Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6801/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci ildə "xxxx" KB tərəfindən götürmədiyi kredit üzrə ona hesablanmış 2592 manat əsas və 560 manat 59 qəpik faiz borcunun silinməsinin Əmanətlərin Sığortalanması Fonduna və Mərkəzi Bankda adına olan tarixçədə əsassız yazılmış 3700 gün gecikmənin silinməsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2008-ci ildə "xxxx" ASC-nin əməkdaşı ondan xəbərsiz adına kredit xətti açmış və həmin pulları mənimsəmişdir. Bu səbəbdən götürmədiyi kredit üzrə ona borc hesablanmışdır. Həmçinin bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında Mərkəzləşdirilmiş Kredit Reyestrində onun barəsində 3700 gün (13 il ) gecikmə barədə məlumat əks olunmuşdur. Nəticədə o, heç bir bankda xidmətlərdən yararlana bilmir. X2 müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir.
3. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etmiş və göstərmişdir ki, İddiaçı qeyd edilən məsələ ilə bağlı Mərkəzi Banka müraciət etdikdən sonra həmin müraciət aidiyyəti üzrə baxılması üçün "xxxx" MMC-yə və Fonda göndərilmiş və müraciətə baxılmanın nəticəsi barədə vətəndaşa və Mərkəzi Banka məlumat verilməsi xahiş olunmuşdur. Həmin məktubun surəti məlumat üçün müraciətçiyə də ünvanlanmışdır. X4 və İddiaçı göndərdiyi 04.02.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələlərə baxılması üçün Fonda müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi zəruridir. Qeyd olunan məktub həmçinin müraciətçiyə də göndərilmişdir.
4. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi iddiaya qarşı yazılı münasibətə uyğun çıxış etdi və iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondu öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
8. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi).
10. İş materiallarındakı ləğv prosesində olan "xxxx" KB-nin 04.02.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ləğv prosesində olan "xxxx" KB-yə 19.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 560.59 manat əsas, 2156.90 manat faiz borcu vardır. İddiaçının hazırkı tələbi bu kredit borcunun silinməsidir ki, bu münasibət onunla ləğv prosesində olan "xxxx" KB arasında bağlanmış kredit müqaviləsindən yaranmış mülki mübahisə olmaqla xüsusi hüququn tənzimləmə predmetinə daxildir.
11. İddiaçı həmin borcun yaranmasına əsas olmuş müqavilənin onun məlumatı olmadan bağlanmasına istinad edir ki, belə olan halda o, inzibati yox, mülki mühakimə icratı qaydasında həmin müqaviləni mübahisələndirməli və həmin icraat çərçivəsində borcun silinməsi tələbini irəli sürməlidir.
12. İddiaçının cavabdeh qismində göstərdiyi “Əmanətlərin Sığortalanması Fondu” da inzibati orqan deyil, adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nda inzibati orqan kimi qeyd olunmamışdır və hazırkı mübahisə üzrə ləğv prosesində olan "xxxx" KBnin ləğvedicisi olmaqla həmin bankın adından hərəkət edərək bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir, kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür, bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür və “Banklar haaqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
13. Göründüyü kimi, istinad edilən normaların tələbləri və iddiaçının tələbinin əsasları nəzərə alındıqda, müəyyən olunur ki, iddiaçının hazırkı tələbi inzibati deyil, mülki mühakimə icraatnın predmetini təşkil edir.
14. İddiaçı müvafiq borcun habelə Mərkəzi Bankın reyestrindən də silinməsini tələb edir ki, bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir.
15. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 08.10.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən həmin Qayda bankların və bank olmayan kredit təşkilatlarının (bundan sonra - BOKT) hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir. Qaydanın 3-cü hissəsinə əsasən məlumat təchizatı (MKR-ə kredit haqqında məlumatı təqdim edən bank və BOKT, o cümlədən lisenziyası ləğv edilmiş bank və BOKT) mtərəfindən MKR-ə təqdim edilir və onlar həmin məlumatların dəqiqliyini təmin edir. Qaydanın 3.10-cu bəndinə görə MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
16. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlı MKR-ə daxil edilmiş məlumata, o cümlədən onun kredit borcunun məbləği ilə bağlı məlumata düzəliş ləğv prosesində olan "xxxx" KB-nin ləğvedicisi tərəfindən, ya da borcun silinməsi ilə bağlı mülki məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilməlidir. Lakin iş üzrə belə bir məhkəmə qərarının olması müəyyən olunmur. Belə olan halda Azərbaycan Respublikası Mərkəzi Bankı İddiaçı barəsində MKR-a daxil edilmiş məlumata hər hansı bir düzəliş edilməsi üzrə səlahiyyətli qurum hesab oluna bilməz.
17. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova