Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6802/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Rusiya Federasiyası ali peşə təhsilinin qeyri-dövlət akkreditasiya olunmuş xüsusi təhsil idarəsi X4 tərəfindən iddiaçının adına verilmiş P№80070 saylı, 05 fevral 2013-cü il tarixli bakalavr diplomunun Azərbaycan Respubikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-2013-cü illər ərzində Rusiya Federasiyası ali peşə təhsilinin qeyri-dövlət akkreditasiya olunmuş xüsusi təhsil idarəsi X1 "Hüquqşünaslıq" ixtisası üzrə 5 il ərzində qiyabi forma üzrə ali təhsil almışdır. Rusiya Federasiyasının Dövlət Attestasiya Komissiyasının 31yanvar 2013-cü il tarixli qərarına əsasən, "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alması haqqında P№80070 saylı, 05 fevral 2023-cü il tarixli bakalavr diplomu təqdim edilmişdir. Həmçinin diploma əlavədən görünür ki, ali təhsil aldığı müddətdə qarşına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınanaraq və nostrifikasiya şəhadətnaməsinin verilməsi üçün aidiyyatı üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Lakin, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ərizəsinin icrası ilə bağlı müsbət cavab verməmiş, 22 yanvar 2024-cü il tarixində Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərar qəbul etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi 22 yanvar 2024-cü il tarixli NA0022162 nömrəli qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş" Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarınm tanınması Qaydalarının 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifıkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Bakalavr diplomu 05 oktyabr 1961 -ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil olunmuş və apostil möhürü vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən hesab edirik ki, İddiaçı Rusiya Federasiyası ali peşə təhsilinin qeyri-dövlət akkreditasiya olunmuş xüsusi təhsil idarəsi X1 "Hüquqşünaslıq” ixtisası üzrə bitirməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından, iddiaçının həmin təhsil müəssisəsini bitirməsi barədə P№80070 saylı, 05 fevral 2023-cü il tarixli diplom üzrə ixtisasının tanınmaması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməməsi qanuna zidddir. Cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq mənim ali təhsil almağım haqqında olan diplom üzrə ixtisası tanımamışdır. Bu isə iddiaçının hal- hazırda və gələcəkdə normal karyera qurmağına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqına töhvələr verməyinə ciddi maneə törədir. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuş "Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında konvensiya" iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub. Konvensiyaya əsasən, diplomun tanınması üçun iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, vəni qanuni ali məktəb olmasıdır. İkinci sərt isə tələbənin həmin məktəbdə həqiqi səkildə oxuyaraq diplomu almasıdır. Əgər bu sərtlər ödənilibsə, nazirliyin diplomu tanımamaaa əsası yoxdur.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli yazılı etirazda qeyd edilmişdir ki, iddiaçıya Rusiya Federasiyası X4 tərəfindən təqdim olunan diploma əlavədən müəyyən edilir ki, o, 2007-2013-cü illərdə tədris almışdır. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən xx.xx.2024-cü il tarixində iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir. 2007-2008-17 yaş, 2008-2009–getməyib, 2009-2010–getməyib, 2010-2011-getməyib, 2011-2012-getməyib, 2012-2013-4 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. “Azərbaycan Respublikasının ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir”. Qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikasının 03 fevral 2023-cü il tarixli 34 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”(bundan sonra-Qaydalar) təsdiq edilmiş, xx.xx.2023-cü il tarixindən qüvvəyə minmişdir. Qaydaların 4.1.4-cü bəndində də orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması tanınma üzrə ümumi tələblərə aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
4. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 22 yanvar 2024-cü il tarixli, NA00022162 nömrəli “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarına əsasən Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.
5. xx.xx.2013-cü il tarixli, P 80070 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı 2007-ci ildə Qeyri-Dövlət Təhsil İdarəsi “X4”na (qiyabi forma) qəbul olunmuş, 2013-cü ildə Ali Peşə Təhsilinin Qeyri-Dövlət Akkreditasiya olunmuş Xüsusi Təhsil İdarəsini bitirmiş və Hüquq üzrə əsas ali təhsil qazanmışdır. Dövlət Attestasiya Komissiyasının 31 yanvar 2013-cü il tarixli qərarı ilə Hüquqşünaslıq istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Bu diplom təhsilin səviyyəsinə və ixtisasa uyğun olaraq peşəkar fəaliyyətlə məşğul olmaq hüququ verir.
6. İş materiallarına əlavə olunmuş Transkriptdə (P № 80070 saylı Diploma Əlavə) qeyd olunmuşdur ki, 2007-2013-cü il tarixləri arasında X2 Hüquqşünaslıq fakültəsində təhsil aldığı müddətdə Hüquqşünaslıq ixtisası üzrə müvafiq fənlər üzrə məqbullar, aralıq və yekun imtahanlar vermişdir.
7. Rəqəmsal Təhsil İnstitutu Əlavə ixtisas təhsili üzrə Özəl müəssisəsi tərəfindən verilmiş Arxiv Arayışına əsasən X1 Arxivinin sənədlərində qeyd olunur ki, 1990-cı il təvəllüdlü İddiaçı İlham qızı 2007-2013-cü illərdə akademiyanın “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil almışdır. Hüquqşünaslıq üzrə bakalavr dərəcəsinin verilməsi haqqında dövlət diplomu (seriya P №80070, xx.xx.2013 il tarixli, qeydiyyat nömrəsi Kİ02070) xx.xx.2013 il tarixində verilmişdir. Əsas: İllik təsvir №42. Rusiya Federasiyasının "Təhsil haqqında" Qanununun 32-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq bütün təlim formalarında istifadə olunan distant təhsil texnologiyalarından istifadə olunurdu. Əlavə olaraq bildirilir ki, Rusiya Federasiyası Təhsil Nazirliyinin xx.xx.2004-cü il tarixli 1221 nömrəli əmrinə əsasən X4 distant təhsil texnologiyalarından istifadə etməklə təhsil proqramlarmı tam şəkildə həyata keçirən universitet kimi tanınır. Rusiya Federasiyasmın "Təhsil haqqında" Qanununun 32ci maddəsinin 5-ci bəndinə uyğun olaraq, distant təhsil texnologiyaları tələbə ilə müəllim arasında dolayı (məsafədən) qarşılıqlı əlaqə deməkdir. X4 Qeyri-dövlət akkreditə olunmuş özəl ali ixtisas təhsili müəssisəsi 2016-cı ildə X4 Ali təhsil üzrə Özəl müəssisəsi adlandırılıb. X4 Ali təhsil üzrə Özəl müəssisəsi 2021-ci ildə Rəqəmsal Təhsil İnstitutu Əlavə ixtisas təhsili üzrə Özəl müəssisəsi adlandırılıb.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Rusiya Federasiya Təhsil Nazirliyi tərəfindən təhsilin distant formada təşkil edilməsinin mümkünlüyü barədə qəbul edilmiş əmrlər iş materiallarına əlavə olunmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı mülahizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq diplomun tanınması ilə bağlıdır. Diplomun tanınması zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin diplomu tanınır və ya tanınmaqdan imtina edilir.
12. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.
14. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
15. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 2762/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarına uyğundur.
17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...
18. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
19. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Rusiya Federasiyası Moskva şəhəri Ali Peşə Təhsilinin Qeyri-Dövlət Akkreditasiya olunmuş Xüsusi Təhsil İdarəsi “X4 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, P 80070 nömrəli diploma və əlavəsinə əsasən İddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsil almış, Dövlət Attestasiya Komissiyasının 31 yanvar 2013-cü il tarixli qərarı ilə Hüquqşünaslıq istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş diploma əlavədə İddiaçı 2007-2013-cü il tarixləri arasında X2 Hüquqşünaslıq fakültəsində təhsil aldığı müddətdə Hüquqşünaslıq ixtisası üzrə müvafiq fənlər üzrə məqbullar, aralıq və yekun imtahanlar verdiyi qeyd olunmuşdur.
23. Məhkəmə qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
24. Cavabdeh tərəfindən İddiaçı barəsində təqdim edilmiş sərhədkeçmə məlumatlarına əsasən iddiaçı təhsil aldığı ölkədə 2007/2008-ci tədris ili üzrə 17 yaş, 2008/2009-ci tədris ili üzrə getməyib, 2009/2010-cu tədris ili üzrə getməyib, 2010/2011-ci tədris ili üzrə getməyib, 2011/2012-ci tədris ili üzrə getməyib, 2012/2013-cü tədris ili üzrə 4 gün olmuşdur. Halbuki, diploma əlavədən göründüyü kimi, fənlər üzrə ümumi tədris yükü 998 saat təşkil edir. Bununla da iddiaçının Rusiya Federasiyasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur.
25. İddiaçı iddia tələbinin əsası olaraq bildirmişdir ki, o, 2007-2013-cü illər ərzində distant təhsil almış, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmək zərurəti olmamışdır, ona görə də dərs və imtahanlarda distant iştirakı diplom üzrə ixtisasın tanınması üçün yetərli hesab edilməlidir.
26. Məhkəmə ilk növbədə nəzərə alır ki, Rəqəmsal Təhsil İnstitutu Əlavə ixtisas təhsili üzrə Özəl müəssisəsi tərəfindən verilmiş Arxiv Arayışına əsasən Rusiya Federasiyasının "Təhsil haqqında" Qanununun 32-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq bütün təlim formalarında istifadə olunan distant təhsil texnologiyalarından istifadə olunurdu. Əlavə olaraq bildirilir ki, Rusiya Federasiyası Təhsil Nazirliyinin xx.xx.2004-cü il tarixli 1221 nömrəli əmrinə əsasən X4 distant təhsil texnologiyalarından istifadə etməklə təhsil proqramlarmı tam şəkildə həyata keçirən universitet kimi tanınır. Eyni zamanda Rusiya Federasiya Təhsil Nazirliyi tərəfindən təhsilin distant formada təşkil edilməsinin mümkünlüyü barədə qəbul edilmiş əmrlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır.
27. Bununla belə məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə həlledici məqam qeyd edilən qaydada xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğunun müəyyən olunmasından asılıdır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı halında isə sözügedən tələbə riayət olunmamışdır.
28. Beləliklə, məhkəmə müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
29. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.
30. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva