Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-680/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçılar İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil2,İddiaçı10 nümayəndəsi Nümayəndə2, İddiaçı8 nümayəndəsi Nümayəndə3, İddiaçı5, İddiaçı2, üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “164 saylı xx.xx.2023-cü il tarixli sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Maraqlı şəxs üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Yaşayış kompleksinin tikintisi məqsədi ilə torpaq sahəsinin Maraqlı şəxs icarə əsasında istifadəsinə verilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli, 164 nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2742/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 cavabdeh Bakı şəhər icra Hakimiyyətinə (üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən 54 və 58 nömrəli binaların sakinləridirlər. İddiaçılar yaşadıqları mənzillərdə onlara göstərilən kommunal xitmətlərə görə daim vaxtında və tam həcmdə ödənişlər etmişlər. Həmin mənzillərdə qeydiyyatdadırlar, həmin ünvanlarda yaşayırlar. Lakin son dövrlər Maraqlı şəxs MMC tərəfindən yaradılmış çox saylı süni maneəllərdən bütün məhəllə camaatı olaraq əziyyət çəkir. Hazırda qanunsuz olaraq binaların qarşısına qanunsuz dəmir konstruksiyalar quraşdırılmış, insanların, maşınların hərəkətlərinə, orada fəaliyyət göstərən obyektlərin iş rejiminə maneələr yaradılmış, müqavilə bağlamayan mülkiyyətçiləri qorxutmaq və psixoloji təzyiq etmək üçün müxtəlif vasitələrə əl atılmışdır. 10-dan çox ailə, həmçinin uzun illər yaşadığı halda konstitusiya ilə qorunan mənzil toxunulmazlıq hüququ pozularaq 21 sentyabr 2023-cü tarixli 164 nörməli sərəncam verilmişdir. Həmin sərəncam verilərkən və daha sonra ərazidə söküntü tikinti işlərinin aparılacağı barədə heç bir məlumat verilməmişdir. Artıq 2 aydır, xx.xx.2023- cü il tarixdən adı etibarsız tikinti şirkətlərin siyahısında olan "xxxx" MMC (keçmiş “X4”) qanunsuz olaraq rahatlığını pozur. Arxitektura və Şəhərsalma Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, "göstərilən ünvanda sənədləşmə işləri tam başa çatdırılmadan görülən işlərin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün aidiyyati üzrə göstərişlərin verilməsini" və məlumatlandırılmasını Nərimanov rayon İcra Hakimiyyətinə xahiş etmişdirlər. Bundan əlavə FHN Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli cavab görə "ərazidə sakinlər köçürülmədən və tikinti işlərin başlanması üçün əsas olan "İcazə sənədi alınmadan ərazi hasarlanmış və bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur”. Hər iki qurum tərəfindən tədbirlərin görülməsi Nərimanov İcra Hakimiyyətinə tapşırılmışdır. Lakin Nərimanov rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü və xx.xx.2023-cü yazılı kollektiv müraciətlər ünvanlamağına baxmayaraq hələ də cavab verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2023-də ünvanladığı məktubun cavabını almaq üçün dəfələrlə müraciət etdikdən sonra, onun 2 aya gəlib çatmadığı cavabı 27.11.23-də ora gedərək ala bilmişlər. Onlar isə məsələni həll etmək əvəzinə məktubu Nərimanov İH göndərmişlər, halbuki torpaq sərəncamına imza atan və tenderi bu şirkətə udduran məhz Bakı şəhər İcra Hakmiyyətidir və qoyulan suallara cavab yoxdur. Nərimanov rayon İH-in kuratorları və məsul şəxsləri sakinlərə nəinki bu özbaşınalıqla mübarizədə yardım etmirlər, əksinə adıçəkilən qurumların tapşırıqlarını yerinə yetirməyinin qarşısını alırlar. Sərəncamın ləğv edilməsini istəməyinin əsas səbəbi hazırda sərəncam əsasında tikinti işlərinin aparılması həvalə edilə şirkətə inamsızlıqla bağlıdır. Bunun səbəbi isə qonşu məhəlləni 5 ildir "blokada"da saxlayan şirkətin eyni ssenarini tətbiq etmək istəməsidir. Heç bir layihəsi, söküntü- tikinti işlərinə icazəsi olmayan bu şirkət qonşu məhəllənin bütün 3 giriş-çıxışlarını bağlayaraq, avtomobil yollarına öz qanunsuz obyektlərini yerləşdirmişdir. Beləliklə, Ağa Neymətulla 50a, 50, 52 saylı binaların həyətinə nə zibil, nə yanğınsöndürən, nə də təcili yardım maşınları girə bilmir. O həyətə 5 ildir maşınlar bizim həyətdən keçir və xx.xx.2023- cü il tarixində məhəlləyə olan yeganə yolu bu şirkət bağlamışdır. Arxitektura və Şəhərsalma, Fövqaladə Hallar Nazirliyinin səyləri nəticəsində xx.xx.2023-cü il tarixdə cəmi 1 dəmir konstruksiya sökülmüşdür. Mağazaların işçiləri obyektlərin qarşısını sənədləşmə aparılmadan qanunsuz bağlantıları açmaq istədikdə "tikinti şirkəti" polis çağıraraq əhaliyə qarşı güc tədbiq etmişdir. Bundan əlavə aldadılaraq, hələ razılaşdırılmamış "ilkin layihə”-si ilə F.X.Xoyski və FaiqYusifov 43a və 43 küçəsindəki bina sakinləri ilə etibarsız "müqavilələr” bağlanılır. O binalarda evlərini kirayə verən, başqa evləri olduğundan köçən sakinlərin mənzilləri gecə saatlarında sökülüb talan edilir, pəncərə-qapıları şirkət tərəfindən çıxardılır ki, bu soyuq aylarda hələ də razı olmayan qonşular əziyyət çəksin. Razı salınan sakinlərin qanuni yaşayış sahələrini süni azaldaraq çalışırlar ki, tikilən yeni binada daha az yaşayış sahəsi verilsin. Sakinləri köçürüldükdə isə aylıq kirayə pulunu Nərimanov rayonuna və bazara uyğun olmayan qiymətlərlə hesablayırlar. Bu cür məqamların sayı hesabı yoxdur və sakinlər bu şirkətə narazılığını bildirəndə şirkət nümayəndələri manipulyasiya kimi danışıqlara başlayırlar. Bu şirkətin "fəaliyəti" qonşu həyətin bərbad vəziyyətə qoymasından bəllidir. Orada da binaya parallel 50A binası indiyədək girov şəklində qalmış, yerində guya "yaşıllıq" zonası nəzərdə tutulmuşdur. Nərimanov rayonu İcra Hakimiyyəti isə bilinməyən səbəbdən, "Gold məkan” şirkəti ilə əlbir olub bu biabırçılığa göz yumur. Nərimanov rayon İH nümayəndələri bildirdilər ki, "Manifesto" restoranının 200 kv.m artırması, yolları bağlayan dönərxanalar, moykalar, qarajlar Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən dəyişilmiş layihəyə uyğun tikilmişdir. Bunu Bakı şəhər İH kuratoru Emin müəllim də təsdiqləmişdir. Ləğv edilməsini xahiş etdiyi sərəncam əsasında mülkiyyət hüquqları qəti olaraq pozulmaqdadır. Faktiki olaraq 5 ildir ki, qonşu ərazidə yerləşən binada təmir işlərini yekunlaşdıra bilməyən, nəzərdə tutulmuş plandan kənara çıxan və lazımi keyfiyyətdə və müddətdə mənzilləri təhvil verməyən Maraqlı şəxs MMC-nin istifadəsinə verilməsi ilə bağlı sərəncam qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir. İnzibati icraat haqqında qanunun 65.1.4-cü maddəsinə əsasən maraqlı şəxs şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt etibarsız sayılır. Həmin sərəncamı icra etməklə Maraqlı şəxs MMC qanunsuz olaraq məhkəmənin qərarı olmadan əmlakı dağıtmaqla, cinayət əməlinə yol vermişdir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və ya məhkəmə qaydasında ləğv oluna bilər. Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, heç bir hərəkət göstərilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə müraciəti olmuş, o, aparılmış tikinti və sənədləşmə işləri ilə əlaqədar ciddi nöqsanların olduğunu təsdiqləmiş və işin nəzarətə götürüldüyünü bildirmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21,09.2023-cü il tarixli 164 nömrəli sərəncamının 1-ci bəndində deyilir ki, Bakı şəhəri Nərimanov rayonu, X7, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində 1.6 ha torpaq sahəsi dövlətə məxsus 56 saylı uşaq bağçası - körpələr evinin və transformator stansiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "xxxx" ASC ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlakhüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Maraqlı şəxs MMC-nin istifadəsinə verilsin. Lakin MMC tərəfindən mülkiyyətçilərlə mübahisələrin mülki qanunvericiliyin tələbləri baxımından həll edilməsi öhdəliyi götürülsə də həmin vəzifələri icra etməmişdir. Belə ki, bütün mülkiyyətçilərlə müqavilələr bağlanmamış, bu istiqamətdə lazımi tədbirlər görülməmiş və razılıq alınmadan söküntü işləri aparılmaqla hüquqları pozulmuş, əlavə olaraq kommunikasiya xətləri bağlanmış, bununla da sərəncam tam icra edilməmişdir. Sərəncamın 3-cü bəndində göstərilir ki, yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bu səbəbdən sərəncamda qeyd edilən məsələlər lazımi qaydada həyata keçirilmədiyindən, sərəncam ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair sərəncam təqdim edilməmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçılarının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar və nümayəndələri iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçıların və nümayəndələrinin, üçüncü şəxsin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiа tələbi təmin edilməməlidir. İİİ. Tədqiq edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 3- 18-2/2-F-58xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanında icazəverici sənəd olmadan "xxxx" MMC tərəfindən ərazinin hasarlaması və sakinlərin hərəkətlərinin məhdudlaşdırılması barədə Baş Prokurorluğa ünvanlandığı xx.xx.2023-cü il tarixli müraciət ilə bağlı qeyd olunan ünvana baxış keçirilmiş;baxış zamanı müəyyən edilmişdir ki, Nərimanov rayonu, F.X.Xoyski, F.Yusifov və A.Neymətulla küçələrinin kəsişməsində yerləşən 1,6 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 164 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamı ilə müqavilə əsasında Maraqlı şəxs istifadəsinə verilmiş ərazidə sakinlər köçürülmədən və tikinti işlərinin başlanması üçün əsas olan icazə sənədi alınmadan ərazi qismən hasarlanmış və bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur; sərəncamın icrasına nəzarət Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır; hazırda ərazidə əsaslı tikintiquraşdırma işləri aparılmır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi və ərizəçiyə ünvanlanmış 3-35-1/2-F-140-36- 720/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən məhəlləyə gediş-gəliş yolunun bağlanılaraq Maraqlı şəxs ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işlərinin aparılması haqqında İddiaçı1 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2023- cü il tarixli müraciətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 164 nömrəli sərəncamına əsasən Nərimanov rayonu, X7, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,6 ha torpaq sahəsi dövlətə məxsus 56 saylı uşaq bağçası-körpələr evinin və transformator stansiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "xxxx" ASC ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Maraqlı şəxs istifadəsinə verilmişdir. Əməkdaşlar tərəfindən yerində baxış zamanı sözügedən ünvanda Maraqlı şəxs MMC tərəfindən sənədləşmə işləri tam başa çatdırılmadan mövcud yaşayış binalarının sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə həmin ərazinin taxta lövhələrlə hasarlanması müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq göstərilən ünvanda sənədləşmə işləri tam başa çatdırılmadan görülən işlərin qarşısını almaq məqsədilə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi və müraciət müəllifinin məlumatlandırılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış 3-35- 1/2-F-140/2-36-896/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 5 ünvanında Maraqlı şəxs tərəfindən tikinti işlərinin aparılması haqqında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə xx.xx.2023-cü il tarixli 3-35-1/2-F-140-36-720/2023 nömrəli məktub ünvanlanmış, ona da həmin məktubla məlumat verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 164 saylı xx.xx.2023-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,6 ha torpaq sahəsi dövlətə məxsus 56 saylı uşaq bağçası – körpələr evinin və transformator stansiyasinin fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Maraqlı şəxs istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərizəçiyə 3-52/2-F-50/3-071/2/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, yaşadığı ərazidə "xxxx" ("xxxx") Şirkəti tərəfindən söküntü işləri aparılan zaman mənzil-məişət şəraiti üçün müəyyən problemlərin yaranması (binaların giriş-çıxışının məhdudlaşdırılması və s.) ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş təkrar müraciətə Bakı Şəhər İcra Hakimiyyətində baxılmışdır. Müraciətdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə məlumat verilməsi üçün tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Maraqlı şəxs, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və İddiaçı1 ünvanlanmış 3- 35-F-358-36-308/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ünvanında yerləşən məhəlləyə gediş-gəliş yolunun bağlanılaraq "xxxx" ("xxxx") MMC tərəfindən tikinti işlərinin aparılması ilə bağlı yaranmış narazılıq barədə İddiaçı1 müraciəti Azərbaycan Respublikasının Baş Prokurorluğundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 164 nömrəli Sərəncamı ilə sözügedən ərazidə yaşayış binalarının tikintisi məqsədilə 1,6 ha torpaq sahəsi icarə əsasında Maraqlı şəxs istifadəsinə verilmişdir. Sözügedən Sərəncamın 1-ci bəndinə əsasən həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi Maraqlı şəxsnə həvalə olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini, görülmüş tədbirlərin nəticəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı1 ünvanlanmış F-2 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, narazılığına səbəb olmuş hallar şirkət rəhbərliyinin nəzərinə çatdırılmışdır. Görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda “X4” Mənzil-Tikinti Kooperativi tərəfindən aparılan tikinti-quraşdırma işləri dayandırılmış və müvafiq icazə sənədləri tam əldə edilmədən tikinti işlərinin aparılmasının yolverilməzliyi barəsində onlara xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3-35/2- 1875/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində Maraqlı şəxs MMC tərəfindən şəhərsalma əsaslandırılması layihəsinin təsdiq edilməsi üçün Komitəyə müraciət olunub-olunmaması haqqında məlumat verilməsi barədə xx.xx.2024-cü il tarixli 06/29 nömrəli müraciətə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Maraqlı şəxs MMC-nin xx.xx.2023- cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X7, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində yaşayış və qeyri-yaşayış binalarının tikintisinə dair şəhərsalma əsaslandırılması layihəsinin təsdiq edilməsi üçün Komitə tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciəti daxil olmuşdur və hal hazırda həmin müraciət araşdırılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il) əsasən Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 58 mənzil 1 X1 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il) əsasən Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 58 mənzil 19 İddiaçı10 xüsusi mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 159290 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 58 saylı evin 36,0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 12 saylı mənzili İddiaçı1 adına xüsusi mülkiyyət kimi keçirilmişdir və bu barədə 1007 saylı reyestr kitabının 151254- cü səhifəsində 30/14473 qeydəalma nömrəsi ilə xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il) əsasən Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 58 mənzil 17 İddiaçı9 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il) çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində istifadədə olan 0.10444 ha torpaq sahəsində yerləşən 54 nömrəli 5 mərtəbəli binada 47.6 kv.m ümumi, 28.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində 927 nömrəli reyestr kitabının 86066 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il) əsasən Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 58 mənzil 33 İddiaçı2 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il) əsasən Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 54 mənzil 19 İddiaçı7 xüsusi mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 106876 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 58 saylı evin 65,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 15 saylı mənzili İddiaçı8 xüsusi mülkiyyət kimi keçirilmişdir və bu barədə 137 saylı reyestr kitabının 23120- ci səhifəsində 30/5574 qeydəalma nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdrəsi məhkəməyə 15 yanvar 2025-ci il tarixli, 3-35-1/2-135/2025 saylı məktubu ilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-35-2/3- 453/2024 nömrəli məktubu ilə (Gold Məkan MMC)razılaşdırılmış şəhərsalma əsaslandırılmasının istinad planının təsdiq edilmiş surətini təqdim etmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 27 mart 2024-cü il tarixli, 3-35-2/3-453/2024 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində yaşayış və qeyri-yaşayış binalarının tikintisinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması ərazinin planlaşdırılması sənədlərinə, habelə müfəssəl hazırlanması zamanı nəzərə alınan tələblərə uyğundur. İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İddiaçılar tərəfindən mübahisələndirilən Bakı şəhəri İcra Hakimiyyətinin 164 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamında qeyd edilən, yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazidə iddiaçıların xüsusi mülkiyyətləri olan daşınmaz əmlakları (mənzilləri və qarajları) yerləşir. Lakin iddiaçıların ləğv edilməsini tələb etdikləri bu sərəncam onlara münasibətdə əlverişsiz, yəni iddiaçıları hüquqdan məhrum edən və ya hüquqları məhdudlaşdıran, və ya onların üzərinə müəyyən vəzifələri qoyan inzibati akt deyildir. Belə ki, sərəncamda məhz iddiaçıların mülkiyyətində olan əmlakla bağlı heç bir göstəriş verilməmiş, xüsusi qeydlər əks edilməmişdir. Bundan başqa sərəncam nəzərdən keçirildikdə, onun inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olması müəyyən edilmir. İddiaçılar nə iddia ərizələrində, nə də məhkəmə iclaslarında çıxışlarında bu halların mövcud olmasına dair dəlilləri göstərməmişlər. Eyni zamanda məhkəmə gedişatında müəyyən olunmuşdur ki, iddiaçılar mübahisələndirilən sərəncamın 3-cü şəxslər tərəfindən lazımı qaydada icra edilməməsindən, sərəncamın icrasına lazımi səviyyədə nəzarətin olmamasından narazıdırlar. Məhkəmə tərəfindən yerində baxış təyin edilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıların yaşadıqları binanın yerləşdiyi həyət - yəni ümumi istifadədə olan ərazi binalar ilə əhatə olunur və həyətin bir neçə giriş-çıxışı mövcud olmuşdur. Sərəncamın icrası ilə bağlı üçüncü şəxs tərəfindən söküntü-tikinti işlərinə başlanılmış, həyətə giriş– çıxış məhdudlaşdırılmışdır, aparılan söküntü və tikinti işləri iddiaçılara məxsus ünvandan təxminən 100-150 metr məsafədə hasara alınmış ərazidə aparılır. Həmin işlər ilə əlaqədar həyətə giriş-çıxış yolu bağlanmışdır. İddiaçıların yaşadıqları bina və onlara məxsus qarajlar söküntü və ya tikinti işləri aparılan hasara alınmış sahə daxilində yerləşmir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı layihələr həyata keçirilir. Dövlət tərəfindən yeni binaların tikilməsi üçün hər hansı hüquqi şəxslərə qanuni əsaslarla torpaq ayrılan zaman məqsəd yalnız şəhərin abadlaşdırılması və ya köhnə və qəzalı binaların sökülüb yeni binaların tikilməsi deyil, əsas insanların həyati keyfiyyətini artırmaqdır. Həmin tədbirlər yalnız fiziki dəyişliklərə deyil, eyni zamanda sosial və iqtisadi məsələlərə də diqqət yetirilməli prosesdir. Sözügedən layihə başa çatadanək dövlət tərəfindən hüquqları pozulmuş vətəndaşların şikayətləri nəzərə alınmaqla, hüquqlarının bərpa edilməsi üçün lazımı səylər göstərilməlidir. Bununla yanaşı, dövlətin vətəndaşlar üçün nəzərdə tutduğu həyati keyfiyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlərinə qarşı vətəndaşlar da öz növbəsində haqsız şikayətlərdən və süründürməçilikdən uzaq olmalıdırlar. Şəhərin abadlaşdırılması, binaların sökülməsi, yeni tikililər kimi mühüm tədbirlər dövlətin və cəmiyyətin ümumi inkişafına xidmət edir. Bu cür tədbirlərə qarşı haqsız şikayətlər və süründürməçilik həm dövlətin işini, həm də layihələrin həyata keçirilməsini əngəlləyir. Vətəndaşların, hər bir tədbirin ümumi faydasını və məqsədini başa düşərək haqsız şikayətlərdən çəkinmələri və bu cür layihələrin uğurla başa çatması üçün konstruktiv yanaşma sərgiləmələri vacibdir. Dövlətin əsas vəzifəsi cəmiyyətin rifahını təmin etməkdir. Bu sosial və iqtisadi sabitliyin yaradılması, təhlükəsizliyin qorunması, infrastrukturun inkişafı və insanların həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri əhatə edir. Hər bir dövlət tədbiri, əsasən də şəhərin abadlaşdırılması, yenidənqurma və sosial layihələr vətəndaşların gündəlik həyatını daha rahat və təhlükəsiz etmək məqsədi güdür. Bəzən vətəndaşlar dövlətin müəyyən qərarlarını düzgün başa düşməyə bilər və bu tədbirlərin icrasından birbaşa təsirlənə bilərlər. Məhkəmə vətəndaşların hüquqlarını və azadlıqlarını qoruyan, dövlətin hər hansı bir qolunun qanunlara riayət edilməsini təmin edən, həmçinin dövlətin həyata keçirdiyi tədbirlərin və qəbul etdiyi qərarlarının qanuniliyini yoxlayan hakimiyyətdir. Məhkəmə ilk növbədə tərəflərin hüquqlarını qorumaq, daha sonra isə hüququn aliliyini təmin etmək məqsədi daşıyır. Həmin məqsədi həyata keçirmək üçün ilk addım mübahisənin barışıq yolla həll edilməsinə yönəlir. Bu addım həm mübahisənin sürətli həllinə, həmdə ki, mübahisənin müsbət istiqamətə həll olunmasına gətirib çıxarır. Hazırki mübahisə üzrə məhkəmə iclaslarında iştirak edən iddiaçılar sökülən binanın daha yaxşı vəziyyətdə olmasını, lakin onların yaşadıqları binanın daha qəzalı olmasını bildirərək iddianın qaldırılmasında əsas məqsədin, yenidənqurma işlərinin hazırda aparılan yaşayış binasında deyil, iddiaçılara məxsus mənzillərin yerləşdiyi binada aparılmalı zəruri olduğunu bildirmişlər. Məhkəmə tərəfindən iddiaçıların hüquqlarının pozulub-pozulmamasının araşdırılması barədə səlahiyyəti çərçivəsində müvafiq hərəkətlər edilmiş, tərəflərin izahatlarının dinlənilməsi üçün müxtəlif tarixlərə iclaslar təyin edilmiş, mübahisəli ərazidə yerində müayinə aparılmış, iddiaçıların xeyrinə olan halların araşdırılması üçün zəruri sorğular verilmiş, lakin həmin hərəkətlərin nəticəsində mübahisələndirilən inzibati aktın iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmədiyi açıq-aydın aşkar olmuşdur. Digər tərəfdən hazırkı iş üzrə yuxarı instansiya məhkəməsi tərəfindən (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi iddianın mahiyyəti üzrə baxılmasına sövq edir ki, bu qənaət həmin yuxarı instansiya məhkəməsinin qərarında qeyd edilmiş “birinci instansiya icraatı zamanı işə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir” göstərişi əsasında olmuşdur. Odur ki, işin tədqiq edilmiş halları qanunvericiliyin tələbləri ilə qarşılaşdırıldıqda bu nəticəyə gəlinir ki, mübahisələndirilən inzibati aktın icrası iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmir, qeyd edilən inzibati akt iddiaçılara nisbətdə qanuni inzibati aktdır və ləğv edilməsi üçün hazırkı mübahisə üzrə hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və İddiaçı11 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 164 saylı xx.xx.2023-cü il tarixli sərəncamının ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddia təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-680/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-680/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver