Məhkəmə qərarları › İş №2-1(112)-6803/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6803/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6803/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********6 nömrəli, 28.04.2021-ci il tarixli imtina məktubunda iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi stajının 25 ildən az (22 il 7 ay 17 gün) olduğunu, güzəştli iş stajının olmadığını və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir.

2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qeyri-qanuni hesab edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əmək kitabçasında qeyd olunan ali təhsil aldığı müddəti, hərbi xidmət dövrünü, 30 ildən artıq ümumi iş stajını və həmin stajın 17 ildən artıq olan hissəsinin yeraltı tunellərdə, xüsusi zərərli iş şəraitində işləməsini nəzərə almamışdır. İşlədiyi peşələr Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarında öz əksini tapmışdır, buna görə də cavabdehin pensiya təyin olunmasından imtinası qeyri-qanunidir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının əmək kitabçasındakı iş stajı və təhsil aldığı müddət nəzərə alınarsa, o, 01.01.2006-cı il tarixədək Qanun ilə tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır (22 il 7 ay 17 gün). Həmçinin İddiaçının əmək kitabçasından və ‘‘Bakı Metropoliteni” QSC tərəfindən təqdim edilmiş 23 fevral 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı metropolitendə “yol montyoru" peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahının 28-ci bölməsinin (“Nəqliyyat”) 2-ci hissəsində (“Metropolitenlər” - ********) həmin sahə üzrə güzəştli hesab edilməli olan peşələr arasında İddiaçının işləmiş olduğu peşə mövcud deyildir. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 57 yaşdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 47,200.00 manat hesablanmışdır. İddiaçının cəmi pensiya kapitalı isə 43,649.77 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

8. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 60 yaşın tamam olmasını şərt kimi müəyyən etmişdir.

9. İddiaçının hazırda 60 yaşı tamam olmamışdır. İşdən görünür ki, 19.01.2021-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur və o, 57 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir.

10. Məhkəmə qeyd edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsində nəzərdə tutulurdu.

11. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən

12. Qüvvədə olan ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ƏPQ-nin qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi staj 25 ildən az olmamalıdır.

13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (şəxsiyyət vəsiqəsinin, hərbi biletin, təhsil haqqında arxiv arayışının, əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, hərbi xidmət keçməmiş, 29.10.1981-ci il tarixdən 07.07.1986-cı il tarixədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun əyani şöbəsinin “Sənaye elektronikası” ixtisası üzrə təhsil almış, 13.04.1987- 01.02.1993-cü illər ərzində Radiofiziki Cihazqayırma xüsusi konstruktor bürosunda mühəndis və böyük mühəndis kimi əmək fəaliyyəti ilə məşğul olmuş, 20.02.1993- 01.11.1996-cı illərdə MMC-də mühəndis, 05.11.1996-01.04.2000-ci illərdə 16 saylı valyuta dəyişmə məntəqəsinə xəzinədar, 08.01.2001-02.01.2004-cü illərdə Respublika sarayının enerji təminatı xidmətində mexanik işləmişdir. İddiaçı 09.02.2004-cü il tarixdə Bakı Metropoliteninin Yol xidmətinə 4-cü dərəcə ilə yol fəhləsi qəbul edilmiş (iş gecə tuneldə, xüsusi zərərli iş şəraiti), 18.07.2014-cü ildə 2 saylı yol hissəsinin 1-ci sahəsinə 4-cü dərəcəli yol montyoru keçirilmişdir və hazırkı vaxtadək bu vəzifədə çalışır.

14. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixədək 22 il 7 ay 13 gün ümumi sığorta stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiqi üçün ilkin şərti, 25 il ümumi sığorta stajının olması tələbini ödəmir, buna görə də ona həmin qanunvericiliyə əsasən pensiya təyin edilə bilməz (iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci tələbə qiymət verilmə zərurəti aradan qalxır). 01.07.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinə əsasən

15. İddiaçıya ƏPQ-nin 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün isə onun: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması və bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunur. Lakin iddiaçı bu tələblərdən ilkini, yəni yaş tələbini ödəmir. Belə ki, iddiaçının 57 yaşı 19.01.2021-ci il tarixdə tamam olduğundan ona Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyası da tətbiq oluna bilməz (burada da iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci və üçüncü tələbə qiymət verilmə zərurəti aradan qalxır).

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar