Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-681/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Publik hüquqi şəxs X2 anestezist vəzifəsində çalışır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Publik hüquqi şəxs X3 baş direktorunun 248K nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycanın cəbhə bölgəsində yaranmış vəziyyət ilə əlaqədar olaraq işlədiyi tibb müəsisəssindən ezam edilmişdir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əmaliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəsissələrinin fasiləsiz rejimdə təmin olunmasında yaralılara tibbi yardımın təşkilində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əmaliyyatları zamanı yaralılanmış hərbi qulluqçulara göstərdiyim tibbi yardım ilə və vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində Fəxri Fərmanla və N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2022-ci il tarixli Fəxri Fərmanla təltif edimişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı bir zamanda xidməti vəzifələrimi yerinə yetirdiyi üçün ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 127s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verildiyi üçün rəsmi müraciət etsə də, ona müharibə veteranı statusu verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçı tərəfə hüquqi yardım göstərilərək, qanunvericiliyin tələbləri izah edilmiş və hazırkı iddia tələbinin əsl olmayan cavabdehə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) qarşı yönəldildiyini bildirilmişdir. Növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbardar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmədklərinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsidir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldilmişdir. Belə ki, iddiaçı tələbindən görünür ki, iddiaçı ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Publik hüquqi şəxs X3 baş direktorunun 248K nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycanın cəbhə bölgəsində yaranmış vəziyyət ilə əlaqədar olaraq işlədiyi tibb müəsisəssindən ezam edilmişdir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əmaliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəsissələrinin fasiləsiz rejimdə təmin olunmasında yaralılara tibbi yardımın təşkilində iştirak etmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Publik hüquqi şəxs X3 baş direktorunun 248K nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Siyahıda adları çəkilən X3 tibb işçiləri tibbi xidmət göstərmək məqsədi ilə aşağıdakı tarixlərdən cəbhə bölgəsində ezam olunsunlar: - İddiaçı -"Anesteziologiya-reanimasiya və intensiv terapiya" şöbəsinin anestezisti (xx.xx.2020-ci il tarixindən) İş materiallarında olan X3 77 nömrəli xx.xx.2020-ci il tarixli Ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı cəbhə bölgəsinə (Gəncə şəhəri, 1 saylı A.Səhhət adına xəstəxanaya) ezam olunmuşdur. Göründüyü kimi, iddiaçı tibb işçisi olaraq səhiyyə orqanı tərəfindən işlədiyi X1 Gəncə şəhərində yerləşən digər tibb müəssisəsinə (Gəncə şəhəri, 1 saylı A.Səhhət adına xəstəxanasına) ezam olunmuşdur. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar və ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən hər hansı hərbi hissəsində xidmət göstərməsi ilə əlaqədar ezam olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin “Əsasnamə”nin əsasən 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmadığından, həmçinin iddiaçı döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar və ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin döyüş əməliyyatını aparan hər hansı hərbi hissəsinə və ya orqanına ezam olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəldilmiş hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi cavab verməli orqana qarşı yönəlmədiyindən, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılığının olmasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev