Məhkəmə qərarları › İş №2-1(112)-681/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-681/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-681/2021 03.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin nəzərə alınaraq, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxx N2-ci ildə Binəqədi rayonu Hərbi komissarlığından həqiqi hərbi xidmət keçmək üçün çağırılmışdır. N №-li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq, bütün növ təminatlarla təmin olunmuş və “sıravi” hərbi rütbəsi verilərək tibb məntəqəsində sanitar vəzifəsinə təyin olunmuşdur. Qərargah rəisinin sərəncamına əsasən xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, N №-li hərbi hissə komandirinin xx xxx N3-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmışdır. O, hərbi xidmətdə olduğu dövrdə hərbi hissə komadirinin əmrləri ilə dəfələrlə 100 №-li “Mİ-24” vertalyotu ilə döyüş bölgəsi hesab edilən Dağlıq Qarabağ rayonlarına, xüsusilə Ağcabədi rayonuna ezamiyyətə göndərilmiş, “bort-atıcı” kimi döyüş əməliyyatlarında, habelə hərbçilərin xilas olunmasında iştirak etmişdir. Bu döyüşlərdə şahid olmuş döyüş yoldaşlarından biri Azərbaycanın ən gənc milli qəhrəmanı X2r. Cavanşir Rəhimov haqqında çəkilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən verilmiş “Arayışda” N №-li hərbi hissə komadirinin xx.xx.N2-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində onun döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumatın aşkar olunmadığı qeyd olunsa da, onun hərbi biletində və Yasamal rayon hərbi komissalığından verilmiş “Qeydiyyat kartasında” N2-N3cü illərdə Dağlıq Qarabağ rayonlarında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydlər mövcuddur. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibliyinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən ağır döyüş əməliyyatlarında iştirak etməsini nəzərə alaraq ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin təmin edilməsini xahiş etmişdir. Müdafə Nazirliyi tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur ki, "xidmət etdiyi hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından vətəndaş İddiaçı “Müharibə Vətəran"ı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Hesab edir ki, cavabdeh orqanın tələbindən imtinası əsassızdır. O, həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir və onun “Müharibə veteranı” adı və vəsiqəsini almaq hüququ vardır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli 11/2583 saylı iddiaya dair etirazında (iddiaya münasibət) göstərmişdir ki, iddia ərizəsini qəbul etmirlər, hesab edirlər ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz: Məhkəmə iş materiallarına əlavə olunmuş arxiv arayışından görmək olar ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır.“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki; İddiaçı xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Yasamal rayonu, Əbdülrəhimbəy Haqverdiyev küçəsi, məhəllə 576, 3A, 12 ünvanında qeydiyyatdadır (AA******* №li şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus Binəqədi rayon Hərbi komissarlığı tərəfindən xx.xx.N2-cı il tarixdə verilmiş NZ seriyalı ******* №li hərbi biletində (notarial qaydada təsdiq edilmiş surəti) aparılmış qeydlərə əsasən iddiaçı xx.xx.N2-cı il tarixdən xx.xx.N6-cı il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. NZ seriyalı ******* №li hərbi biletin qeydiyyat kartasından görünür ki, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı hərbi xidmətə yararlı hesab edilərək xx.xx.N2-ci il tarixdə Binəqədi rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılmış, xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək N saylı hərbi hissədə sanitar, xx.xx.N4-cü il tarixən xx.xx.N6-cı il tarixədək N saylı hərbi hissədə manqa komandiri, xx.xx.N6-cı ildən xx.xx.N6cı il tarixədək N saylı hərbi hissədə sürücü olaraq xidmət keçmişdir. xx.xx.N6-cı ildən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X3 Azər Qəşəm oğluna ünvanlanmış xx.xx.2017-ci il tarixli 9/2-7402 №-li məktubunda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli N №-li əmrilə ( əsas -1, səhifə-25, sıra 14) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuş və “sıravi” hərbi rütbəsi verilərək tibb məntəqəsində sanitar vəzifəsinə təyin olunmuşdur. Qərargah rəisinin sərəncamına əsasən xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş komendant tağımının atıcısı sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxx N3-cü il tarixli N №-li əmrilə (əsas 2, səh-11) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixdən xx xxx N3-cü ilədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezamiyyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2-10066 №-li xx.xx.2020-ci il tarixli arayışda göstərilir ki, Bakı şəhəri Binəqədi rayon RHK-dan hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N №-li ( əsas: §-1, səh-25, sıra 14) hərbi hissənin şəxsi heətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” rütbəsi verilərək tibb məntəqəsində sanitar vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 44 №-li əmrilə (əsas: §-5, sıra-3, əmrdə atasının adı “Qəşim” yazılmışdır) sıravi İddiaçı Qəşim oğlu xx.xx.N2-ci il tarixdən hərbi hissənin komendant tağımında atıcı vəzifəsinə təyin olunmuşdur. Xidmətini davam etdirmək üçün komendant tağımının atıcısı, sıravi İddiaçı N №-li hərbi hissəyə keçirildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə (əsas: §-2, səh-11) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N3-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgələrinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N3-N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 31 №-li əmrilə (əsas:§-2, səh-28, sıra-1, atasının adı “Qəşim” yazılmışdır) sıravi İddiaçı Qəşim oğlugəlmiş hesab edilmişdir. Avtomobil tağımının sürücüsü, kiçik çavuş İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyinə görə N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 74 №-li əmrilə ( əsas: §-4, səh-35, sıra 57) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmşdır. N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 82 №-li əmrilə ( əsas: §-8, səh-32, sıra 14) kiçik çavuş İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq avtomobil tağımında sürücü vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli əmrinə müvafiq olaraq xidmət müddəti başa çatdığına görə, avtomobil tağımının sürücüsü, çavuş İddiaçı ehtiyata təxris olunduğu üçün N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 154 №-li əmrilə ( əsas: §-5, səh - 2) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılaraq qeydiyyata düşmək üçün Bakı şəhəri Binəqədi RHK-na göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2016-cı il tarixli 9/2-10693 №-li və xx.xx.2017-ci il tarixli 9/2-74002 №-li məktublarla İddiaçı ünvanına xidməti barədə arxiv arayışı göndərilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 1/E-984 №-li xx.xx.2020-ci il tarixli məktubda müraciətçiyə bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2017-ci il və təkrar xx.xx.2017-ci il tarixli iclaslarında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Xidmət etdiyi hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. “Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Bu səbəbdən də iddia sübüta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar