Məhkəmə qərarları › İş №2-1(112)-6801/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6801/2020

14.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6801/2020 14.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərəkətlərin dayandırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdehin və işi aparan icra işinə nəzarət edən vəzifəli şəxslərinin Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2191/2019 saylı İcra Vərəqəsi üzrə qanunsuz hərəkətlərinin dayandırılması və iddiaya mahiyyəti üzrə baxılıb bitənə kimi həmin icra işi üzrə hər hansı bir hərəkətin edilməsinin qadağan edilməsinə dair qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Yasamal Rayon İcra və Probasiya şöbəsinin Yasamal Rayon Məhkəməsinin müvafiq mülki iş üzrə qəbul etdiyi qətnaməsinə dair verilmiş icra sənədinin icrasına yönəlmiş hərəkətlərinin dayandırılması və iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək həmin icra işi üzrə hər hansı bir hərəkətin edilməsinin qadağan edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia ilə icra sənədinin icrasına yönəlmiş hərəkətlərinin dayandırılmasını xahiş etməklə, faktiki olaraq Yasamal Rayon İcra və Probasiya şöbəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin müvafiq icra sənədi üzrə icraata xitam verilməsini tələb etmiş olur. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Yasamal Rayon Məhkəməsinin qətnaməsi üzrə icra sənədi müvafiq mülki iş üzrə verildiyindən, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” Məhkəmə qeyd edir ki, hazırkı mübahisə xaraktercə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında göstərilən mübahisə ilə analoji mübahisədir. Beləliklə, məhkəmə iddia tələbinin Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi üzrə verilmiş icra hərəkətlərin dayandırılması və iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək həmin icra işi üzrə hər hansı bir hərəkətin edilməsinin qadağan edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin tələblə müvafiq icra sənədini vermiş məhkəməyə müraciət etməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, mümkünsüz sayılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək hallar mövcud deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35-ci, 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar