahı-Qala” yüksək təzyiqli qaz kəməri 1949-cu ildə istismara buraxılmış, 2013-cü ildən Abşeron MQKS-nin balansına verilmiş və həmin tarixdən bu günə kimi kəmərin bağ sahələrinə yaxın olan hissəsində hər hansı bir rekonstruksiya işləri aparılmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7.-ci bəndi ilə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göründüyü kimi, qaz kəməri daha əvvəl çəkilmiş və müvafiq qurum tərəfindən iddiaçıya bağ sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Belə olan halda, müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hijqüqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həm kəmərin istismarının, həm də həmin ərazidə yaşayan insanların təhlükəsizliyinin təmin olunması məqsədilə, iddianın rədd olunmasını xahiş edilmişdir. - “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış **********30490075X00730 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Pirallahı rayonu, Dübəndi bağ massifi, 17-ci Cənub küçəsində yerləşən 322 və 324 nömrəli torpaq sahələrinin ərazisindən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xətləri keçmir, qurğular mövcud deyil və sahə qaz xəttinin mühafizə zonasında yerləşmir. Qeyd olunan torpaq sahələrinin hasarından 0,5 metr məsafədən keçən D=325 mm-lik yüksək təzyiqli qaz kəməri X12 məxsusdur. - “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış 12 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 1981-ci ildən zavodda işləyən İddiaçı məişət avadanlıqları üçün boş saxlanılan ərazidən sahəsi 1200 kvm. olan 17-ci cənub küçəsi 322, 324 saylı bağ sahəsi 34 saylı xx.xx.2000-ci il tarixli protokoluna əsasən ayrılıb verilmişdir. Həmin bağ sahələri hal-hazırda ona məxsusdur və onun istifadəsindədir. - Həmin məktuba əlavə edilmiş bağ sahələrinin ümumi siyahısının təsdiq olunmuş surətindən, ayrıc aktının təsdiq olunmuş surətindən, 34 saylı, xx.xx.2000-ci il tarixli protokolunun təsdiq olunmuş surətindən, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 20/396 №-li, xx.xx.1987-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 20/396 №-li, xx.xx.1987-ci il tarixli qərarı ilə Bakı “Xüsusi Avtomobil” zavodunun 188 nəfərdən ibarət bağçılıq cəmiyyəti üçün Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində 12,005 hektar torpaq sahəsi ayrılmış, cəmiyyətinin xx.xx.1988-ci il tarixli iclasının protokoluna əsasən iclasda iştirak edən 185 nəfərə Dübəndi qəsəbəsi 14-cü Cənub, 15-ci Cənub və 16-cı Cənub ərazisindən torpaq sahəsi ayrılaraq müvafiq orderlərin verilməsi qərara alınmışdır. Həmin siyahıda Oruc Səmədova 15-ci Cənub küçəsində 326 №-li bağ sahəsinin ayrılması qeyd edilmişdir. Cəmiyyətin 34 saylı, xx.xx.2000-ci il tarixli iclas protokolu ilə məişət avadanlıqları üçün boş saxlanılan ərazidən sahəsi 1200 kvm. olan 17ci cənub küçəsindəki 322, 324 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********96 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Avtomobilçi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 17-ci cənub küçəsi, 322 və 324 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı, X5 və X7 müxtəlif vaxtlarda 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdilər. - Həmin məktuba həmçinin İdarənin arxivində saxlanılan Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 20/396 №-li, xx.xx.1987-ci il tarixli qərarı, cəmiyyətin xx.xx.1988-ci il tarixli 2 №-li və xx.xx.1988-ci il tarixli, 3 №-li protokolları əlavə edilmişdir. - İdarənin iddiaçıya ünvanladığı **********60 №-li, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 322 və 324 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır və “322”, “324” bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxsi müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir və iki bağ sahəsi bir hasar daxilindədir, ara mərz nişanları şərtidir. Eyni zamanda bildirilmişdir ki, sözügedən ərazi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla bağlı Azərbaycan Respublikası “Azəriqaz” İB tərəfindən məktub təqdim olunması zəruridir. Bu səbəblərdən ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 20/396 №-li, xx.xx.1987-ci il tarixli qərarı ilə Bakı “Xüsusi Avtomobil” zavodunun 188 nəfərdən ibarət “Avtomobilçi” bağçılıq cəmiyyəti üçün Əzizbəyov rayonu (hazırda Pirallahı rayonu), Dübəndi qəsəbəsində 12,005 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 14, 15, 16-cı Cənub küçələrində yerləşən hissəsi cəmiyyətin üzvləri arasında bağ sahələri kimi bölüşdürülmüş, həmin ərazidə (17-ci Cənub küçəsi) münasib yerlərdə məişət avadanlıqları üçün əlavə olaraq 12 nəfərlik bağ sahəsi boş saxlanılmışdır. Cəmiyyətin idarə heyətinin 34 №-li, xx.xx.2000-ci il tarixli protokoluna əsasən boş saxlanılmış 17-ci Cənub küçəsi 322, 324 №-li bağ sahələri zavodun işçisi İddiaçı verilmişdir. Həmin vaxtdan iddiaçı qeyd olunan torpaq sahəsindən istifadə edir. İddiaçı istifadəsində olan bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, “322”, “324” bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxslər müraciət etməsi, göstərilən sahənin sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşməsi, iki bağ sahəsi bir hasarın daxilində olması, ara məsafəsi nişanlarının şərti olması, sözügedən ərazinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşməsi əsas gətirilərək təmin edilməmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək bunu mübahsiləndirmiş və məhkəməyə müraciət edərək Pirallahı rayonunun Dübəndi bağ massivində yerləşən 17-ci Cənub küçəsindəki hər birinin sahəsi 600 kv.metr olan 322 və 324 nömrəli bağ sahələrinə dair adına torpağın planı və ölçüsünün tərtib olunması və çıxarışın verilməsi vəzifəsininin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı iddia tələbini dəyişərək 324 saylı bağ sahəsinin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühahizə zonasına düşməyən 437 kvm. hissəsinə dair plan və ölçünün tərtib olunması və çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş şəxslər üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında üçüncü şəxslər X5 və X7 iddiaçının həqiqətən də “Avtomobilçi” bağçılıq cəmiyyətinin üzvü olmasını, mübahisəli bağ sahələrinin iddiaçıya ayrılmasını təsdiq etmiş, həmin bağ sahələri ilə bağlı hər hansı tələblərinin olmadıqlarını bildirmişlər. Bundan əlavə İdarənin arxivində cəmiyyətin 1988-ci il tarixli 2 və 3 №-li protokolllarının (üzvlər barədə məlumatlar protokollarda əks olunmuşdur) saxlanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: - 2.1-ci bəndinə görə mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişahlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrinə verilir. - 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Pirallahı rayonunun, Dübəndi bağ massivində yerləşən 17-ci Cənub küçəsindəki 324 saylı bağ sahəsinin 437 kv.metr hissəsinə dair plan və ölçünün tərtib olunmasından və çıxarışın verilməsindən imtina olunması üçün əsaslar mövcud deyildir. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər məhkəmə araşdırılması zamanı öz təsdqini tapmamışdır. Belə ki, cavabdehin iddiaçının bağçılıq cəmiyyətinin üzvlərini siyahısında adının olmamasına dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, İdarənin arxiv materiallarında saxlanılan siyahının tarixi 1988-ci ilə təsədüf etdiyi halda iddiaçıya cəmiyyət tərəfindən bağ sahəsinin ayrılması ilə bağlı sənədlər 2000-ci ildə tərtib olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya verilmiş həmin sənədlərin qeyri-mötəbərliyi barədə cavabdeh hər hansı sübut, dəlil gətirmir. Eləcə də həmin sənədlərin İdarənin arxiv materiallarına əlavə edilməməsi iddiaçının iradəsindən asılı hal deyildir. Bundan əlavə iddiaçı məhkəmə icraatı zamanı tələbini dəyişərək yalnız 324 saylı bağ sahəsinin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasına düşməyən hissəsi üzrə hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Həmin bağ sahələri ilə bağlı İdarəyə müraciət etmiş digər fiziki şəxslər, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 və X7 bağ sahələri ilə bağlı hər hansı tələblərinin olmadıqlarını, hüquqlarının pozulmasına yol verən hər hansı vəziyyətin olmamasını bildirmiş, bununla bağlı məhkəmə mübahisə aparmamışlar. Həmçinin bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsi barədə dəlil də əsaslı hesab edilə bilməz. Çünki, həmin hal da iddiaçının iradəsindən asılı olmamışdır və bu uyğunsuzluğun aradan qaldırılması İdarənin səlahiyyətlərindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlil iddiaçının qanuni daimi istifadəsinə verilmiş 324 saylı bağ sahəsinin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasına düşməyən 437 kv.metr hissəsinə dair plan və ölçünün tərtib olunmasına imtina üçün əsas ola bilməz. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və iddiaçı İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Pirallahı rayonunun, Dübəndi bağ massivində yerləşən 17-ci Cənub küçəsindəki 324 saylı bağ sahəsinin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasına düşməyən 437 kv.metr hissəsinə dair “torpaq sahəsinin plan və ölçüsü”nün tərtib edilməsi və həmin sahəyə dair İddiaçı müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonunun, Dübəndi bağ massivində yerləşən 17-ci Cənub küçəsindəki 324 saylı bağ sahəsinin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasına düşməyən 437 kv.metr hissəsinə dair “torpaq sahəsinin plan və ölçüsü”nün tərtib edilməsi və həmin sahəyə dair İddiaçı müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-68/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-68/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver