Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6804/2021 06.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı1 barəsində qəbul edilmiş qərarın ləğv edilməsini, Dövlət Vergi Xidmətinin əməkdaşlarının verdiyi qərar nəticəsində bu günə kimi bu məsələlərə xərclənən 70 manat yalnız QHT-nin sənədləri və birbaşa Dövlət Vergi Xidmətinin tələbi olaraq elektron imza, möhür, sənədlərin notarial qaydada təsdiq edilməsi, mənəvi ziyan olaraq 40000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Şəffaf İdarəçilik” İctimai Birliyinə (VÖEN: **********, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 127, mənzil 104) tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə dəfələrlə müraciət etsə də məsələyə, həm də pandemiya şəraitini nəzərə alaraq, ədalətli baxmayıblar. Belə ki, mart ayında akt yazılıb, cərimə tətbiq edilərkən iddiaçıya gec xəbər vermişdilər. O, X6 Xidmətinə, 10.03.2021-ci il tarixdə olmağı haqqında bildirişi 11.03.2021-ci il saat 19:00 radələrində poçtalyon vasitəsi ilə ələ almışdır, buna görə də qərarın qəbulu prosesində iştirak edə bilməmişdir. E-kargüzarlığa gələn və 3 gündən sonra çatmış hesab edilməsi haqqında qərar absurddur. Vergi platformasi hər gün istifadə olunan platforma deyil və icbari hala salına bilməz. Qərardan şikayət etsə də 29.03.2021-ci il tarixdə aldığı cavab məktubunda şikayətinin əsaslı olması üçün Ədliyyə Nazirliyindən sənədlərin 30 günü keçdikdən sonra götürməyi haqqında arayış tələb olunması qeyd edilirdi. Arayışı götürüb bir daha AVİS qeydiyyatı: 02.04.2021-ci il tarixli, **********483600 nömrəli şikayət etsə də heçnə dəyişilmədi və qərar qüvvədə qaldı. Məsələdə təksib olunmaz sübut budur ki, Ədliyyə Nazirliyi (bundan sonra ƏN) “Şəffaf İdarəçilik” İB-ni 15.12.2021-ci il tarixdə qeydiyyata almışdır. Lakin sənədlərin təqdimatı 18.01.2021-ci ildə edilmişdir. (Sənədləri 18.01.2021-ci il tarixdə təqdim ediblər). Burada vətəndaş səhlənkarlıq edib sənədləri götürməkdən deyil, məhz ƏN-in təqdim edəcəyi təqdirdə sənədlərin götürülməsindən söhbət gedir. Sənədlər gec götürülməyib, nə vaxt götürə biləcəyi bildirilibsə, o zamanda gedib götürüb. VM-in 33.4cü maddəsində belə bir müddəa yoxdur ki, sənədlər götürüldüyü tarixdən 30 gün müdddətinə 33.4-cü maddədə yarandığı gündən, yəni qeydiyyat günündən 30 gün müddəası var, amma burada istisna hal var ki, ƏN əməkdaşları xəstəlik və 30% ştatla işlədikləri üçün çatdırmayıblar və ona sənədləri 33 günün tamamında veriblər. Burada İB istəmədiyi halda avtomatik cəriməyə düşür. Arayış təqdim edildikdən sonra bu cərimə ləğv olunmalı idi. Qanunda sənədləri götürdükdən sonra 30 gün müddəası yoxdur, buna görə də cərimə tətbiqində qərar vətəndaşın xeyrinə həll olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan İddiaçı1 əsl iddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyi ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 01.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyinin “cavabdehin “Şəffaf İdarəçilik” İctimai Birliyinin barəsində qəbul etdiyi qərarın ləğv edilməsi və ona dəyən maddi ziyanın ödənilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 28.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 17.03.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İctimai Birlik 15.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və 01.03.2021-ci il tarixli **********850400 nömrəli “Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotuna alınması haqqında ərizə” forması ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə müraciət edilmişdir. Təqdim edilən ərizəyə əsasən 02.03.2021-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmışdır. Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən vergi orqanında uçota alınmaq üçün müvafiq ərizənin verilməməsinə görə Baş İdarə tərəfindən “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” 03.03.2021-ci il tarixli 001499 nömrəli akt tərtib edilərək vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinə “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunması məsələsinə baxılması barədə” 03.03.2021-ci il tarixli **********28079 nömrəli bildiriş vergi ödəyicisinin elektron qutusuna göndərilərək 10.03.2021-ci il tarixə Baş İdarəyə dəvət edilmiş, bildiriş 11.03.2021-ci il tarixdə elektron qutuda oxunmuşdur. Tərtib olunmuş akt əsasında Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən bu Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə Baş İdarə tərəfindən 17.03.2021-ci il tarixli **********28098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, 18.03.2021-ci il tarixdə elektron qutuda oxunmuşdur. İddiaçı öz ərizəsində bildirmişdir ki, Baş İdarəyə dəvət olunması ilə bağlı bildirişi 11.03.2021-ci il tarixində poçtalyon vasitəsilə alıb, qərarın qəbulu prosesində iştirak edə bilməyib və elektron göndərilən sənədin 3 gün ərzində çatmış hesab edilməsi absurddur, vergi platformasından istifadəsi icbari sayıla bilməz. Qeyd edilir ki, vergi ödəyicisi ilə vergi orqanı arasında 02.03.2021-ci il tarixli **********865600 nömrəli “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması” imzalanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklərdən biri də vergi ödəyicisinin vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla mütəmadi olaraq tanış olmaq, daha dəqiq deyilsə, 3 gündən gec olmayaraq elektron kabinetinə baxmaq barədə öhdəliyidir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bundan başqa, iddiaçı ərizəsində qeyd edir ki, vergi oqanından 29.03.2021-ci il tarixində aldığı cavab məktubunda şikayətinin əsaslı olması üçün Ədliyyə Nazirliyindən sənədlərin 30 gün keçdikdən sonra götürməyi haqqında arayış tələb olunurdu. Buna əsasən 02.04.2021-ci il tarixində **********483600 nömrəli məktubuna İctimai Birliyin qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinin müvafiq qurumundan 18.01.2021-ci il tarixdə götürməyi haqqında arayışı əlavə etsə də, vergi orqanının qərarına təsir etmədi və qəbul edilmiş qərar qüvvədə saxlanıldı. Baş İdarə tərəfindən iddiaçıya göndərilmiş 29.03.2021-ci il tarixli **********927900 nömrəli məktubda yalnız Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələbləri vergi ödəyicisinin nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 17.03.2021-ci il tarixli 05/2180-14 nömrəli məktubuna əsasən İB-nin dövlət qeydiyyatı ilə əlaqədar sənədləri 18.01.2021-ci il tarixdə təhvil alınmış, bununla da 01.03.2021-ci il tarixdə vergi uçotuna alınmaq üçün vergi orqanına müvafiq ərizənin verilməsi zamanı Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Vergi Məcəlləsinin 33.4-cü maddəsinin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisi 02.04.2021-ci il tarixli, **********483600 nömrəli eyni məzmunlu məktubla vergi orqanına müraciət etmiş, həmin müraciət əsasında inzibati araşdırma aparılaraq 20.04.2021-ci il tarixli **********301200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı1 və X5 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış 16.11.2020-ci il tarixli, **********748 nömrəli ərizədə göstərilmişdir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 22 avqust 2014-cü il tarixdə “Şəffaf İdarəçilik” İctimai Birliyi təsis edilmişdir. Ümumi yığıncağın qərarına əsasən İB-nin qeydiyyata alınması üçün lazımi sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, sizdən, “Şəffaf İdarəçilik” İctimai Birliyinin qeydiyyata alınması xahiş edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyrikommersiya qurumlarının dövlət reyestrindən 15.12.2020-ci il tarixli, 05/5843-14 nömrəli çıxarışda göstərilmişdir: qurumun adı: “Şəffaf İdarəçilik” İctimai Birliyi; qeydiyyat tarixi: 15.12.2020-ci il; qeydiyyat nömrəsi: 1120-Q75-3873; təşkilati-hüquqi forması: ictimai birlik; maliyyə ili: 1 yanvar-31 dekabr; hüquqi ünvanı: ünvan 1ycan Respublikası; fəaliyyət predmeti və məqsədi: şəffaf idarəetmənin gücləndirilməsi və vətəndaş təşəbbüslərinə dəstək vermək; qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti: idarə heyəti - 2 (iki) nəfər, səlahiyyət müddəti - 2 (iki) il, üzvlər: X5 - sədr, İddiaçı1 - sədr müavini; qanuni təmsilçisi: X5; qeydiyyata alınmanın hüquqi əsasları: təsis yığıncağının 25.10.2020-ci il tarixli qərarları və digər sənədlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəffaf İdarəçilik” İctimai Birliyinə ünvanladığı 17.03.2021-ci il tarixli, 05/2182-14 nömrəli məktubunda göstərilmişdir ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə 1120-Q75-3873 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Qurumun dövlət qeydiyyatı ilə əlaqədar sənədləri 18.01.2021-ci il tarixdə təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin “Şəffaf İdarəçilik” İctimai Birliyinə ünvanladığı 04.08.2021-ci il tarixli, 05/2182/3-14 nömrəli məktubunda bildirilmişdir ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə 1120- Q75-3873 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qurumun dövlət qeydiyyatı ilə əlaqədar sənədləri 18.01.2021-ci il tarixdə təhvil verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Şəffaf İdarəçilik” İctimai Birliyinə ünvanladığı 03.03.2021-ci il tarixli, **********28079 nömrəli bildirişdə bildirilmişdir ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinə 10.03.2021 tarixində saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi rəisinin (rəis müavininin) yanında baxılacaqdır. İş materiallarına əlavə edilmiş “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” 03.03.2021-ci il tarixli, 001499 nömrəli akta əsasən vergi ödəyicisi kimi “Şəffaf İdarəçilik” X2 Məcəlləsinin 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınması haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 17.03.2021-ci il tarixli, **********28098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə “Şəffaf İdarəçilik” İctimai Birliyi (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizə verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və 29.03.2021 tarixinədək 40 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Şəffaf İdarəçilik” İctimai Birliyinə ünvanladığı 29.03.2021-ci il tarixli, **********927900 nömrəli məktubunda bildirilmişdir ki, 12.03.2021-ci il tarixli müraciətinizə Bakı şəhəri X3 üzrə Baş İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən "arayış" verməlidir. Əlavə məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş aprel 2021-ci il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərara əsasən “Şəffaf İdarəçilik” İctimai Birliyinin tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi haqqında Dövlət Vergi Xidmətinə daxil olmuş 01.04.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 17.03.2021-ci il tarixli, **********28098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi 01.03.2021-ci il tarixdə qeyri-kommersiya hüquqi şəxsin vergi uçotuna alınması haqqında ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə müraciət etmiş, 02.03.2021-ci il tarixdə İctimai Birlik vergi uçotuna alınaraq, ********** nömrəli VÖEN verilmişdir. Vergi orqanı X4 Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 17.03.2021-ci il tarixli **********28098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edərək, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən 17.03.2021-ci il tarixli qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 17.03.2021-ci il tarixli, **********28098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından yuxarı inzibati orqana - Dövlət Vergi Xidmətinə şikayət vermiş, Dövlət Vergi Xidmətinin 20.04.2021-ci il tarixli **********301200 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməyərək qərar qüvvədə saxlanılmışdır. Məhkəmə iddiaçının 17.03.2021-ci il tarixli qərardan yuxarı vergi orqanına şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı şikayətinə dair vergi orqanının 20.04.2021-ci il tarixli qərarını aldıqdan sonra 21.05.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 8.1-ci maddəsinə görə hüquqi şəxs statusu almaq istəyən qeyrikommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı 40 gündən gec olmayaraq həyata keçirilməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. Həmin Qanunun 8.5-ci maddəsinə görə bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. -33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. -34.1-ci maddəsinə görə vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. -58.2-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer, barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. -68.1-ci maddəsinə görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. -68.2-ci maddəsinə əsasən hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Sadalanan normalardan müəyyən olunur ki, qeyri-kommersiya hüquqi şəxsləri hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən 30 gün müddətində vergi orqanına uçota alınmaq üçün ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnaməsi (və ya əsasnaməsi), rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənədlər də təqdim edilir. Qeyri-kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alındığı gündən 30 gün müddətində qeyd edilən ərizə və tələb olunan sənədlərlə vergi orqanına uçota alınmaq üçün müraciət etmədiyi təqdirdə vergi orqanının hüquqi şəxsə ərizənin həmin müddət daxilində təqdim edilmədiyinə görə maliyyə sanksiyası tətbiq etmək hüququ yaranır. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinin ikinci hissəsində dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması barəsində ona qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməli olması müddəası da nəzərdə tutulmuşdur. Yəni qeyri-kommersiya hüquqi şəxsi vergi orqanında uçota alınan zaman təqdim etdiyi ərizəyə yuxarıda adı çəkilən sənədlərlə birlikdə həm də həmin hüquqi şəxsi qeydiyyata alan dövlət orqanından qeydiyyat sənədlərini nə zaman götürməsini bildirən arayışı da əlavə edə bilər. Sözügedən arayışın ərizəyə əlavə edilərək vergi orqanına təqdim edilməsini qanunvericilik o məqsədlə nəzərdə tutmuşdur ki, hüquqi şəxs vergi orqanına təqdim edəcəyi sənədlər arasında dövlət qeydiyyatına alınması ilə əlaqədar sənədləri, o cümlədən qeydiyyata alınması haqqında şəhadətnamə, nizamnamənin surətini də təqdim etməlidir. Bu sənədlər isə hüquqi şəxsə onu qeydiyyata alan müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Hüquqi şəxsin qeydiyyat sənədlərini dövlət qeydiyyatını həyata keçirən orqandan hansı vaxt aldığını təsdiq edən arayışı vergi orqanına təqdim etməsi zərurəti onunla bağlıdır ki, hüquqi şəxs uçota alınmaq üçün tələb olunan sənədləri ondan asılı olmayan səbəbdən gec aldığını və bu əsasdan vergi orqanına gec müraciət etməsini sübut edə bilsin və bunun hüquqi nəticəsi olaraq ən azından gözlənilən maliyyə sanksiyasına məruz qalmasın. Lakin bu zaman o da nəzərə alınmalıdır ki, uçota alınmağa müraciət üçün tələb olunan 30 günlük müddət qeyri-kommersiya hüquqi şəxsi üçün ən azından həmin arayışda göstərilən tarixdən, yəni sənədləri qeydiyyat orqanından aldığı tarixdən hesablanmağa başlanılır. Qeyd edilən normaların hazırkı işə tətbiqi nəticəsində müəyyən olunur ki, İddiaçı1 və X5 16.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə “Şəffaf İdarəçilik” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı ərizə ilə müraciət etmişlər. Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.03.2021-ci il tarixli arayışından görünür ki, ictimai birliyin dövlət qeydiyyat sənədləri 18.01.2021-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Beləliklə, “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığından vergi orqanına uçota alınmaq üçün ərizə ilə müraciət etmək üçün tələb olunan 30 günlük müddətin axımı ən tezi 15.12.2020-ci il tarixdən hesablandıqda 14 yanvar 2021-ci il tarixdə, ən geci arayışda qeyd olunan sənədlərin götürülmə tarixindən, yəni 18.01.2021-ci il tarixdən hesablandıqda isə 30 günlük müddət 17 fevral 2021-ci il tarixdə bitmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı vergi uçotuna alınma barədə ərizə ilə 01.03.2021-ci il tarixdə vergi orqanına müraciət etmiş, bununla da qanunla müraciət etmək üçün tələb olunan 30 günlük müddəti ötürmüşdür. Belə olan halda cavabdehin iddiaçıya maliyyə sanksiyası tətbiq etməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsində göstərilmiş müddətlər xüsusi müddətlər olmaqla qanunla bərpası mümkün olmayan müddətlərə aiddir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi 17.03.2021-ci il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “17.03.2021-ci il tarixli **********28098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6804/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6804/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver